- Siyasi müzakirə
- 19:46
- 1 231
“Rusiya–Ukrayna müharibəsi ABŞ-nin yazdığı ssenari üzrə gedir” - Azad Məsiyev
“Rusiya–Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissəsidir. Bu münaqişə təsadüfən yaranmayıb; prosesin ssenarisi ABŞ tərəfindən hazırlanıb və Avropa dövlətləri tərəfindən icra olunub. ABŞ-nin ssenarisi əsasında başlanan bu savaş artıq dörd ilə yaxındır davam edir. Münaqişənin ilk illərində ABŞ-nin Avropadakı əsas oyunçuları Böyük Britaniya və Polşa idi. Polşa, Böyük Britaniya və Almaniya kimi aparıcı Avropa dövlətləri bu münaqişənin başlanmasında aktiv rol oynayıblar. Hətta Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Ukraynaya dəfələrlə səfər edərək Zelenskini sərt mövqeyə sövq etməsi və bunun münaqişənin başlanmasına təsir göstərməsi qeyd olunur. Artıq dörd ilə yaxındır davam edən müharibədə hərbi üstünlük Rusiyanın tərəfindədir. Rusiya hər keçən gün Ukraynanın yeni ərazilərini nəzarətə götürməkdədir. Mövcud proseslər göstərir ki, NATO başda olmaqla Qərb ölkələri Ukraynaya dəstək baxımından gözlənilən nəticəni əldə edə bilmirlər. Münaqişə əsasən Rusiyanın diktəsi ilə formalaşır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Kremldə keçirilən görüş təxminən beş saat davam edib. Görüşdə prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak edib. ABŞ-ı xüsusi elçi Stiven Uitkoff və sahibkar, investor, “Affinity Partners” şirkətinin təsisçisi Jared Kuşner təmsil edib. Moskva görüşü “çox faydalı və konstruktiv” kimi qiymətləndirib. Yuri Uşakov bildirib ki, görüşdə Ukrayna böhranının həlli ilə bağlı ABŞ təkliflərinin bir neçə variantı müzakirə olunub və amerikalı həmkarlarla bir müddət əvvəl təqdim edilmiş layihələrin məzmunu nəzərdən keçirilib. ABŞ planının ilk variantı 27 maddədən ibarət sənəd olub, görüş zamanı isə Moskva əlavə olaraq dörd sənəd alıb. Uşakov qeyd edib ki, sənədlərin ətraflı məzmununu açıqlaya bilməz, amma onların hamısı Ukraynadakı böhranın sülh yolu ilə uzunmüddətli həllinə aiddir. Hələlik heç bir kompromis planı yoxdur: “Bəzi Amerika təklifləri Rusiya üçün qəbuledilə bilər, bəziləri isə uyğun deyil.”
Siyasi şərhçi qeyd edib ki, Rusiya bu münaqişədə həm hərbi, həm də siyasi sahədə üstün mövqedədir və prosesə diktə edən əsas tərəf məhz Rusiyadır.
