- Siyasi müzakirə
- 20:12
- 1 187
Azər Həsrət: “Ukraynada real təhdid yox idi, Rusiya təcavüz etdi”

“Dünya ikili standartlar dünyasıdır və bu bizi təəccübləndirmir. Azərbaycana münasibətdə də eyni yanaşmanı görmüşük. Təcavüzkara heç bir sərt münasibət göstərilməyib. Xüsusən də Qərb ölkələri, yəni Avropa və Amerika, hətta təcavüzkarın arxasında durublar, onu dəstəkləyiblər, təcavüzə məruz qalanın hüquqlarını isə gözardı ediblər. Biz bunu 10 illərlə öz üzərimizdə yaşamışıq. İndi isə Rusiyanın Ukraynaya təcavüzü və İsrailin ərəb ölkələri ilə bağlı atdığı addımlar da eyni qəbildəndir. Əslində, İsrail məsələsi Ukrayna-Rusiya müharibəsindən fərqlidir. Orada əsasən terror təşkilatlarına qarşı mübarizə aparıldığı iddia edilir; doğrudan da Həmas və Hizbullah kimi təşkilatlara qarşı hərəkətlər edilir. Bu zaman dinc Fələstin əhalisi ciddi əziyyət çəkir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Avropa İttifaqı və digər tərəqqipərvər ölkələr Rusiyanın Ukraynaya hücumuna qarşı birləşdiklərini nümayiş etdirirlər. Lakin artıq 3 il 8 aydır ki, bu səylər nəticə vermir: Rusiya ordusu Ukraynanın geniş ərazilərini işğal edib, şəhər və kəndlər dağıdılıb, milyonlarla insan evlərini tərk etməyə məcbur olub. Hər gün günahsız insanlar həyatını itirir. İsrail Baş naziri Benyamin Netanyahu da oxşar hərbi-siyasi strategiya yürüdür. Qəzzanı və Fələstini bombalamaqla kifayətlənməyib, indi Qətərin ərazisinə də hücum edir. Ərəb ölkələri bəyanatlar versələr də, hücumlar davam edir.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın işğalı tamamilə fərqlidir.
“Ukrayna ərazisində Həmas və ya Hizbullah kimi terror təşkilatları yoxdur. Üstəlik, Ukrayna ərazisindən Rusiyaya hər hansı təhdid də olmayıb. İsrail məsələsində isə Həmas və Hizbullah İsrailə real təhdid təşkil edirdi və İsrail hücumlarını buna əsaslandıra bilirdi. Bu baxımdan müəyyən məntiq tapmaq mümkündür, baxmayaraq ki, müharibənin miqyası çox böyükdür. Rusiya öz iddialarını əsaslandırmaq üçün heç bir tutarlı arqumentə malik deyil. Ukraynadan Rusiyaya hər hansı təhlükə olmayıb, terror təşkilatı mövcud olmayıb. Təbii ki, bütün bunlar aydın olarkən Rusiya Ukraynaya təcavüz edib, torpaqlarını işğal edib, Qərb isə yalnız bəyanatlar səviyyəsində qalır. Avropa ölkələri və Amerika Ukraynanı faktiki olaraq tək buraxıblar. Halbuki birgə əməli addımlar atsalar, Rusiya bir günün içində müharibəni dayandırmaq məcburiyyətində qalardı. Azərbaycan təcavüzə məruz qalanda hətta adi bir bəyanat vermək istəmirdilər. Bizi hətta ermənilərin hüquqlarını pozmaqla ittiham edirdilər. Amma Ukrayna məsələsində belə deyil: bəyanatlar verirlər, Ukraynanın tərəfində olduqlarını bildirirlər, amma əməli addımlar çox məhduddur. Əgər bu addımlar vaxtında atılsaydı, Rusiya təcavüzdən imtina etmək məcburiyyətində qalardı. Dünya ədalət dünyası deyil; burada güclü haqlı sayılır. Buna görə də Azərbaycan güc toplayıb öz torpaqlarını azad etdi və haqlı olduğunu bütün dünya qəbul etdi. İndi Ukraynanın da güclənərək torpaqlarını azad etməsi vacibdir ki, dünya onunla hesablaşsın”.
Rəfiqə Namazəliyeva,
AzNews.az