“ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə keçə bilər” - Azər Məsiyev

“Azərbaycan xarici siyasət taktikasında balanslaşdırılmış siyasətə üstünlük verir. Bu siyasət həm iqtisadi, həm də siyasi müstəvidə həyata keçirilir. Azərbaycan həm Şimalla, həm Cənubla, həm Şərqlə, həm də Qərblə maraqları balanslaşdırmağa çalışır. Azərbaycan böyük güclərin alətinə çevrilmir və bu baxımdan Qoşulmama Hərəkatının üzvü olaraq neytral mövqe tutur. Ölkə milli və dövlət maraqlarını əsas götürərək, qlobal güclərin maraqları fonunda sabit və prinsipial siyasət həyata keçirir. ABŞ dünyanın həm siyasi, həm də iqtisadi sistemində ciddi təsir gücünə malikdir və bu da Azərbaycan üçün nəzərə alınmalı bir faktor kimi çıxış edir. Təbii ki, Azərbaycan ABŞ ilə də münasibətlərini balanslaşdırmağa çalışır. Tramp hakimiyyətindən əvvəl, Bayden administrasiyası dövründə ABŞ-ın Azərbaycana qarşı qərəzli davranışlarının şahidi olmuşuq. Baydenin hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində müəyyən soyuqluq müşahidə edilirdi. ABŞ, Cənubi Qafqaz siyasətində Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaq üçün ondan vasitə kimi istifadə etmək niyyətində idi. Azərbaycan isə bu proseslərə neytral mövqe ilə yanaşır və qonşularla dinc və mehriban şəraitdə yaşamaq prinsipinə sadiq qalır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər edib. Bu səfər çərçivəsində, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirməsi planlaşdırılır. Görüşlərin Vaşinqtonda – dünyanın aparıcı siyasi mərkəzlərindən birində baş tutması, həm regionda dəyişən geosiyasi balansı, həm də Qərbin Cənubi Qafqazda sülh prosesinə artan marağını nümayiş etdirir.

Siyasi şərhçi bildirib ki, Azərbaycan qonşu ölkələrlə münasibətlərində üçüncü tərəflərin müdaxiləsinə yol vermir.

“Bayden dövründə ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyi həm Konqresdə keçirilən dinləmələrdə, həm də “907-ci düzəliş” vasitəsilə özünü göstərdi. Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərildi. Amma Azərbaycan bu təzyiqlərə adekvat cavablar verdi. Trampın hakimiyyətə gəlişi ilə həm regional, həm də qlobal müstəvidə yeni bir geosiyasi vəziyyət formalaşdı. Bu kontekstdə ABŞ Cənubi Qafqazda öz iqtisadi maraqlarını təmin etməyə çalışır. Məlumdur ki, Zəngəzur dəhlizinə nəzarət məsələsi ABŞ-ın da diqqət mərkəzindədir. ABŞ bu dəhlizə nəzarət etməklə qlobal iqtisadi sistemə təsir imkanları qazanmağa çalışır. Bu səbəbdən də Zəngəzur dəhlizi ABŞ-ın bölgədəki strateji maraqlarından birinə çevrilib. Zəngəzur dəhlizinə nəzarət etmək istəyən ABŞ, bu istiqamətdə Azərbaycanla münasibətlərini normallaşdırmağa maraqlıdır. Çünki Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması yalnız Azərbaycanın irəli sürdüyü şərtlər əsasında mümkündür. Azərbaycanın maraqları nəzərə alınmadığı halda, Ermənistanın bu infrastrukturdan istifadəsi sual altına düşə bilər. Bu da Ermənistanın qlobal iqtisadi sistemə inteqrasiyasını ləngidə bilər. ABŞ, Ermənistanı Rusiyanın təsirindən çıxarmaq üçün onunla iqtisadi əlaqələri genişləndirməyə çalışır. Bu baxımdan Ermənistanın dünya bazarına çıxışı üçün dəmir yolu və nəqliyyat infrastrukturlarının açılması prioritet məsələdir. Amma bu məsələdə də Azərbaycan öz maraqlarını diktə edir. Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün Azərbaycanın şərtləri nəzərə alınmalıdır. ABŞ-ın Cənubi Qafqazda, xüsusilə Zəngəzur dəhlizində maraqlarını təmin etməsi Azərbaycanla münasibətlərdən asılıdır. Bu baxımdan Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş həm regional, həm də qlobal geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinə nəzarət etmək imkanı olan tərəf, eyni zamanda qlobal iqtisadi sistemə də təsir imkanına malik olacaq. Amma məsələ təkcə Ermənistan-Azərbaycan münasibətləri ilə məhdudlaşmır. Burada Rusiya faktoru da önəmlidir. 10 noyabr Bəyanatının müddəalarından biri Rusiya sülhməramlılarının Zəngəzur dəhlizinə nəzarətini nəzərdə tutur. Rusiya da bu dəhlizi öz strateji planlarının bir hissəsi kimi görür”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya Cənub Cinahını aktivləşdirmək və Cənubi Qafqazda təsir imkanlarını artırmaq məqsədilə Zəngəzur dəhlizinə nəzarət etməyə çalışır:

