- Siyasi müzakirə
- 14 Avqust 21:57
- 1 182
Zəngəzur dəhlizi: Regional sərhədləri aşan qlobal strateji marşrut

“Zəngəzur koridoru təyinatından da göründüyü kimi yalnız regional və ya bir neçə ölkə arasında məhdud qalan bir layihə deyil. Bu koridor böyük bir yol layihəsinin tərkib hissəsi kimi qiymətləndirilir və beynəlxalq əhəmiyyət daşıyan vacib bir nəqliyyat kəməridir. O, yalnız Azərbaycan və Türkiyə arasında sərhədlənmir, həm də Azərbaycanın Ermənistandan keçərək Türkiyəyə çatması ilə məhdudlaşmır. Zəngəzur koridoru, Çinlə Böyük Britaniyaya qədər uzanan böyük bir marşrutun kiçik, lakin perspektiv baxımından ən önəmli hissəsidir. Azərbaycan və Türkiyə arasında strateji yol koridoru olaraq açıldığı təqdirdə yük daşımalarında xərclər azalacaq, zaman effektivliyi artırılacaq. Bu koridordan Azərbaycan, Türkiyə, regional ölkələr, eləcə də İran, Rusiya, Ermənistan və digər dövlətlər faydalana bilər. İsrail də bu ölkələrdən biri ola bilər, çünki yerləşdiyi regionda qonşuları ilə iqtisadi və siyasi əlaqələri məhduddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində ABŞ-ın vasitəçiliyi ilə keçirilən Vaşinqton görüşü regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılması məsələsini yenidən gündəmə gətirib. İddialara görə, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyə üçün deyil, həm də İsrail kimi regional aktorlar üçün mühüm geoiqtisadi və geosiyasi imkanlar təqdim edir.
Siyasi şərhçi qeyd edib ki, bu koridor həmçinin İsrail üçün enerji, iqtisadi və diplomatik sahələrdə müəyyən üstünlüklər təmin edə bilər.
“Bir neçə ay əvvəl Azərbaycan prezidenti ilə Suriyanın yeni iqtidarının keçici rəhbəri Əhməd əl-Şəraa arasında görüş keçirilib və enerji, iqtisadi əməkdaşlıq daxil olmaqla bir sıra razılaşmalar əldə olunub. Bu marşrut Azərbaycan-Türkiyə xətti ilə Avropaya və yaxın Şərqə uzanan strateji yol xəttinə çevrilə bilər. Suriyadan sonra marşrut İsrailə qədər uzana bilər və bu, ticarət, enerji ixracı və idxalı üçün yeni imkanlar yaradacaq. Orta Asiya bazarları da bu marşrut vasitəsilə İsrail üçün hədəf ola bilər. İsrail hərbi-texniki sənayesini inkişaf etdirmək və bu ölkələrlə əlaqələrini genişləndirmək üçün bu marşrutdan istifadə edə bilər. Eyni zamanda, İsrail bu yol vasitəsilə Çin və Avropa bazarlarına çıxış imkanları da əldə edə bilər. Beləliklə, Zəngəzur koridoru yalnız regional deyil, həm də qlobal əhəmiyyətə malik layihədir. Həm region dövlətləri, həm də bütün güc mərkəzləri üçün faydalı ola bilər. Əgər tərəflər əməkdaşlıq etməyə açıq olarsa, bu koridordan hər kəs səmərəli şəkildə yararlana bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az