"Bu reallıq etiraf edilməli və ona uyğun davranılmalıdır. Münaqişənin həlli nə beynəlxalq hüquqa, nə də Ukraynanın Konstitusiyasına əsaslanaraq baş verəcək; həll yalnız Rusiyanın diktəsi və mövcud siyasi reallıqlar çərçivəsində mümkündür. Ümumilikdə münaqişə bir nəticədir və onu doğuran səbəblər aradan qaldırılmadıqca həll mümkün olmayacaq. Rusiyanın dəfələrlə açıqladığı şərtlər də məhz həmin səbəblərdir və onların aradan qaldırılması tələb olunur. Bu illər ərzində həmin səbəblərlə bağlı heç bir ciddi addım atılmayıb. Nəticədə Ukrayna ərazisinin 20%-ni itirib və hər gün ərazi itkiləri davam edir. Rusiyanın şərtləri qəbul edilmədən münaqişənin dayanması real görünmür. ABŞ-da Donald Tramp tərəfindən irəli sürülən sülh sazişi layihəsi isə yalnız görüntü xarakterli hesab edilir. Əgər sülh Rusiyanın diktəsi ilə əldə olunarsa və Tramp administrasiyası buna uyğun addımlar atarsa, onda Trampın təklif etdiyi saziş ABŞ-nin strateji xəttinə zidd olacaq. Çünki ABŞ strateji baxımdan Rusiyanı rəqib dövlət hesab edir. ABŞ-nin strateji beyin mərkəzləri uzun müddətdir Rusiyanı zəiflətmək və beynəlxalq arenada təcrid etmək yönündə planlar hazırlayır. Bunun üçün Rusiya ətrafında “qaynar nöqtələr” yaratmaq, müxtəlif ölkələrdə siyasi dəyişikliklərə dəstək vermək və demokratiya şüarı altında proseslərə təsir göstərmək kimi addımlar atılıb. Gürcüstan, Ukrayna, Ermənistan və Belarus nümunələri də buna misal kimi göstərilir. Məqsəd Rusiyanı zamanla zəiflətmək və dünya siyasi xəritəsində təsirindən məhrum etməkdir. Bu strategiya uzun müddət hazırlanıb və Co Bayden dövründə aktiv şəkildə davam etdirilib. Trampın hakimiyyətə qayıtması və onun praktiki addımları isə bu strategiya ilə ziddiyyət təşkil edir. ABŞ-da kim hakimiyyətə gəlsə də, “dərin dövlətin” müəyyən etdiyi strateji xətt dəyişməz qalır. Taktiki fərqlər ola bilər, lakin strategiya toxunulmazdır. Bu baxımdan Trampın siyasəti ABŞ strategiyasına uyğun sayılmır. Əgər Tramp strateji xəttə zidd addımlar atsa, onun hakimiyyət müddətinin uzun olmayacağı və ABŞ daxilində ona qarşı ciddi siyasi hərəkat yarana biləcəyi iddia edilir. Rusiya–Ukrayna müharibəsində diktə edən tərəfin Rusiya olduğu və Rusiyanın şərtləri qəbul edilməyincə münaqişənin dayanmayacağı vurğulanır. Trampın 27–28 maddəlik layihəsi ilə Avropa Birliyinin təklifləri arasında ciddi fərqlərin olması NATO daxilində fikir ayrılıqlarını üzə çıxarır. Avropanın təqdim etdiyi layihələrin Rusiyanın qəbul etməyəcəyi, çünki Avropa dövlətlərinin Rusiyaya daha aqressiv yanaşdığı qeyd olunur. Bu fonda Tramp və Putin arasında müəyyən anlaşmanın mövcudluğu vurğulanır. Alyaska görüşü də tərəflər arasında dialoqun mümkün olduğunu göstərib. Şərhçiyə görə, nəticə etibarilə münaqişənin həlli Ukraynanın Konstitusiyasına və beynəlxalq hüquqa deyil, Rusiyanın şərtləri əsasında baş verəcək. Narahatlıq doğuran əsas məqam isə Trampın apardığı siyasətlə ABŞ-nin “dərin dövləti”nin strateji xətti arasındakı ziddiyyətdir. Əgər münaqişə Rusiyanın şərtləri ilə həll olunarsa və Tramp buna loyal yanaşarsa, ABŞ-da Trampa qarşı güclü siyasi hərəkatın başlaması gözlənilə bilər. Çünki ABŞ-nin strateji baxışında Rusiya hərbi gücü, təbii sərvətləri və təsir imkanları ilə imperatorluğa təhlükə yaradan rəqib dövlətdir. Bütün bunlara baxmayaraq, Rusiya münaqişədə irəliləməkdə davam edir və yeni ərazilər ələ keçirmə ehtimalı qalır. Yaxın vaxtlarda Rusiyanın şərtləri qəbul edilməzsə, Ukraynanın digər bölgələrinin də itirilə biləcəyi bildirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az