- Siyasi müzakirə
- 19:07
- 1 715
“Bu, lokal savaş deyil, qlobal düzənin yenidən formalaşması prosesidir” - Əli Mustafayev
“Rusiya ilə Ukrayna arasında baş verənlər mənim fikrimcə lokal bir savaş deyil. Bu, qlobal düzənin yenidən formalaşması ilə bağlı prosesin vacib mərhələsidir. Bu səbəbdən tərəflərdən birinin nə istəməsindən və hətta Trampın bütün arzularına baxmayaraq, bu savaşı yaxın zamanda dayandırmaq mümkün olmayacaq. Düzdür, Amerika böyük dövlətdir və imkanları genişdir, lakin bu imkanlar yeni dünya düzəninin qarşısını almağa yetmir. Məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Ruslar bəzi ərazilərdə irəliləyiş əldə etdiklərini iddia edirlər. Ukrayna tərəfi isə bunu təkzib edir və əksinə, Rusiyanın bir sıra istiqamətlərdə geri çəkildiyini bildirir. Kupyanskdan tamamilə qovulduqları, böyük itkilər verdikləri, eləcə də Mirnokorov və digər şəhərlərdə geri çəkilmələr olduğu barədə məlumatlar yayılır. Bütün bunlar tərəflərin hərbi uğurları ilə bağlı informasiya mübarizəsinin, əslində, geniş geosiyasi prosesin bir hissəsi olduğunu göstərir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh razılaşması üçün hansı təzyiq alətlərindən istifadə edəcəyini bilir. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus”a müsahibəsində danışıb. Uitaker bildirib ki, hazırda tərəflər arasında müəyyən irəliləyiş müşahidə olunur və Tramp ruslara və ukraynalılara necə təzyiq göstərəcəyini bilir. Diplomat əlavə edib ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner çoxmərhələli sülh sazişinin hazırlanmasında tərəflərə dəstək verir. Lakin Tramp istənilən anda sülhün mümkünsüzlüyünü görsə, ABŞ prosesdən geri çəkilə bilər. Digər tərəfdən, sahədə vəziyyət gərgindir. Rusiya ordusu son günlər hücumları gücləndirərək yeni əraziləri işğal edib. “DeepState”in məlumatına görə, Donetsk vilayətində bir sıra yaşayış məntəqələri Rusiya nəzarətinə keçib, eləcə də Pokrovsk, Mirnoqrad və Seversk istiqamətində aktivlik müşahidə olunur.
Siyasi şərhçi bildirib ki, bu taktiki dəyişikliklər həlledici deyil.
"Ukrayna müqavimət göstərir, Rusiya isə mövqelərini möhkəmləndirməyə çalışır. Ümumi mənzərədə status-kvo qorunur. Rusiyanın ciddi ölçüdə yeni ərazilər işğal etməsi də müşahidə olunmur. Ukrayna isə əks-hücumlarla mövqelərini saxlayır. ABŞ məsələsinə gəldikdə isə görünən odur ki, Tramp Ukraynaya müəyyən əraziləri Rusiyaya güzəştə getməsi üçün təzyiq göstərir. Söhbət Donbasın təxminən 20%-indən gedir. Ukrayna isə bunu qəbul etmək fikrində deyil. Bu məsələdə Avropa İttifaqı Ukraynanı tam dəstəkləyir. ABŞ isə zahirən qismən Rusiyanın xeyrinə mövqe tuturmuş kimi görünür. Ehtimal edilir ki, Tramp həm Rusiyaya, həm də Ukraynaya təzyiq edərək razılaşma əldə etməyə çalışır. Trampın hazırladığı 28 maddəlik sənəd hazırda 20 maddəyə endirilib. Bir çox məsələlərdə razılıq olduğu bildirilsə də, ən vacib məsələlər olan ərazi bütövlüyü və təhlükəsizlik təminatları üzrə ciddi fikir ayrılığı qalır. Ukrayna ərazilərindən geri çəkilmək istəmir, Rusiya isə Donbasın tam şəkildə özünə verilməsini tələb edir. Təhlükəsizlik təminatları məsələsində də Ukrayna ilə ABŞ, eləcə də Ukrayna ilə Rusiya arasında mövqelər fərqlidir. Danışıqların nəticə verəcəyi gözlənilir, lakin yaxın müddətdə müsbət nəsə görünmür. ABŞ prosesdən çəkilsə belə, bu vəziyyəti ciddi dəyişməyəcək, çünki Ukrayna ABŞ-dan lazım olan hərbi dəstəyi əsasən pulla alır. Digər tərəfdən Avropa İttifaqı da Ukraynanı dəstəkləməyə davam edəcək. Buna görə, hazırkı vəziyyət nonsens kimi görünür: savaş dayanmayıb, danışıqlar davam edir, amma ortada ciddi qeyri-müəyyənlik mövcuddur".
Rəfiqə Namazəliyeva,
AzNews.az