- Siyasi müzakirə
- 12 Avqust 19:33
- 1 595
Sədrəddin Soltan: Zəngəzur razılaşması ilə bağlı güzəştləri mühafizəkarlar təhlükə sayır

“1979-cu il İslam İnqilabından sonra İranda siyasi hakimiyyət əsasən iki ideoloji xətt üzrə bölünüb: mühafizəkarlar (sərt xətt tərəfdarları) və islahatçılar (liberal, nisbi açılım tərəfdarları). Bu qarşıdurma ötən onilliklər ərzində davam edib və ölkənin daxili, həm də xarici siyasətinə təsir göstərib. Mühafizəkarlar adətən güclü mövqedə olublar. Onların siyasi gündəmi çox vaxt reallaşır, çünki İnqilab Keşikçiləri Korpusu – SEPAH dövlət strukturlarında mühüm dayaqlara malikdir. SEPAH təkcə hərbi qurum deyil, eyni zamanda iqtisadi və siyasi təsir gücü yüksək olan bir təşkilatdır. Onun mövqeləri çox vaxt İranın regional siyasətinin istiqamətini müəyyənləşdirir”.
Bu fikirləri Aznews.az-a siyasi şərhçi Sədrəddin Soltan deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-da əldə olunan razılaşmaya münasibəti ölkədə birmənalı qarşılanmayıb. O, bu barədə xəbərlərin İran mediasında şişirdildiyini və razılaşdırılan həll yolunun İranın sərhədlərini pozmayacağını bildirib. Prezidentin bu açıqlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) narazılığına səbəb olub. Artıq SEPAH-a bağlı media orqanları Pezeşkianı tənqid edən məqalələr dərc etməyə başlayıblar.
Siyasi şərhçi bildirib ki, hazırkı mərhələdə İranda mühafizəkarlarla islahatçılar arasında mübarizə yenidən güclənib.
“Mövcud prezident Məsud Pezeşkian islahatçı mövqelidir, beynəlxalq münasibətlərdə gərginliklərin diplomatik yollarla həllini dəstəkləyir. O hesab edir ki, əgər müharibə baş verərsə, sonradan tərəfləri danışıqlar masasına qaytarmaq və münasibətləri bərpa etmək çətin olacaq. Bu yanaşma xüsusilə Zəngəzur dəhlizi məsələsində özünü göstərir: Pezeşkian danışıqlar və kompromis tərəfdarıdır. Mühafizəkarlar isə bu mövqeyə qarşı çıxırlar. Onların fikrincə, Zəngəzur dəhlizi ilə bağlı güzəştlər İran üçün təhlükəli ola bilər, çünki bu məsələ həm Azərbaycanın maraqlarına uyğundur, həm də Rusiyanın və digər xarici güclərin təsirinə açıqdır. Bu səbəbdən də mühafizəkar düşərgə məsələyə daha sərt mövqedən yanaşır və güzəştləri yolverilməz sayır. 2025-ci ilin iyununda baş vermiş 12 günlük İran–İsrail hərbi toqquşması isə daxili siyasi mübarizəni daha da kəskinləşdirib. Həmin dövrdə İsrailin hava zərbələri nəticəsində bir neçə yüksək rütbəli iranlı komandan və nüvə alimi həlak olub. Bu hadisə ölkədə geniş müzakirələr doğurub. Rəsmi mənbələr hadisəni İsrailin təxribatı kimi təqdim etsə də, bəzi analitiklər SEPAH-ın zabitlərin təhlükəsizliyini təmin edə bilmədiyini və hərbi hazırlıqda ciddi boşluqlar olduğunu iddia edirlər. Bu kimi tənqidlər rəsmi şəkildə təsdiqlənməsə də, daxili siyasi diskursda mühüm yer tutur. SEPAH-ın rolu bu hadisədən sonra yenidən diqqət mərkəzinə gəlib. Bir tərəfdən, müharibə zamanı və sonrakı mərhələdə onun hərbi potensialı və təsir imkanları ön plana çıxıb, digər tərəfdən, itkilərlə bağlı suallar və məsuliyyət mövzusu gündəmə gəlib. Beləliklə, İranda mühafizəkar-islahatçı qarşıdurması, SEPAH-ın dövlət idarəçiliyindəki çəkisi və Zəngəzur dəhlizi məsələsinə dair fikir ayrılıqları hazırda ölkənin xarici siyasət kursuna və regiondakı mövqeyinə birbaşa təsir göstərən əsas amillərdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az