- Siyasi müzakirə
- 20:46
- 1 731
“Azərbaycan Ukraynaya yalnız sözlə deyil, əməli dəstək verir” - Mübariz Göyüşlü

“Hesab edirəm ki, Azərbaycan və Ukrayna arasında münasibətlər hər zaman normal və qarşılıqlı hörmət əsasında qurulub. Bu əlaqələrdə heç bir vaxt vasitəçilərə ehtiyac olmayıb. Prezident İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında da birbaşa dialoq mövcuddur və münasibətlər şəffaf şəkildə, qarşılıqlı anlayışla inkişaf edir. Ukrayna ilə münasibətlərimiz əvvəllər necə idisə, indi də o cür davam edir — dostcasına və səmimi. Baxmayaraq ki, Rusiya da daxil olmaqla bəzi “banan dövlətlər” bu münasibətlərin inkişafından narahatlıq keçirirdi, Azərbaycan öz müstəqil siyasətini yürüdərək heç bir təzyiqə məruz qalmadan Ukrayna ilə əlaqələrini qoruyub saxladı. Biz bu münasibətləri yalnız sözlə deyil, əməli dəstəklə də nümayiş etdirdik”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov Bakı və Kiyev arasında əməkdaşlığın getdikcə gücləndiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna lideri arasında birbaşa və vasitəçisiz əlaqə mövcuddur. Danilov hesab edir ki, bu dinamika regionda geosiyasi rolların dəyişməsindən xəbər verir: Rusiya zəifləyir, Azərbaycan isə mövqelərini gücləndirir. Bakı ilə Moskva arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Kiyevdən səslənən bu cür bəyanatlar xüsusi diqqət doğurur. Hətta Kreml rəsmiləri Ukraynanı Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə müdaxilə etməkdə ittiham etmişdilər.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra bəzi dairələr Azərbaycan ilə Ukrayna arasındakı münasibətləri sarsıtmaq üçün təxribat xarakterli açıqlamalarla çıxış ediblər.
“Müxtəlif beynəlxalq platformalarda, o cümlədən açılış mərasimlərində və tədbirlərdə bu münasibətləri hədəf alan çıxışlar oldu. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlər bu gün də möhkəm şəkildə davam etdirilir. Azərbaycan Ukraynanın ən çətin dövrlərində humanitar yardımını əsirgəməyib. Müharibə şəraitində olan Ukraynaya müxtəlif sahələrdə dəstək göstərilib və bu, sadəcə taktiki yox, strateji tərəfdaşlıq nümunəsidir. Moskvanın zaman-zaman verdiyi sərt və ya quru bəyanatlara baxmayaraq, Bakı və Kiyev arasında siyasi və iqtisadi əməkdaşlıq pozulmayıb. Bu, onu göstərir ki, münasibətlər dərin təməl üzərində qurulub və üçüncü qüvvələrin təzyiqlərinə tab gətirə bilir. Düşünürəm ki, gələcəkdə də Azərbaycan–Ukrayna əlaqələri daha da inkişaf edəcək. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə əməkdaşlıq genişlənəcək və bu münasibətlər hər iki xalqın maraqlarına xidmət edəcək şəkildə davam edəcək. İki ölkə arasında etimad mühiti yüksək səviyyədədir və bu, regionda nadir hallarda rast gəlinən uğurlu diplomatik nümunələrdən biridir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az