Kənan Novruzov: Rusiya ‘3+3’ formatı ilə Cənubi Qafqazda təsirini bərpa etmək istəyir

“Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərində yaranan gərginliklər bir müddət süni şəkildə artırılmış və Moskvanın regiondakı nüfuzunu qorumaq cəhdləri ilə bağlıdır. Yeni “3+3” əməkdaşlıq formatının bərpası bu kontekstdə Rusiyanın strateji niyyətlərini ortaya qoyur. Formatın fəaliyyətə qayıtması üçün əsas şərtlərdən biri Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasıdır ki, Rusiya bu niyyəti açıq şəkildə ifadə edib. Rusiyanın regiondakı təsirini bərpa etmək istəyi yalnız Azərbaycan və Ermənistanla münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Cənubi Qafqazda regional əməkdaşlıq üçün əhəmiyyətli sayılan “3+3” formatının bərpası yenidən müzakirə olunur. Rusiya XİN başçısı Sergey Lavrov bu platformanın yenidən fəaliyyətə qayıtmasını arzuladığını açıqlayıb. Ötən gün Ermənistan XİN-in müavini Vahan Kostanyan isə gələcək görüşün ya İrəvanda, ya da Bakıda keçirilməsi ehtimalını qeyd edib.

Siyasi şərhçi bildirib ki, Moskva həm Türkiyə, həm də İrana yaxın mövqelərini gücləndirməyə və əməkdaşlıq adı altında Cənubi Qafqazdakı təsirini möhkəmləndirməyə çalışır.

“Lakin bu təşəbbüsün ABŞ tərəfindən qəbul ediləcəyi sual altındadır. Vaşinqton mümkün qədər “3+3” formatının planlaşdırıldığı kimi baş tutmamasını təmin etməyə çalışacaq. Əsas amillərdən biri isə Türkiyə və Azərbaycanın regiondakı uğurlu addımları və diplomatik manevrləridir. Hər iki ölkə həm Rusiya, həm də ABŞ ilə balanslı münasibətlər saxlaya bilən aktorlar kimi çıxış edir və onların qərarları formatın reallaşmasına birbaşa təsir edəcək. Eyni zamanda, ABŞ və Rusiya arasındakı qlobal rəqabət Cənubi Qafqazda da özünü göstərir və bu mübarizənin regionda uzun müddət davam edəcəyi proqnozlaşdırılır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az