- Siyasi müzakirə
- 19:30
- 3 125
“Ermənistanın yeganə çıxış yolu Bakı və Ankara ilə barışmaqdan keçir” - Tofiq Abbasov
“Bu sənəd müəmmalı bir sənəddir və mövcud reallıqlara tam uyğun gəlmir. Digər tərəfdən, onun ortaya çıxması müəyyən suallar doğurur və sülh gündəminin ruhuna zidd bir məzmun daşıyır. Təbii ki, Ermənistanın siyasi rəhbərliyi hazırda özünü olduqca qəribə şəkildə aparır. Rəsmi İrəvan zahirdə bütün tərəfdaşlarına “hə” deməklə, guya əməkdaşlıq görüntüsü yaradır, amma əslində, Ermənistan cəmiyyətinin içində, dövlət strukturunda yer alan funksionerlər də yaxşı anlayırlar ki, bu ölkə istənilən anda ziqzaqvari manevr edərək siyasətini tamamilə dəyişə bilər. Azərbaycan dövləti və cəmiyyəti isə özünü aldatmır. Müstəqilliyimizin bərpasından sonra qarşılaşdığımız çətinliklər, sınaqlar bizi həm möhkəmləndirib, həm də yeni çağırışlara hazır vəziyyətə gətirib. Ermənistanın anlamalı olduğu əsas məqam budur: köhnə qaydalarla bu regionda duruş gətirmək mümkün olmayacaq. Onsuz da Ermənistanın mövcud vəziyyəti ağırdır. Dövlət strukturu uzun illərdir dondurulmuş vəziyyətdədir və hərəkət, enerji potensialı çox məhduddur ki, bu ölkə kommunikasiyaları açmaq, dünyaya inteqrasiya olunmaq üçün real addımlar atsın”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ilə Avropa İttifaqı arasında imzalanan sənədə sərt münasibət bildirib. Nazirlik vurğulayıb ki, sənəddəki müddəalar sülh gündəliyinə uyğun deyil və Ermənistanın hərbiləşdirilməsini, Azərbaycana qarşı ittihamları, həmçinin əldə olunmuş razılaşmaların bloklanmasını əks etdirir.
Siyasi şərhçi bildirib ki, Ermənistanın yeganə çıxış yolu Bakı və Ankara ilə barışmaqdan keçir.
"Bu əməkdaşlıqdan kənar onların ciddi imtiyaz və üstünlükləri yoxdur. İran və Gürcüstanla yollarının olması da vəziyyəti xilas etmir. Ermənistan nə iqtisadi, nə istehsal baxımından irəliləyiş əldə edib, nə də bu çıxışlardan səmərəli istifadə edə bilib. İran sanksiyaların basqısı altındadır, Gürcüstanla sərhəddə isə Lars keçidi daim problemli olub. Əgər Ermənistan yenidən müharibə və hərbi avantüralara hazırlaşırsa, bu, demək olar ki, öz məhvinə qərar verməsi deməkdir. Bu, bir növ özünə intihar xarakteri daşıyan addımdır. Yox, əgər Ermənistan hakimiyyəti xarici qüvvələrin əlində alətə çevrilibsə və həmin qüvvələr regionda, Türk-İslam dünyasının qapısında yeni gərginlik ocağı yaratmaq istəyirlərsə, o zaman məsələ tamamilə başqa xarakter alır. Ermənistan rəhbərliyi bir tərəfdən özünü təhlükəyə atır, digər tərəfdən də daxili siyasi proseslərə nəzarəti ələ almaq üçün riskli addımlar atır. Paşinyan diaspor və kilsənin dövlət idarəçiliyinə təsirini qırmaq istəyirsə və bunu bacararsa, müəyyən mənada siyasi üstünlük əldə edə bilər. Əks halda onu növbəti siyasi fiasko gözləyir. Avropa isə bu fonda ikili standartlarını açıq şəkildə nümayiş etdirir. Avropa institutları Ermənistan daxilində baş verən həbslərə, repressiyalara, siyasi təzyiqlərə demək olar ki, heç bir reaksiya vermir. Ermənistanda baş verənlərə göz yumulur, amma Azərbaycanda ən kiçik məsələ dərhal böyüdülərək siyasi təzyiq vasitəsinə çevrilir. Ermənistan daxilində repressiyalar genişlənməkdədir, bir çox şəxslər məsuliyyətə cəlb olunur. Onların bir çoxu Azərbaycan xalqına qarşı cinayətlər törədib və bu, ayrı bir məsələdir. Amma ümumi mənzərə ondan ibarətdir ki, Avropa Ermənistanın avtoritar addımlarına göz yumur, həm də militarizmi orada canlandırmağa çalışır. Bu isə region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan tərəfi isə dəfələrlə bildirib ki, “dəmir yumruq” öz gücünü itirməyib. Lazım gələrsə, dövlətimizin təhlükəsizliyini təmin etmək üçün bütün imkanlar yenidən işə düşəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az