Oqtay Qasımov: “CHP ciddi böhranla üz-üzədir”

“Cumhuriyyət Xalq Partiyasında baş verən proseslər Türkiyə ictimaiyyətinin diqqət mərkəzindədir. Ana müxalifət partiyası olan və son bələdiyyə seçkilərində ölkədə birinci partiya statusuna yüksələn CHP ilə bağlı yaşananlar ciddiyyətlə izlənilir. Nəzərə alsaq ki, CHP Türkiyənin ilk siyasi partiyasıdır və Atatürk tərəfindən təsis olunub. Doğrudur, partiyanın fəaliyyəti ilə bağlı Türkiyə cəmiyyətində zaman-zaman fərqli fikirlər mövcud olub. Bir çoxları onun avtoritar sistem dövründə ölkəni idarə etməsini əsas göstərir, həmçinin dövlət çevrilişlərindəki rolu ilə bağlı ittihamlar da səsləndirilir. Son onilliklərdə sol partiyaların parçalanmasından sonra CHP ətrafında birləşmə prosesi baş verdi. Son 25 ildə isə partiya həm toparlanma mərhələsi yaşadı, həm də ana müxalifət partiyası olaraq parlamentdə davamlı şəkildə təmsil olunaraq ikinci siyasi qüvvə statusunu qorudu”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Türkiyənin əsas müxalifət partiyası CHP-də daxili gərginlik artıb. İstanbul başqanı Özgür Çelik məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb, onun yerinə müvəqqəti olaraq Gürsel Tekin təyin edilib. Qərar qurultayda qanun pozuntularının olması iddiaları əsasında verilib.

Politoloqun sözlərinə görə, buna baxmayaraq partiya daxilində hakimiyyət uğrunda mübarizə davam edir.

“Keçirilən son qurultaydan sonra narazılıqlar artdı, nəticələri qəbul etməyən qruplar məhkəməyə müraciət etdilər və bunun əsasında araşdırmalar başladı. Son dövrlərdə CHP üzvü olan bir sıra böyük şəhər bələdiyyə rəhbərlərinin həbsi də gündəmdədir. Onlar barəsində rüşvət və korrupsiya ittihamları irəli sürülüb. Məhkəmə hökmləri olmasa da, davam edən istintaqlar vəziyyəti gərginləşdirib. Qurultay nəticələri ilə bağlı məhkəmə qərarları və partiya daxili qrupların şikayətləri CHP-ni ciddi böhranla üz-üzə qoyub. Məhkəmə tərəfindən təyin olunan qəyyumlarla bağlı münasibətlər də birmənalı qarşılanmır. Hazırda partiya həm gənc və islahatçı nəsil, həm də mühafizəkar qanad arasında gedən mübarizənin mərkəzindədir. Bu prosesin sonunda CHP-dən müəyyən qrupların ayrılması da mümkündür. Tarixdə də buna bənzər hallar yaşanıb. Məsələn, 1980-ci illərdə CHP ləğv ediləndə onun yerinə İsmət İnönünün rəhbərlik etdiyi Xalqçı Sosial Demokrat Partiyası (SHP), Bülənt Ecevitin rəhbərlik etdiyi Demokratik Sol Partiya və digər qurumlar meydana çıxmışdı. İndi də təxminən 40 il əvvəlki ssenarinin təkrarlanaraq yeni parçalanmaların baş verməsi mümkündür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az