- Siyasi müzakirə
- 9 Dekabr 22:28
- 1 555
“Ermənistan işğal dövründə daim xarici qüvvələrə arxalanıb” - Pərvanə Vəliyeva
"İşğal dövründə Ermənistan rəhbərliyi beynəlxalq hüququn tələblərini kobud şəkildə pozan, destruktiv siyasi xətt yürüdərək daim kənar xarici qüvvələrə arxalanıb. Sarkisyanın Putinə göndərdiyi məktub isə Ermənistanın həmin mərhələdə müstəqil regional aktor olmadığını, daha çox Rusiyanın müdafiəsinə və təzyiq imkanlarına bel bağladığını açıq şəkildə göstərir. Bu yanaşma regiondakı güc balansının obyektiv deyil, süni şəkildə qorunmasına yönəlmiş siyasətin nümunəsi kimi dəyərləndirilə bilər. Məktubun üzə çıxması həm Ermənistanın o dövrdəki diplomatik xəttini ifşa edir, həm də danışıqlar prosesində qeyri-səmimilik və manipulyasiya cəhdlərini ortaya qoyur".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə ünvanladığı gizli məktubun mətni açıqlanıb. Bir çox siyasi ekspertlər bu sənədi Sarkisyanın həmin dövrdəki siyasi xəttinin ifşası və etirafı kimi dəyərləndirirlər. Məktubun ən diqqətçəkən məqamı Ermənistanın Rusiyadan Azərbaycana təzyiq göstərilməsi ilə bağlı açıq çağırış etməsi və Bakının tələbləri qəbul etməyəcəyi halda “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması prosesinə başlamağı təklif etməsidir.
Deputat bildirib ki, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan uzun illər hakimiyyətdə olsalar da, korrupsiya və şəxsi maraqlara xidmət edən siyasət ittihamları onların ölkədə ictimai etimadını ciddi şəkildə zəiflədib.
"Bu gün onların siyasi mövqelərini bərpa etmək üçün kilsənin təsir imkanlarına arxalanmaları ekspertlər tərəfindən dini institutlardan siyasi məqsədlərlə istifadə cəhdi kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyan baş verənləri “dövlət çevrilişinə cəhd”, “zorakı aksiyaların təşkili” və hüquqi pozuntular kimi dəyərləndirərək müvafiq tədbirlər gördüyünü bildirir. Hazırkı daxili siyasi proseslər Ermənistanın əvvəlki hakimiyyətləri dövründə baş verən problemləri, o cümlədən regionda gərginliyə səbəb olan qərarları, yanlış siyasi kursu və Azərbaycanla bağlı təhrif edilmiş narrativləri bir daha gündəmə gətirir. Ermənistanda gedən siyasi qarşıdurma həm keçmiş dövrlərdə buraxılmış ciddi strateji səhvləri, həm də regionda sabitliyə mane olmuş fəaliyyətləri yenidən nəzər nöqtəsinə çıxarır".
Rəfiqə Namazəliyeva,
AzNews.az