- Siyasi müzakirə
- 19:43
- 847
Sədrəddin Soltan:“Ukrayna müharibəsi əslində Qərblə Rusiyanın qlobal qarşıdurmasıdır”

“Müharibə riski həmişə mövcuddur. İkinci Dünya müharibəsindən sonra böyük dövlətlər bir-birilə açıq müharibəyə girməsələr də, dünyanın müxtəlif bölgələrində ideoloji qarşıdurma əsasında müharibələr aparıblar. Qərblə Sovetlərin mübarizəsi Vyetnamda, Əfqanıstanda, Anqolada, Latın Amerikası ölkələrində müxtəlif səviyyələrdə və müxtəlif formalarda davam edib. Əfqanıstan müharibəsi də buna daxildir. SSRİ dağıldıqdan sonra Ukrayna müharibəsi yeni dövr üçün həlledici bir savaş oldu. İlk baxışda bu, sanki Rusiyanın öz maraqlarını təmin etmək üçün Ukraynanı işğal etməsi və ilhaq etməsi kimi görünür. Amma Ukrayna müharibəsi əslində Qərblə Rusiyanın yeni məzmunlu qarşıdurmasıdır. Bu, həm də qlobal bir müharibədir. Bir tərəfdə Ukraynanı müdafiə edən ABŞ başda olmaqla Ramstein Qrupu, digər tərəfdə isə Rusiyanı dəstəkləyən Çin, Şimali Koreya, İran və onlara yaxın qüvvələr dayanır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.
Qeyd edək ki, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Rusiyanın Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə hücumu təsadüfi sayıla bilməz. Onun sözlərinə görə, 19 dronun sərhədi keçməsi məqsədli bir mesajdır. Kelloq həmçinin vurğulayıb ki, Ukrayna müharibədə məğlub olmayacaq və tarixi dərslər nəzərə alınmazsa, bu, Üçüncü Dünya müharibəsi riskini artırır.
Siyasi şərhçi qeyd edib ki, əslində Qərblə Şərq arasında müharibə gedir.
“Ukrayna və Rusiya burada daha çox alət rolunda çıxış edir, əsas aktorlar isə deyil. Bu müharibənin arxasında bir tərəfdə Çin, digər tərəfdə isə ABŞ dayanır. Əgər perspektivdə bu savaşa Qərb birbaşa canlı qüvvə ilə qoşularsa, məsələn, Polşada baş verən hadisələr buna nümunədir, o halda bu münaqişə qlobal müharibəyə çevrilə bilər. Digər tərəfdən, Ukrayna NATO-ya üzv ölkələrlə və başqa dövlətlərlə ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalayarsa, həmin dövlətlərin canlı qüvvə və hərbi texnika ilə yardım etməsi mümkündür. Oxşar prosesi Rusiya da həyata keçirir. Şimali Koreya və Vyetnamla müqavilələr imzalayır və bu gün Ukrayna müharibəsində Rusiya tərəfdən minlərlə Şimali Koreya hərbçisi döyüşür. Bunu nə Rusiya, nə də Ukrayna tərəfi gizlədir. Gələcəkdə Ukrayna tərəfdən də müqavilə əsasında canlı qüvvə ilə yardım edən dövlətlər olsa, bu savaş Rusiya-Ukrayna müharibəsi adlansa da, əslində beynəlxalq güclərin qlobal qarşıdurması sayılacaq. Əslində, Üçüncü Dünya müharibəsi çoxdan davam edir. SSRİ dağıldıqdan sonra bu proses dayanmayıb. Qarabağ müharibəsi hər nə qədər “münaqişə” adlandırılsa da, böyük güclərin qarşıdurmasının təzahürü idi. Bu, Rusiyanın Cənubi Qafqazda Azərbaycanı nəzarət altında saxlamaq cəhdlərinin göstəricisi idi. Eyni zamanda, Rusiyanın Kürdüstan Muxtar Respublikasını qanunsuz tanıması da təzyiq vasitəsi kimi istifadə olunur. Moldovada da oxşar addımlar atılıb”.
Siyasi şərhçi əlavə edib ki, Ukraynanın şərqinin və Krımın işğal və ilhaqı ilə Rusiya həm Ukraynaya, həm də Qərbə mesaj göndərir və təzyiq göstərir:
“Odur ki, qlobal müharibə riski realdır. Daha doğrusu, qlobal səviyyədə müharibə artıq gedir. Sadəcə, indiki şəraitdə güclər birbaşa deyil, müxtəlif vasitələrlə və rollarda iştirak edirlər. Bu savaşda Rusiya müəyyən mənada Çinin proksi qüvvəsidir. Çünki bütün bu prosesin arxasında Çinin maraqları dayanır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az