- Siyasi müzakirə
- 17:10
- 1 620
Azər Həsrət: “Xalq diplomatiyasından geniş istifadə olunmalıdır”

“Bir qayda olaraq, bu cür məsələləri zamanın ixtiyarına buraxmaq lazımdır. Çünki hadisələrin “isti-isti” baş verməsindən sonra xalqların arzulanan səviyyədə yaxınlaşması dərhal mümkün olmur. Ən azından, biz şəhidlər vermişik, Ermənistan tərəfi də itkilər yaşayıb. Yaralar hələ təzədir, hər iki cəmiyyət bu ağrıları yaşayır və belə bir şəraitdə intensiv yaxınlaşma real görünmür. Ancaq bu, o demək deyil ki, biz əbədi düşmən olaraq qalacağıq və bu iki xalq daim bir-birinə qarşı müharibə aparacaq. Tarixdə də bu cür qarşıdurmalar yaşanıb. Ermənilər zamanında torpaqlarımızı işğal edib, insanlarımızı yurd-yuvalarından qovublar. Hələ Qərbi Azərbaycan məsələsi də tam həll olunmayıb. Belə həssas məqamlar mövcudkən xalqlar arasında yaxınlaşmanın qısa zamanda baş verməsi asan deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin yekun sülhə nail olmaq məqsədilə prosesi fəallaşdırması münasibətlərin normallaşması baxımından ümid doğuran addım kimi dəyərləndirilir. Bununla yanaşı, qeyd olunur ki, dövlətlərarası danışıqlarla yanaşı, ictimai diplomatiyanın – yəni xalqlar arasında qarşılıqlı etimadın formalaşdırılmasının da mühüm əhəmiyyəti var. Hazırda siyasi rəhbərlik səviyyəsində müəyyən razılaşmalar əldə olunsa da, cəmiyyətlər arasında düşmənçilik münasibətləri hələ də qalmaqdadır. Sülh sazişinin imzalanmasından sonra isə bu münasibətlərin dəyişməsi, xalqlar arasında dialoqun qurulması və yeni əlaqələrin təşəkkül tapması əsas hədəflərdən biri olmalıdır.
Siyasi şərhçi bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra proseslərin təbii şəkildə irəliləyəcəyi qənaətindədir.
“Hazırda Vaşinqtonda sülh müqaviləsi ilə bağlı çərçivə sənədinin paraflanacağı bildirilir. Bu sənəd yekun şəkildə imzalanarsa, mərhələli şəkildə kommunikasiyalar açılacaq, yollar və nəqliyyat əlaqələri bərpa olunacaq, diplomatik münasibətlər qurulacaq və səfirliklərin açılması istiqamətində addımlar atılacaq. Bütün bunlar zamanla xalqlar arasında təmasların intensivləşməsinə səbəb olacaq və insanlar keçmişdə ilişib qalmaq əvəzinə gələcəyə baxmağa başlayacaqlar. Nə Azərbaycan, nə də Ermənistan bu bölgədən köçməyəcək. Biz qonşuyuq və burada bir yerdə yaşamalı, dinc yanaşı yaşamağın yollarını tapmalıyıq. Bu səbəbdən münasibətlərin normallaşması vacibdir və bu prosesə mən ümumilikdə nikbin yanaşıram. Əsas problemlər artıq arxada qalıb. Xalqlar arasında yaxınlaşmanı təmin etmək üçün isə xalq diplomatiyasının imkanlarından geniş şəkildə istifadə olunmalıdır. Yeri gəlmişkən, mən özüm də 44 günlük müharibədən öncə belə təşəbbüslərdə iştirak etmişəm. Həmin təşəbbüslər o dövrdə xalqlar arasında etimad yaratmaq üçün ilkin cəhdlər idi. İndi isə əsas problem kökündən həll olunduğu üçün bu təşəbbüsləri bərpa edib, daha sistemli şəkildə etimadın formalaşdırılmasına çalışmaq lazımdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az