Aytən Qurbanova: “Vaşinqton görüşü Cənubi Qafqazda sülh müqaviləsi üçün tam şərait yaradıb”

“Vaşinqton görüşü və görüşün nəticələri göstərir ki, Cənubi Qafqaz artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Azərbaycan ilə Ermənistan arasında rəsmi normallaşma prosesi yekunlaşmaq üzrədir və sülh müqaviləsinin imzalanması üçün zəruri şərait tam formalaşıb. Ermənistanın qarşısında yalnız iki əsas şərti yerinə yetirmək kimi böyük öhdəlik qalır. Bu öhdəliklər arasında ATƏT-in Minsk Qrupuna dair müraciətin ünvanlanması da var ki, bu da növbəti mərhələdə sülh müqaviləsinin imzalanmasını şərtləndirəcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, Vaşinqtonda baş tutan son görüş Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qaldırılması baxımından mühüm dönüş nöqtəsi oldu. Azərbaycan ilə Ermənistan arasında onilliklərdir davam edən münaqişənin yekun həlli üçün paraflanan sülh sazişi regionda sülh və sabitliyə aparan yolun əsasını qoydu.

Siyasi şərhçi qeyd edib ki, sülh müqaviləsinin imzalanması və həyata keçirilməsi regionda davamlı sülhün əsas zəmanəti olacaq.

“Çünki bütün şərtlər tam yerinə yetirildikdə, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarından tam imtina etdikdə, regionda sağlam və davamlı münasibətlər sistemi formalaşacaq, arada heç bir maneə qalmayacaq. Hazırkı mərhələdə ABŞ ilə Ermənistan münasibətlərinin inkişafı və paralel olaraq Azərbaycan ilə ABŞ əlaqələrinin güclənməsi göstərir ki, regionda qlobal aktorların maraqları yüksək səviyyədədir. Burada Azərbaycanın, xüsusilə də Cənab Prezident İlham Əliyevin rolu müstəsna əhəmiyyətə malikdir. Onun atdığı məqsədyönlü addımlar sayəsində biz bugün Cənubi Qafqazda sülh, sabitlik və davamlı inkişaf üçün yeni münasibətlər sisteminin formalaşmasından danışa bilərik”.

Rəfiqə Namazəliyeva,

Aznews.az