- Siyasi müzakirə
- 18:40
- 598
“İranın dəstəklədiyi silahlı qruplar artıq zərərsizləşdirilib” - Azər Həsrət
“İranın hazırkı rejiminin qalması və ya dəyişməsi İsrail–Fələstin münasibətlərinə ciddi təsir göstərməyəcək. Çünki İsrail artıq Fələstini, HƏMAS-ı və eyni zamanda Hizbullahı faktiki olaraq neytrallaşdırıb. Yəni İranın dəstəklədiyi bütün silahlı qruplar zərərsizləşdirilib. Bu mənzərədə İranda başqa bir rejimin hakimiyyətə gəlməsi də fundamental dəyişiklik yaratmayacaq; buna da ehtiyac yoxdur. Bununla belə, İran daxilində rejim dəyişikliyi İsrail ilə münasibətlərə təsirsiz ötüşməz. Əgər İranda dünyəvi və normal dövlət qurularsa və bu dövlət İsrail də daxil olmaqla yeni dünya düzəninə uyğun münasibətlərə meyl göstərərsə, o zaman İran–İsrail münasibətlərində müsbət dinamika yaranması mümkündür. Bu isə bütövlükdə bölgənin sabitliyinə əlavə töhfə verə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, "İsrael Hayom” yazır ki, Baş nazir Benyamin Netanyahunun Prezident İshaq Hersoqa əfv üçün göndərdiyi məktub İranda rejimin devrilməsi ilə bağlı gizli proseslərin mümkün işarələrini ehtiva edir. Nəşr İran daxilində böhranın dərinləşdiyini vurğulayaraq bildirir ki, qarşıdakı aylarda Yaxın Şərqdə fövqəladə dəyişikliklər gözlənilir. İsrail və ABŞ mənbələri hesab edir ki, İran rejiminin vətəndaş narazılıqları fonunda çökməsi real görünür və bu, İsrailin təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər. Məqalədə həmçinin İsraillə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesində irəliləyişlər qeyd olunur və vurğulanır ki, Netanyahu bu strateji uğurları gerçəkləşdirə biləcək yeganə lider olduğunu məktubunda dolayısı ilə mesaj verir.
Siyasi şərhçi qeyd edib ki, İran–İsrail münasibətlərində mümkün yaxşılaşma fonunda qardaş Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması ehtimalı da artmış olur.
"Müşahidələr göstərir ki, İsrail–Türkiyə münasibətlərinin pozulmasının arxasında çox zaman İran amili dayanıb. İranın dəstəklədiyi təşkilatlar, dini amillərin manipulyativ şəkildə qabardılması və Türkiyənin bu münaqişə mühitinə çəkilməsi nəticədə Azərbaycan üçün də arzuolunmaz situasiyalar yaradıb. Çin və Rusiyanın mövqeyinə gəlincə, İran–İsrail və ya Türkiyə–İsrail münasibətlərinin yaxşılaşması, təbii ki, bizim maraqlarımıza uyğundur. Çünki bu halda bölgəyə Çin və Rusiyanın müdaxilə imkanları azalır və regional əməkdaşlıq üçün daha əlverişli şərait formalaşır. Hazırda isə İsrail həm Türkiyə, həm də İranla gərginlik yaşadığı üçün Rusiya və Çinlə əməkdaşlığı müəyyən səviyyədə davam etdirmək məcburiyyətində qalır. Türkiyə və İranla münasibətlər gərgin olduqda, İsrailin başqa tərəfdaşlar axtarması təbiidir və mövcud şəraitdə bu boşluğu Rusiya və Çin doldurur. Əgər gələcəkdə Türkiyə–İsrail münasibətləri yüksək səviyyəyə qalxsa, İranda dünyəvi bir dövlət qurularsa və bu dövlət İsrailə düşmənçilik etməyən siyasi xətt yürüdərsə, onda Rusiya və Çin avtomatik olaraq arxa plana keçəcək. Bu isə həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına tam uyğundur".
Rəfiqə Namazəliyeva,
AzNews.az