- Siyasi müzakirə
- 10 Sentyabr 21:48
- 1 937
Abutalıb Səmədov: Türkiyəyə qarşı hərbi addım qeyri-mümkündür

“İsrailin Qətərin paytaxtı Doha-ya hücumu ABŞ prezidenti ilə razılaşdırılmış və Vaşinqtonun dəstəyi ilə həyata keçirilmişdi. Həmin vaxt Həmas liderləri Trampın sülh planını müzakirə etmək üçün Dohada toplaşmışdılar. Belə bir anda İsrailin onları zərərsizləşdirməyə çalışması və ABŞ dövlət katibinin Qətər rəhbərliyini yalnız hücumdan sonra xəbərdar etməsi mühüm nəticələr çıxarmağa imkan verir. Birincisi, bu addım ABŞ-ın razılığı olmadan mümkün deyildi. İkincisi, əməliyyatın məqsədinin Həması Trampın sülh planını qəbul etməyə məcbur etmək olduğu ehtimal olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, İsrailin Dohaya etdiyi hava hücumu dünya mediasında geniş əks-səda yaradıb. Hücum zamanı HƏMAS nümayəndələri Trampın atəşkəs planını müzakirə etmək üçün Dohada toplaşmışdı. Bu hadisə Türkiyədə ciddi narahatlıq doğurub. Sosial media və ekspert çevrələrində tez-tez “Ankara da növbəti hədəf ola bilərmi?” sualı müzakirə mövzusuna çevrilir. İsrailli jurnalist Meir Masrinin paylaşdığı “Dohaya hücum edən, eyni taktikanı Ankaraya da tətbiq edə bilər” şərhi bu ehtimalları daha da gündəmə gətirib.
Siyasi şərhçi qeyd edib ki, görünür, təşkilat daxilində plana qarşı çıxan qüvvələr mövcud olub.
“Məhz onları qorxutmaq və planın qəbuluna nail olmaq üçün bu əməliyyat həyata keçirilmiş ola bilər. Həmas rəhbərliyindən bəzi şəxslərin öldürüldüyü xəbəri yayıldı, hətta liderlərdən birinin qətlə yetirildiyi iddia olunsa da, sonradan bu təsdiqlənmədi. Yalnız liderlərdən birinin oğlunun öldürüldüyü faktı rəsmən açıqlanıb. Bundan sonra böyük ehtimalla Trampın sülh planı qəbul olunacaq və oxşar əməliyyatlara zərurət qalmayacaq. Amma Türkiyəyə qarşı belə bir addımın atılması qeyri-mümkündür. Çünki Türkiyə heç bir ərəb dövləti ilə müqayisə edilə bilməz – NATO-nun ikinci ən böyük ordusuna malikdir və ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən nə Vaşinqton belə bir əməliyyata razılıq verər, nə də İsrail Türkiyəyə qarşı hərbi hücuma cəhd edər. Sadəcə bəzi dairələr ‘növbəti hədəf Türkiyə ola bilər’ kimi açıqlamalar verərək guya Ankaranı qorxutmağa çalışırlar. Lakin Türkiyə rəhbərliyi həm öz gücünü, həm də İsrailin davranış qaydasını yaxşı bilir. Belə bir ssenari reallığa çevrilə bilməz. Əgər hər hansı səbəbdən baş versə, bu, hücum edən tərəf üçün ağır nəticələr doğurar. Türkiyə nə Livan, nə Qətər, nə də Suriya ilə eyni müstəviyə qoyula biləcək bir dövlətdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az