“İranda dəyişiklik ya islahatla, ya da inqilabla olacaq” - Həşim Səhrablı

“İran daxilində sosial narazılıq, problemlər və pərakəndəlik uzun illərdir mövcuddur. 2006-cı ildəki böyük isyan və 2010-cu illərdəki vaxtilə baş verən etirazlar göstərir ki, xalqla rejim arasındakı qopuq münasibət davam edir. Bunu həm dünya, həm də İran hakimiyyəti yaxşı bilir. Məsud Pezeşkianın prezident seçilməsindən sonra çıxışlarında açıq şəkildə görünür ki, dövlət bu vəziyyətin fərqindədir. ABŞ və İsraildən olan bəzi proqnozlara görə, sosial narazılıq nəticəsində rejimin devrilə biləcəyi ehtimalı olsa da, bu, real deyil. Çünki İran xalqı ideoloji baxımdan İsrail və ABŞ-ı düşmən hesab edir və xarici müdaxiləyə açıq deyil”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, "İsrael Hayom” yazır ki, Netanyahunun prezident İshaq Hersoqa göndərdiyi əfv məktubu İrandakı rejimin devrilməsi ilə bağlı mümkün gizli inkişaflara işarə edir. Mənbələr bildirir ki, vətəndaş narazılığı fonunda rejimin devrilməsi İsrailin təhlükəsizliyini gücləndirə və regionda strateji üstünlük verə bilər. Nəşr həmçinin İsrail-Səudiyyə Ərəbistanı əməkdaşlığının irəliləyişini vurğulayır.

Siyasi şərhçi bildirib ki, xarici təzyiq olmasa belə, rejim daxilində sosial narazılıq kəskinləşər və həll olunmazsa, bir gün dəyişiklik qaçılmaz olacaq.

"Pezeşkianın prezident seçilməsi isə bu narazılığın qarşısını almaq üçün rejimə ideal fürsət verdi. Xalqın böyük əksəriyyəti, xüsusən Azərbaycan Türkləri, Pezeşkianı dəstəkləyir və ondan ümid gözləyir. Əgər rejim Pezeşkian iqtidarına şərait yaradarsa və problemlərin həllinə yardım edərsə, rejimin mövcudluğu bir müddət uzana bilər. Lakin əgər problemlər qalmağa davam edərsə, İranda yeni inqilab qaçılmaz olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az