“Əgər bu dəhlizə Rusiya nəzarət edərsə, demək, bölgədə söz sahibi olacaq və qlobal iqtisadi proseslərə təsir imkanına malik olacaq. Zəngəzur dəhlizi Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Çünki bu dəhliz vasitəsilə Azərbaycan üzərindən Türkiyəyə birbaşa dəmir yolu bağlantısı qurulur. Beləliklə, Zəngəzur dəhlizi böyük güclər – ABŞ və Rusiya – arasında geopolitik rəqabət meydanına çevrilib. Bu kontekstdə Azərbaycan öz maraqlarını qoruyur və heç bir güc mərkəzinə tabe olmur. Kim Azərbaycanın şərtlərini qəbul edirsə, onunla əməkdaşlıq olunur. Hazırda Ermənistanda baş verən proseslər göstərir ki, ölkə böyük bir siyasi təlatüm ərəfəsindədir. Rusiya çalışır ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb, yeni hakimiyyətlə Zəngəzur dəhlizinə nəzarəti təmin etsin. Geosiyasi baxımdan bölgədə ciddi gərginlik mövcuddur və bu gərginlik müəyyən dərəcədə Azərbaycana da təsir göstərir. Azərbaycan-Rusiya münasibətlərində son vaxtlar müşahidə olunan gərginlik də bu proseslərin tərkib hissəsidir. Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə münasibətləri müxtəlif maraqlar üzərində qurulub. ABŞ dünyada birqütblü siyasət həyata keçirmək və Rusiyanı Cənub Cinahından sıxışdırmaq niyyətindədir. Bu fonda Rusiya da Cənubi Qafqaz ölkələrini təsir dairəsində saxlamağa çalışır. Belə bir şəraitdə Azərbaycan neytral mövqeyini qoruyur və balanslı siyasət yürüdür. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq qalaraq, üçüncü tərəflərə imkan vermir ki, bu əlaqələri pozsun. Azərbaycanın neytrallıq siyasəti prioritet olaraq qalır. Azərbaycan həm Şimalla, həm Cənubla, həm Şərqlə, həm də Qərblə, həm siyasi, həm də iqtisadi maraqlarını uzlaşdırmağa çalışır. 2022-ci ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq sazişi imzalanıb. Bu sənəd iki dövlət arasında münasibətlərin inkişafına xidmət edir”.

Siyasi şərhçi daha sonra qeyd edib ki, Azərbaycan, eyni zamanda, cənub qonşusu İranla da strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətindədir:

“Son zamanlar Azərbaycan və İran prezidentləri arasında dostluq münasibətləri yaranıb ki, bu da ölkələr arasında siyasi maraqların uyğunlaşdırılmasına şərait yarada bilər. Azərbaycan Avropa ilə əməkdaşlığı da genişləndirir. Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə 10-dan çox dövlətlə enerji sahəsində sazişlər imzalanıb. Bu, Azərbaycanın Avropa ilə iqtisadi maraqlarını da uzlaşdırdığını göstərir. Azərbaycanın qlobal səviyyədə çoxşaxəli və çoxistiqamətli siyasət həyata keçirməsi ölkədə sabitlik yaradıb və bu sabitliyin qorunması vacibdir. Hazırda ABŞ-Azərbaycan arasında başlanan yeni əməkdaşlıq və dialoq prosesləri yeni bir mərhələnin başlanğıcı ola bilər. Əgər ABŞ öz maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırarsa, Ermənistana qarşı qərəzli yanaşmalardan imtina edərsə, bu, konstruktiv əməkdaşlığa zəmin yarada bilər. Əks halda, Azərbaycan bu siyasətə əvvəlki illərdə olduğu kimi adekvat reaksiyalar verəcək. Trampın yeni siyasəti regionu iqtisadi maraqlar müstəvisinə salmağa çalışır. Əsas məqsəd strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinə nəzarəti təmin etməkdir. Lakin Azərbaycanın şərtləri qəbul olunmadan bu dəhlizin işlək vəziyyətə gəlməsi mümkün deyil. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir. Orta Dəhlizin bir hissəsi Gürcüstan üzərindən keçir, lakin bu marşrut tam səmərəli deyil. Əgər Zəngəzur dəhlizi reallaşarsa, Orta Dəhlizin əsas işlək qolu ola bilər. Bu da Orta Asiya və Uzaq Şərqdən Avropaya yüklərin Türkiyə üzərindən birbaşa dəmir yolu vasitəsilə çatdırılmasını mümkün edəcək. Beləliklə, bu dəhlizə kim nəzarət edirsə, dünyanın iqtisadi sisteminə təsir gücünə malik olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az