- Siyasi müzakirə
- 8 Avqust 15:36
- 2 372
Həşim Səhrabli: “Moskva sülh təşəbbüslərindən uzaqlaşdırılmasını qəbul edə bilmir”

“Əvvəlcə özümüzə bu sualı verməliyik: Rusiya Cənubi Qafqazda bölgə dövlətlərinin müstəqil xarici siyasət yürütməsinə müdaxilə etmək üçün bəhanəyə ehtiyac duyurmu? Cavab birmənalı şəkildə budur ki, duyur. Çünki Rusiya tarixi boyunca, istər çar Rusiyası dövründə, istərsə də SSRİ və post-sovet mərhələsində Cənubi Qafqaza işğalçı və hegemon yanaşma ilə çıxış edib. Əvvəl çar Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini və digər Qafqaz respublikalarını işğal etdi. Sonrakı illərdə də müxtəlif vasitələrlə bölgədə öz təsirini qorumağa çalışdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə Rusiya anlayırdı ki, artıq Cənubi Qafqazı əvvəlki kimi əsarət altında saxlamaq mümkün olmayacaq. Nəticədə münaqişəli bölgələr yaradıldı – Ermənistanın Azərbaycana qarşı 1990-cı illərdə başladığı işğalın arxasında Rusiyanın dayandığı bəllidir. Hətta 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinə Rusiya hərbi müdaxiləsi bu siyasətin davamı idi. 2020-ci il isə Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi ilə bölgədə yeni reallıq yarandı”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Donald Tramp sülhpərvər siyasət yürüdür. Onun sözlərinə görə, Tramp administrasiyası Hindistan–Pakistan və Kamboca–Tailand arasındakı münaqişələrin dinc yolla həllinə nail olub və indi növbə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə çatıb.
Siyasi şərhçi bildirib ki, bu reallıqda Rusiya artıq bölgədə sülh təşəbbüslərindən kənarlaşdırılıb.
“Bunun ən bariz nümunəsi isə bu gün ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək sülh görüşüdür. Moskva bu prosesi qısqanclıqla izləyir və bu sülh təşəbbüslərindən uzaqlaşdırılmasını qəbul edə bilmir. İndi Rusiya Azərbaycanın müstəqil xarici siyasətini hədəf almağa hazırlaşa bilər. Rusiyanın Cənubi Qafqaz siyasəti yalnız hərbi deyil, həm də iqtisadi, siyasi və informasiya müstəvisində özünü göstərə bilər. Anti-Azərbaycan ritorikası, iqtisadi təzyiqlər, təxribatlar – bütün bu ssenarilər istisna olunmur. Amma bu dəfə vəziyyət fərqlidir. Azərbaycan artıq Türkiyə ilə yaxın hərbi və siyasi əlaqələrə malikdir, Çinlə güclü əməkdaşlıq qurub, Avropa ölkələri ilə enerji sahəsində əlaqələrini artırıb və ABŞ-la da münasibətlərini inkişaf etdirir. 907-ci düzəlişin aradan qaldırılması məsələsinin də gündəmdə olması, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasından xəbər verir. Bütün bunlar Rusiya üçün Cənubi Qafqazda yaranan yeni balansı təhlükə kimi göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Orta dəhliz vasitəsilə Mərkəzi Asiya resurslarının daşınması və Qafqazdakı nüfuzunun artması Rusiyanın planlarını pozur. Bu baxımdan, Vaşinqton görüşündən sonra Rusiyanın Azərbaycana qarşı müxtəlif təxribatlara əl atacağı istisna edilmir. Hər bir sahədə mümkün təzyiqlərə qarşı Azərbaycan dövləti həm ehtiyatlı, həm də hazırlıqlı olmalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az