Azər Həsrət: “Cənubi Qafqazda vahid viza sistemi mümkündür”

“Ermənistanla sülh sazişi tam şəkildə imzalandıqdan sonra Azərbaycan və Ermənistan arasında hər hansı problem qalmayacaq. Bununla yanaşı, Gürcüstanla Ermənistan arasında da ciddi bir problem yoxdur. Bu isə o deməkdir ki, üç Cənubi Qafqaz dövləti aralarındakı istənilən məsələni asanlıqla həll edə bilərlər. O cümlədən, viza məsələsində də ortaq məxrəcə gələ bilərlər. Belə ki, başqa ölkələrin vətəndaşları, məsələn, Ermənistana viza almaqla Azərbaycana və Gürcüstana, Azərbaycana viza almaqla Ermənistana və Gürcüstana, yaxud Gürcüstana viza almaqla Ermənistana və Azərbaycana səyahət edə bilərlər. Bu məsələni həll etmək mürəkkəb deyil. Üstəlik, bölgəmiz kiçikdir, kommunikasiya imkanları genişdir və nəqliyyat, xüsusilə hava nəqliyyatı baxımından əlverişli şərait mövcuddur. Təbii ki, dövlətlərimiz bu məsələləri birlikdə həll edə bilərlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Cənubi Qafqazda uzun illər davam edən gərginlik və münaqişələrdən sonra Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi region üçün yeni imkanlar açır. Bu addım iqtisadi, siyasi və sosial inteqrasiyaya doğru atılan mühüm addım kimi qiymətləndirilir. Vaxtaşırı səsləndirilən “mini Şengen” ideyası, yəni Cənubi Qafqaz ölkələrində sərhədsiz hərəkət və əməkdaşlıq modelinin Avropa ölkələrindəki kimi formalaşdırılması indi daha real görünür.

Siyasi şərhçi qeyd edib ki, yaxın perspektivdə yalnız Ermənistan və Gürcüstanla yox, eyni zamanda Şimali Qafqaz regionu ilə də viza məsələsini birgə həll etmək mümkün olacaq.

“Çünki Rusiyanın yaxın zamanda parçalanması və Şimali Qafqaz xalqlarının azadlığa qovuşması nəticəsində yeni dövlətlərin yaranması ehtimalı yüksəkdir. Həmin dövlətlər, yəni Şimali Qafqaz xalqları, artıq indidən Azərbaycana müsbət mesajlar göndərir və onu bir növ mayak kimi görürlər. Müstəqillik əldə etdikləri təqdirdə əməkdaşlıq edəcəkləri ilk ölkə Azərbaycan olacaq. Bunun ardınca isə digər Cənubi Qafqaz respublikaları ilə də əməkdaşlıq quracaqlar. Bütün bunlar nəzərə alındıqda, Şengen tipli bir vahid viza sisteminin əvvəlcə Cənubi Qafqazın üç dövləti arasında, daha sonra isə bütün Qafqaz regionu üçün tətbiqi mümkündür və bu, zəruri bir addım olar”.

Rəfiqə Namazəliyeva,

AzNews.az