- Siyasi müzakirə
- 20:58
- 1 548
“Mossad İranda geniş şəbəkəyə sahibdir” - Azər Həsrət

“Mossad dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biri hesab olunur. Ölkə daxilində və xaricində, dünyanın istənilən nöqtəsində öz görünməz şəbəkəsi ilə mövcuddur. Xüsusilə İran kimi ideoloji qapanmış, orta əsrlərdə ilişib qalmış dövlətlərdə Mossad-ın fəaliyyəti üçün ciddi maneələrin olmadığı vurğulanır. Yola saldığımız yayda İsrailin İrana hücumu zamanı bu məsələ hətta zarafata çevrilmişdi. İran rəsmiləri bildirirdilər ki, İsraildə Mossad-ın qərargahını vurublar. Cavabında isə İsrail tərəfi istehza ilə açıqlama yayaraq bildirmişdi ki, həmin binada heç kim olmayıb, çünki Mossad agentlərinin əksəriyyəti elə İranın içindədir. Bu məzəli cavab əslində reallığı əks etdirirdi – yəni Mossad-ın İranda geniş şəbəkəyə sahib olması sirr deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea İrana qarşı sərt mesaj verib. O, qurumun əvvəlkindən daha güclü əməliyyat imkanlarına malik olduğunu və hətta Tehranın mərkəzində belə fəaliyyət göstərə bildiklərini bildirib. Bu açıqlama təkcə İranda deyil, bütövlükdə regionda ciddi rezonans doğurub.
Siyasi şərhçi bildirib ki, əgər belə olmasaydı, İsrail qısa müddətli müharibədə belə İranı diz çökdürə bilməzdi.
“İsrailin kəşfiyyat xidməti o qədər dəqiq işləyir ki, dünyanın istənilən yerində konkret şəxsləri izləmək və ya zərərsizləşdirmək onlar üçün sadə məsələdir. Hətta İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, kiminsə smartfonu və ya kompüteri varsa, deməli artıq müəyyən mənada İsrailin nəzarəti altındadır. Bu fakt bir daha sübut edir ki, elmə və texnologiyaya yönəlmiş dövlətlər, nə qədər kiçik olsalar da, özündən dəfələrlə böyük dövlətlərə meydan oxuya bilirlər. Amma İran kimi böyük ərazisi və əhalisi olan ölkələr fanatizm və texnoloji gerilik səbəbindən zəif duruma düşürlər. İsrail elmin və texnologiyanın gücünə inanır, bütün imkanlarını bu istiqamətdə səfərbər edir. Ona görə də həm regional, həm də qlobal miqyasda söz sahibi ola bilir. Əksinə, elmi və texnologiyanı rədd edən millətlər elm və texnika ilə silahlanmış millətlərin əsiri olurlar. Mossad nümunəsi də bu həqiqətin bir hissəsidir. Bu qurum daim ən yeni texnologiyalardan istifadə edib və gələcəkdə də bunu davam etdirəcək. İran kimi dövlətlər isə yalnız islahatlar aparmaqla vəziyyətdən çıxış yolu tapa bilərlər. Əks halda heç bir ölkə təhlükəsizliyini təmin edə bilməz”.
Rəfiqə Namazəliyeva,
AzNews.az