Kənan Novruzov: Alyaska görüşü Trampın sülh planının əsas mərhələsidir

“Tramp müharibənin başa çatmasını istəyir. Bunun bir neçə səbəbi var: Nobel Sülh Mükafatına namizəd olmaq iddiası, ABŞ-Rusiya münasibətlərini normallaşdırmaq və iqtisadi əlaqələri inkişaf etdirmək istəyi, Ukraynaya investisiya qoymaq niyyəti və Yaxın Şərq və Çinlə əlaqələrə diqqət yetirmək planı. Buna baxmayaraq, Ağ Ev hələ ki, müharibəni dayandıra bilmir. Bunun əsas səbəbləri Rusiya və Ukraynanın kompromisə getmək istəməməsi və Avropanın mövqeyidir. Avropa ABŞ-dan fərqli olaraq müharibənin bitməsini istəmir, çünki Rusiyanın yenidən təhlükə yarada biləcəyindən narahatdır və Ukraynanı silahlandırmaqla müharibənin davam etməsini təmin edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin uzun illərdən sonra ilk dəfə üz-üzə görüşəcək. Bu görüş beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənir, çünki iki nüfuzlu liderin bir araya gəlməsi həm ikitərəfli münasibətlərin gələcəyinə, həm də qlobal siyasətdə mümkün dəyişikliklərə ciddi təsir göstərə bilər.

Siyasi şərhçi bildirib ki, Tramp müharibənin başa çatmasının Moskva və Kiyevin maraqlarının uzlaşdırılmasını tələb etdiyini və bunun zaman alacağını başa düşür.

“Əvvəlki administrasiyasında Rusiya ilə bağlı loyal mövqe ortaya qoymuş Tramp indi Vaşinqton strategiyasını dəyişərək Moskvaya təzyiq göstərməyə başlayıb. Bu günlərdə Trampın xüsusi elçisi Stiven Uitkoff Putinlə görüşüb və müsbət rəy verildiyi bildirilib. Sonrakı mərhələdə Ağ Ev və Kreml rəhbərlərinin görüşü planlaşdırılıb. Görüş razılaşdırılıbsa, müsbət nəticə gözləmək olar; əks halda sadəcə telefonla da danışmaq olardı. Tramp müəyyən təkliflər irəli sürəcək və Putindən konkret cavab tələb edəcək; əgər razılıq əldə edilməzsə, vəziyyət mürəkkəbləşə bilər. Lakin Ağ Ev rəhbəri savaşı bitirməkdə israrlıdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılıq Trampda özgüvəni artırıb və o, dialoqu üstün tutmağa davam edəcək. ABŞ çalışacaq ki, nə Rusiya, nə də Avropa ilə qarşıdurma yaranmasın. Bessentin səsləndirdiyi fikirlər həm də psixoloji təzyiq elementidir: ABŞ görüş ərəfəsində Rusiyanı qorxutmaq və Putinin mövqeyinə təsir göstərmək istəyir. Bu hədənin effektivliyi isə zamanla müəyyənləşəcək. Hər halda, görüş Trampın istəyinə uyğun olmayacağı təqdirdə ABŞ Rusiyaya qarşı təzyiqləri artırmaqdan çəkinməyəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az