- Siyasi müzakirə
- 13 Avqust 19:28
- 2 736
Həşim Səhrablı: Ukrayna müharibəsi Çinə Avrasiyada üstünlük təmin edir

“Artıq hər kəs bilir ki, dünyaya hökm etmək uğrunda, dünya alığı uğrunda və yeni dünya düzənində bir nömrə olmaq, əsas sülhət gücü olmaq uğrunda dövlətlər arasında qlobal miqyasda mübarizə gedir. Bu mübarizə bəzən proksi qüvvələrin vasitəsilə hərbi əməliyyatlar şəklində, bəzən iqtisadi müharibələr şəklində, bəzən isə geosiyasi qarşıdurmalar şəklində davam edir. Bu nöqtədə bütün dövlətlərin öz maraqları var və ən güclü olmaq məqsədinə çatmaq üçün fərqli dairələrlə bəzən əməkdaşlıq edir, bəzən isə ziddiyyətli mövqedən çıxış edirlər. Ona görə də bugün Amerika, Çin və Rusiya üçlüsü arasında hər hansı bir məsələni bu prizmdən qiymətləndirərkən bu reallığı nəzərə almaq vacibdir. Çünki ilkin baxışda Çin və Rusiya müttəfiq kimi görünsələr də, bu tamamilə müttəfiqlikdən uzaq bir əlaqədir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sayılmaz. Bəzi məsələlərdə Çin və Rusiya strateji tərəfdaş kimi çıxış edirlər, amma bəzilərində həm də rəqibdirlər. Bugün Çin başa düşür ki, Amerikaya və kollektiv qərbə qarşı mübarizədə tək başına nəsə edə bilməz. Qüvvələrin inkişafına baxmayaraq, ABŞ qarşısında uduzduğu nöqtələr mövcuddur. Lakin Rusiya faktorundan istifadə edərək həmin boşluqları aradan qaldırır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Çin üçün əlverişli hesab olunur. Çünki belə şəraitdə ABŞ əsas diqqətini və resurslarını məhz bu müharibəyə yönəltməli olur, nəticədə Çinlə birbaşa rəqabət aparmaq imkanları zəifləyir. Bu vəziyyət Çinə həm iqtisadi, həm də geosiyasi sahədə manevr imkanları yaradır, ABŞ və Qərbin regiondakı təsirini məhdudlaşdıraraq Pekinin öz mövqelərini möhkəmləndirməsinə şərait yaradır.
Siyasi şərhçi bildirib ki, Ukrayna müharibəsi Çin üçün maraqlı bir vəziyyət yaradır.
“Çünki kollektiv qərb, başda ABŞ olmaqla, Ukraynada Rusiyaya qarşı müharibə aparır və bu iki güc mərkəzi biri-birini zəiflətmək üçün çalışır. Çin isə heç bir tərəfdə qərb əleyhinə fəaliyyət aparmır və heç kiminlə münasibətlərini kəsməyib. Bu səbəbdən Çin anlayır ki, Ukrayna müharibəsində Rusiyaya nə qədər dəstək versə və münaqişənin ömrünü uzatsa, bir o qədər onun maraqlarına faydalıdır. Amerika diqqətini Ukraynaya yönəldir, Avropadakı maraqlarını qorumaq üçün resurs sərf edir, zaman və milyardlar itirir, hərbi texniki bazasından bölgəyə silahlar ayırır. Bu, müəyyən dərəcədə ABŞ-ın hərbi texniki bazasına da təsir edir. Ukrayna müharibəsi bitərsə, Çin üçün risklər ortaya çıxır. Birincisi, Donald Trump-ın ABŞ-ı ilk nöqtədə Çin hədəfi kimi qiymətləndirməsi ehtimalıdır. Rusiya ilə atəşkəs əldə edildikdən sonra ABŞ Çinlə mübarizəni iqtisadi və ya regional adımlarla davam etdirə bilər. Bu, Çinin maraqlarına uyğun deyil. Məsələn, Rusiya hərbi texniki problemlər yaşadıqda Çin yaxın tərəfdəki İran vasitəsilə, ya da öz arsenalından Rusiyaya kömək edə bilər. ABŞ-ın Şərqi Avropada müharibənin dayanmasından sonra atacağı ilk addım Çini sıradan çıxarmaq olacaq və buna görə Çin Ukrayna müharibəsinin bitməsini istəmir. O, ən azından Rusiya və ABŞ arasındakı balans pozulana qədər münaqişənin davam etməsini istəyir. İkinci bir nüans isə Çinin Ukrayna münaqişəsi fonunda Avrasiyada hegemonluğunu artırmasıdır. Əvvəllər Rusiya kimi bir rəqibi olan Çin, bugün Avrasiyada üstün mövqeyə malikdir. Hindistan hələ bir sıra sahələrdə Çindən geri qalır. Ukrayna müharibəsi Çin üçün dominantlıq təmin edib və bu üstünlükdən istifadə edərək Afrikaya qədər əlaqələrini genişləndirib, hətta Şərqi Avropaya daxil olub. Cənubi Qafqazda isə Azərbaycanla strateji tərəfdaşlıq qurulub, Orta Dəhlizin açılması gündəmdədir. “Bir Kəmər, Bir Yol” layihəsi də işlək mexanizmə daxil olacaq. Ukrayna müharibəsi bitəndə Çin üçün ikinci risk Rusiyanın toparlanmasıdır. Rusiya Sakit okeanda mövqelərini itirib, mərkəzi Asiyada və Cənubi Qafqazda sarsılıb”.
Siyasi şərhçi əlavə edib ki, bütün bunları bərpa etməyə çalışarkən Rusiya üçün ən böyük rəqib Çin olacaq:
“Ukrayna müharibəsinin bitməsi Rusiyanın Avropa və ABŞ-la əlaqələrini bərpa etməsinə, zəiflədiyi regionlarda gücünü artırmasına imkan verəcək ki, bu da Çini ciddi rəqiblə üz-üzə qoyacaq. Ona görə də Çin diplomatik dillə münaqişənin bitməsini istədiyini bildirir, amma əslində müharibənin uzanmasından yanadır. Çin açıq şəkildə müharibəni uzatmaq üçün addım atmasa da, Ukrayna ilə diplomatik təmasları davam etdirərək, ərazi bütövlüyünü qoruma şərtilə müharibənin dayandırılmasına cəlb etməyə çalışa bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az