“Tramp müharibəni dayandırmaqla tarixə düşmək istəyir” - Rəşad Bayramov

“Trampın Rusiya–Ukrayna müharibəsinə baxışı və ümumiyyətlə, müharibənin dayandırılması ilə bağlı mövqeyi həm səmimi istəklərə, həm də şəxsi maraqlara söykənir. Səmimi istək ondan ibarətdir ki, bu müharibə hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub, böyük infrastruktur dağıntılarına və şəhərlərin viran olmasına səbəb olub. Müharibənin dayandırılması Tramp üçün real və səmimi niyyət kimi görünə bilər. Lakin bu yanaşmada şəxsi maraqlar da açıq şəkildə özünü göstərir. Tramp, müharibənin dayandırılması ilə adını tarixə yazmaq və seçkiqabağı verdiyi vədləri yerinə yetirən bir lider kimi çıxış etmək istəyir. O, müharibəni dayandıracaq prezident imici formalaşdırmaqla mövqeyini möhkəmləndirməyə çalışır. Eyni zamanda, bu məsələni ABŞ-ın iqtisadi maraqları kontekstində qiymətləndirir. Məlumdur ki, ABŞ ilə Ukrayna arasında nadir faydalı qazıntılarla bağlı saziş imzalanıb. Bu saziş Ukraynanın təbii ehtiyatlarına çıxış imkanlarını nəzərdə tutur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşü “son dərəcə məhsuldar” adlandırıb. “Bəzi Avropa müttəfiqlərimizi də məlumatlandırdım. Hər kəs razılaşır ki, bu müharibəyə son qoyulmalıdır. Qarşıdakı günlər və həftələr ərzində bu istiqamətdə səylərimizi artıracağıq”, – deyə Tramp bildirib.

Siyasi şərhçi qeyd edib ki, müharibə davam etdikcə həmin sazişdən iqtisadi fayda əldə etmək mümkün deyil.

“Odur ki, ABŞ müharibənin tez bir zamanda dayandırılmasında maraqlıdır. Çünki heç bir normal şirkət bombardman altında olan əraziyə investisiya qoyub gəlir əldə etməyi planlaşdırmaz. Yəni qeyd edilən hər iki amil – həm səmimi istək, həm də şəxsi maraqlar – Trampın bu məsələyə münasibətində mövcuddur. Lakin əsas problem ondadır ki, Trampın müharibənin dayandırılması ilə bağlı fəaliyyətində ardıcıllıq və qətiyyət müşahidə olunmur. Məsələn, o, əvvəlcə 50 günlük müddət verir, sonra bunu 12 günə endirir, eyni zamanda isə Rusiya sərhədlərinə atom sualtı qayıqlar göndərir. Paralel olaraq nümayəndəsi Sayrus Vəns Utkofu danışıqlar üçün Moskvaya göndərir. Eyni vaxtda Hindistan və Çin kimi ölkələrə Rusiyadan neft alışını dayandırmaqla bağlı çağırış edir. Bir gün sonra isə bəyanat verir ki, Putinlə aparılan danışıqlar məhsuldar olub və sülhə nail olunması ehtimalı artıb. Bu ziddiyyətli və dəyişkən mövqelər, eyni zamanda Ukraynaya birbaşa dəstəyi azaltmaq, məsuliyyəti Avropa İttifaqı və NATO-nun üzərinə qoymaq cəhdləri göstərir ki, Tramp hələlik bu istiqamətdə ardıcıl və qətiyyətli mövqedə deyil”.

Siyasi şərhçi əlavə edib ki, əgər həqiqətən qətiyyətli bir siyasətdən danışmaq mümkün olacaqsa, bu yalnız Ukraynaya fəal dəstək göstərilməsi, o cümlədən hücum silahlarının verilməsi, siyasi və maliyyə yardımının artırılması və eyni zamanda Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə mümkün ola bilər:

“Hətta bu dəstək NATO və Avropa İttifaqı ilə razılaşdırılmış formada həyata keçirilsə belə – yəni ABŞ silahı təmin edir, xərcləri isə Avropa qarşılayır – bu, artıq daha qətiyyətli mövqenin göstəricisi ola bilər. Hazırkı vəziyyətdə isə ABŞ-ın mövqeyi daha çox zaman qazanmağa və bu müddətdə həm Rusiyaya, həm də Ukraynaya təzyiq imkanlarını əlində saxlamağa hesablanıb. Bu da nəticə etibarilə sülhə aparan prosesi uzadır və qeyri-müəyyənlik yaradır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az