“Rusiya məmnundur, Kiyev ehtiyat edir – Vaşinqtonun planı sual altındadır” -AÇIQLAMA

“Trampın “Zelenski planı oxumayıb” deməsi əslində təkcə məlumat yox, açıq siyasi mesajdır. Bu, Vaşinqtonun Kiyevdən daha çevik, daha itaətkar və daha praqmatik mövqe gözlədiyini göstərir. Tramp diplomatik dildə demir, birbaşa deyir: “Mən razıyam, Rusiya razıdır, bəs sən niyə tərəddüd edirsən?” Bu, artıq müttəfiqlik dilindən çox, təzyiq dili səviyyəsinə yaxınlaşan ritorikadır. Zelenskinin isə “ərazi məsələsində dalan var” deməsi onu göstərir ki, Kiyev üçün problem planın oxunub-oxunmaması yox, planın mahiyyətidir və bu mahiyyət Ukraynanın strateji maraqları ilə üst-üstə düşmür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Volodimir Zelenski hələ də Vaşinqtonun sülh planını oxumayıb. Tramp bildirib ki, Rusiya planı müsbət qarşılayır, lakin Zelenskinin münasibəti hələ də qeyri-müəyyəndir. Zelenski isə açıqlamasında danışıqların ərazi məsələsinə, xüsusilə Donbasa görə dalana dirəndiyini deyib. O bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında bu mövzuda vahid mövqe yoxdur. Ukrayna lideri əlavə edib ki, sülh planındakı bəzi həssas məqamlar — təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət — əlavə müzakirə tələb edir. Kiyev ABŞ-la ayrıca təhlükəsizlik sazişi imzalamaqda israrlıdır.

Siyasi şərhçi qeyd edib ki, əsas ziddiyyət məhz Donbas məsələsi və təhlükəsizlik zəmanətləri ətrafında cəmlənir.

“ABŞ praktik kompromis istəyir, Ukrayna isə müharibədən çıxarkən hüquqi və hərbi təminat axtarır. Zelenskinin ayrıca təhlükəsizlik sazişi tələbi göstərir ki, Kiyev Tramp administrasiyasının uzunmüddətli öhdəliklərinə tam etibar etmir. Trampın “Rusiya məmnundur” deməsi isə Kiyevdə təbii olaraq şübhə yaradır: əgər Moskva məmnundursa, bu plan Ukrayna üçün nə qədər ədalətlidir? Bu mərhələdə bunu açıq siyasi böhran adlandırmaq tezdir, amma münasibətlərdə açıq-aşkar soyuqluq və mövqe fərqi var. Tramp daha çox “müharibəni bağlamaq” istəyir, Zelenski isə “müharibədən sonra necə yaşamaq” sualını düşünür. Bu iki yanaşma üst-üstə düşmədikcə, Vaşinqton–Kiyev xəttində gərginlik açıq konfliktə çevrilməsə də, dərinləşən strateji narazılıq kimi özünü göstərəcək. Qısası, Tramp sürət, Zelenski təminat istəyir və problem də elə buradan doğur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az