“Paşinyan Rusiyadan uzaqlaşırmış kimi görünür, amma Kreml hələ də oyundadır” - Kənan Novruzov

“Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi ilə bağlı gözləntilər ondan ibarət idi ki, Ermənistan tədricən Rusiyadan uzaqlaşacaq və Qərbə yaxınlaşacaq. Çünki onu hakimiyyətə gətirən qüvvələrin məqsədi də məhz bu idi: Ermənistanı Rusiya təsirindən çıxarıb, Qərbin bölgədəki dayağına çevirmək. Bu kontekstdə Qərb müəyyən qədər məqsədinə çatdı. Müşahidələr göstərir ki, Ermənistan, Paşinyan rəhbərliyi altında Rusiyadan uzaqlaşmağa başlayıb. Lakin mənə elə gəlir ki, bu uzaqlaşma bəzi dairələrin təqdim etdiyi qədər ciddi deyil. Məsələn, Paşinyan 2020-ci il müharibəsindən sonra Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bir neçə dəfə sərt şəkildə tənqid etdi, hətta məğlubiyyətin məsuliyyətini Rusiyanın dəstək verməməsi ilə əlaqələndirdi. Təbii ki, bu kifayət qədər kəskin bəyanatlar idi. Amma buna baxmayaraq, Paşinyan hələ də hakimiyyətdədir. Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə münasibətlər davam edir – iqtisadi və ticarət əlaqələri hələ də mövcuddur və kifayət qədər aktivdir. Bu da göstərir ki, münasibətlər tam şəkildə pozulmayıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Cənubi Qafqaz regionunda baş verən son siyasi proseslər bir sıra maraqlı dəyişiklikləri gündəmə gətirir. Xüsusilə Ermənistanın xarici siyasətində müşahidə olunan yeni kurs onun Rusiya və İranla ənənəvi münasibətlərinə təsir göstərməkdədir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə verdiyi müsahibədə bildirib ki, qonşu ölkələrin digər aktorlarla münasibətləri İrana qarşı yönəlməməlidir. O, həmçinin qeyd edib ki, Ermənistan bu mühüm prinsipi çox yaxşı anlayır.

Siyasi şərhçinin fikrincə, diqqətçəkən məqamlardan biri budur ki, Rusiya istəsə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və ya ona qarşı sui-qəsd təşkil etməkdə çətinlik çəkməzdi.

“Rusiya bunu rahatlıqla edə bilərdi. Amma əksinə, biz görürük ki, münasibətlər formal da olsa davam edir. Bu isə o ehtimalı gücləndirir ki, tərəflər arasında gizli bir razılaşma mövcuddur. Yəni, elə bir görüntü yaradılır ki, guya Ermənistan Rusiyadan uzaqlaşır, amma bu fon vasitəsilə həm Qərbdən maliyyə və siyasi dəstək almaq mümkün olur, həm də Rusiyaya qarşı tam açıq mövqe nümayiş etdirilmir. Beləliklə, Ermənistan eyni zamanda hər iki tərəflə müəyyən dərəcədə balansı qorumağa çalışır. Bu kontekstdə İranın son bəyanatını da nəzərə almaq lazımdır. Son dövrlərdə Cənubi Qafqazda ciddi və dinamik proseslər başlayıb. Bu proseslərin əsas hissəsi Ermənistanla Azərbaycan arasında normallaşma cəhdləri ilə bağlıdır. Bu normallaşma və yaxınlaşma isə bölgədə marağı olan bir çox aktoru narahat edir. Onların sırasında Rusiya və İran da var. Hər iki ölkə bu proseslərə ehtiyatla yanaşır. Ümumiyyətlə, həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də Şərqi Avropada baş verən hadisələr, Rusiyaya və İrana qarşı yönələn təzyiqlər bu iki ölkənin maraqlarını bir-birinə daha da yaxınlaşdırır. Onlar indi daha koordinasiyalı şəkildə hərəkət etməyə başlayıblar. İranın son bəyanatı da bu baxımdan qiymətləndirilə bilər – bölgədə, xüsusilə Ermənistan məsələsində Rusiyanın diktəsindən kənar addımlar atmaq istəyən qüvvələrə bir xəbərdarlıq xarakteri daşıyır”.

Siyasi şərhçi əlavə edib ki, digər tərəfdən, Ermənistan artıq əvvəlki Ermənistan deyil:

“Keçmiş prezidentlər – Robert Koçaryan və Serj Sarkisyan dövründə Ermənistanın Rusiya ilə münasibətləri daha yaxın və asılı xarakter daşıyırdı. Amma bu gün vəziyyət dəyişib. Rusiya ilə münasibətlərdə müəyyən gərginlik var. Amma bu gərginlik də təqdim olunduğu qədər kəskin deyil. Əgər vəziyyət həqiqətən də bu qədər gərgin olsaydı, Rusiya Paşinyana qarşı artıq çoxdan müəyyən addımlar atmış olardı. Deməli, münasibətlərdə hələ də müəyyən səviyyədə dialoq və qarşılıqlı maraq qorunur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az