- Siyasi müzakirə
- 20:42
- 1 699
“Azərbaycan yol istəyir, yoxlama yox” - Zeynal Əmrəliyev

“İran bu məsələ ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Ermənistan rəsmiləri ilə görüşlər zamanı İran nümayəndələri açıq şəkildə bildiriblər ki, Zəngəzur dəhlizi ilə bağlı, ümumiyyətlə Qərbin regionda artan təsirindən ciddi narahatdırlar. Bu məsələ İran və Ermənistan arasında birbaşa müzakirə olunmalıdır. Çünki regiona Qərb qüvvələrinin gəlməsinə şərait yaradan məhz Paşinyan hökumətidir. Rəsmi İrəvan Qərblə, xüsusilə də ABŞ-la bu istiqamətdə əməkdaşlıq edir. Məlum olduğu kimi, ABŞ artıq Ermənistan ərazisində hərbi qüvvələr yerləşdirib. Brüsseldə imzalanan razılaşmadan sonra sərhəd patrul dəstələrinin Ermənistana göndərilməsi bunun bariz nümunəsidir. Bayden administrasiyası dövrünün sonuna yaxın ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı razılaşma da imzalanıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Qeyd edək ki, İran ABŞ-ın Zəngəzur dəhlizi layihəsində iştirakından narahatdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi açıqlama verib. “Regionun bütün dövlətləri başa düşməlidirlər ki, üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə müdaxiləsinə yol verilməyəcək. Bu cür müdaxilə vəziyyəti yalnız daha da çətinləşdirəcək və region ölkələrinin maraqlarına zidd olacaq”, – deyə o bildirib.
Siyasi şərhçi bildirib ki, Avropa İttifaqının müşahidə missiyası adı altında fəaliyyət göstərən qurumun əslində kəşfiyyat-diversiya xarakterli fəaliyyət göstərdiyi iddia olunur.
“Bu qruplar, bir tərəfdən Azərbaycan sərhədini müşahidə edirlər, digər tərəfdən isə əsas məqsədlərindən biri də İran ərazisində baş verənləri izləməkdir. İran bütün bunları müşahidə edir və buna görə də Ermənistanı xəbərdar etməlidir: əgər regionda Qərbin hərbi və kəşfiyyat qüvvələrinin yerləşdirilməsini istəmirsə, bu məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür və məsələnin Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi açıqdır və dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Azərbaycanın tələbi yalnız qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsinin bərpa olunmasıdır. Burada əsas məqsəd vətəndaşlarımızın həmin dəhliz vasitəsilə maneəsiz hərəkət etməsinin təmin olunmasıdır. Yəni Azərbaycan vətəndaşları bu dəhlizdən istifadə edərkən Ermənistan, üçüncü ölkələr, beynəlxalq təşkilatlar və ya hər hansı hərbi qurum tərəfindən yoxlamalara məruz qalmamalıdır. Azərbaycan üçün əsas məsələ budur. Ermənistan bu yolun tikintisində kiminlə əməkdaşlıq edir, kimə icarəyə verir və ya başqa necə istifadə edir – bu artıq Ermənistanın daxili işidir. Azərbaycanın marağı sadəcə olaraq maneəsiz və təhlükəsiz hərəkətin təmin olunmasıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az