- Siyasi müzakirə
- 12 Avqust 19:35
- 2 926
Əli Mustafayev: Dəhlizin açılması Rusiya və İranın bölgədəki üstünlüyünü azaldır

“Bu gün dünyada baş verən qlobal proseslər yalnız geopolitik savaş deyil, həm də ticarət yolları uğrunda gedən mübarizədir. Bu baxımdan, Orta Yol üzərində Amerika nə olursa olsun, bu nəzarəti ələ keçirmək istəyirdi və buna nail oldu. Tramp Dəhlizi əslində Çindən Avropaya gedən yolun üzərində Amerikanın nəzarət mexanizmi kimi qiymətləndirilməlidir. Əlbəttə, bu yol işlək vəziyyətə gəldikcə, burada Çin də qazanır. Region ölkələri – Güney Qafqaz və Türküstan dövlətləri də bu prosesdən faydalanır. Bu ölkələrin Avropaya və dünya ticarət şəbəkəsinə qoşulmaq üçün yeni imkanları yaranır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Xatırladaq ki, Cənubi Qafqaz və Orta Asiya arasında yerləşən geniş coğrafiyada artıq bir neçə ildir davam edən “dəhliz diplomatiyası” son Vaşinqton görüşü ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ekspertlər bildirirlər ki, ABŞ Trampın vasitəçiliyi ilə həm iqtisadi, həm də siyasi manevr imkanlarını artırmaqla yanaşı, Mərkəzi Asiyanı Rusiyanın və Çinin təsirindən uzaqlaşdırmaq niyyətini də açıq şəkildə nümayiş etdirir. Bu baxımdan, “Tramp dəhlizi” yalnız regional təşəbbüs deyil, həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə qarşı qlobal yarışın Qafqazdakı cavabıdır.
Siyasi şərhçi bildirib ki, burada Rusiya və İranın maneçilik göstərməsi təbiidir.
“Çünki onlar bu bölgəni dalan vəziyyətində saxlamaqla, onu öz nüfuz dairəsi kimi saxlayırdılar. İndi dəhlizin açılması, Orta Yolun işlək hala gəlməsi onların bölgədəki üstünlüklərini aradan qaldırır. Ona görə də Amerika, qlobal güc kimi, dəhlizə gəlişi ilə öz imkanlarını təmin etdi, üstünlüyünü təsbit etdi və eyni zamanda dəhlizin açılmasına şərait yaratdı. Yəni dəhlizin qarşısındakı maneəni müəyyən qədər aradan qaldırdı. Çin də dəhlizin açılmasında maraqlıdır, çünki bu yolla Çin öz mallarını Avropaya daha rahat, daha qısa müddətdə və daha ucuz qiymətə çatdıra biləcək. Mən düşünürəm ki, Trampın atdığı addımlar həm Amerikanın, həm də Çinin maraqlarına uyğundur. Lakin Amerika dəhlizin üzərində nəzarət mexanizmini əlində saxlayaraq istənilən vaxt Çin yolunun qarşısını ala bilər. Məqsəd yolun bağlanması deyil, yolun işlək vəziyyətdə saxlanması və nəzarət hüququna sahib olmaqdır. Qısacası, Orta Yol üzərində olan dövlətlərin hamısı Vaşinqton görüşünün nəticəsində əldə olunan razılaşmadan faydalanacaq, o cümlədən Çin də”.
Siyasi şərhçi əlavə edib ki, ən çox fayda götürən tərəf Amerika olacaq:
“Güney Qafqaz ölkələrinə gəldikdə isə, Azərbaycan və Ermənistan dəhlizin açılması ilə qazanan tərəf sayılır. Xüsusilə İran və Rusiyanın bu prosesə göstərdiyi reaksiyalar nəzərə alınarsa, Güney Qafqazın bu ölkələrin təsir dairəsindən müəyyən qədər çıxması gözlənilir. Bu isə ümumilikdə Orta Yol ticarətinin və Qərb-Şərq arasındakı yeni münasibətlərin inkişafına şərait yaradır. Bu baxımdan, bu dəhlizdən faydalanan tərəflər çoxdur. Ən önəmlilərini isə Amerika, Azərbaycan, Ermənistan, Türküstan və Çin təşkil edir”.
Rəfiqə Namazəliyeva,
Aznews.az