- Siyasi müzakirə
- 19:14
- 1 230
Zeynal Əmrəliyev: Vaşinqton görüşləri Fransanın bölgədəki təxribatçı fəaliyyətlərinə son qoydu

“Fransanın məqsədi Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək idi və bu istiqamətdə Ermənistan tərəfinə təsir göstərirdi. Lakin Azərbaycanın tutduğu qəti mövqe və Prezidentin prinsipial siyasəti, eləcə də Bakıda ardıcıl keçirilən konfranslar Fransanın müstəmləkə siyasətinə qarşı təsirli addımlar oldu. Ermənistan isə Fransanın bu mövqeyinə tam dəstək vermədi. Nəticədə, Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Vaşinqtondakı görüşlər Fransanın bölgədəki təxribatçı fəaliyyətlərinə son qoyan əsas addım oldu. Faktiki olaraq, bu təxribatçı fəaliyyətlər yekunlaşdı. Hətta Avropa Şurasının bölgədəki müşahidə missiyası — hansı ki, Makronun təşəbbüsü idi — artıq ehtiyacını itirib və düşünürəm ki, bu missiya regiondan çıxarılmalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ermənipərəst mövqeyi ilə seçilir və bu, onun xarici siyasətində aydın şəkildə görünür. O, çıxışları zamanı və rəsmi bəyanatlarında dəfələrlə Ermənistanın maraqlarını müdafiə edən və onların mövqeyini gücləndirməyə yönəlmiş açıqlamalar verib. Bu münasibət Makronun bölgədəki proseslərdə tərəf tutması kimi qiymətləndirilir və Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsində müəyyən rol oynayıb.
Siyasi şərhçi qeyd edib ki, ümumilikdə Fransanın Cənubi Qafqazdakı rolu artıq əhəmiyyətini itirib.
“ABŞ-ın paytaxtında, dünyanın super gücünün ən yüksək səviyyəli görüşündə, xüsusən Prezident Donald Trumpun iştirakı ilə məsələ əsasən həll olunub. Belə olan halda, digər dövlətlərin fəaliyyətinə ehtiyac qalmır. Əgər ABŞ prosesi dəstəkləyirsə və bölgədə sülh və sabitlik təmin olunubsa — ki, bu da reallıqdır — Azərbaycan və Ermənistan sərhədində uzun müddətdir atəşkəs rejimi qorunur və təxribatlar yoxdur. Bu şəraitdə, Makronun təşəbbüsü ilə bölgəyə gələn müşahidəçilərin nəyi izləməsi sual altındadır, çünki orada atəşkəs pozuntusu yoxdur və konkret razılaşmalar əldə edilib. Fransanın burada həyata keçirəcəyi yeni layihələr də mövcud deyil. Azərbaycanla Ermənistan arasında sülh demək olar ki, əldə olunub, sülh müqaviləsi paraflanıb və imzalanması günlərlə ölçülür. Hazırda Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı məsələlər həllini gözləyir, ehtimal ki, ilin sonuna qədər bu proses tamamlanacaq. Bundan sonra sülh müqaviləsinin imzalanması tamamlanacaq və bölgədə heç bir problem qalmayacaq. Beləliklə, Fransanın bölgədəki fəaliyyəti yekunlaşmış sayılır. Bundan sonra Azərbaycana qarşı münasibətin yumşalması Fransanın qərarından asılıdır. Azərbaycan bütün ölkələrlə, o cümlədən Fransayla münasibətlərin inkişafında hər zaman maraqlı olub. Keçmiş prezidentlər Jacques Chirac, Nicolas Sarkozy, François Hollande dövründə də Azərbaycan-Fransa əlaqələri uğurla qurulub. İndi isə Fransanın atacağı addımlar onun gələcək siyasətini göstərəcək. Azərbaycan isə hər halda, rəsmi olaraq öz mövqeyini ifadə edib və lazım gəldikdə buna adekvat cavab verəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az