- Siyasi müzakirə
- 20:34
- 1 821
“Ermənistan tərəfdən lənglik var, amma bunu gərginlik adlandırmaq olmaz” - Mübariz Göyüşlü
“Hesab etmirəm ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə gərginlik var. Məsələn, 3 il, 5 il və ya 10 il əvvəllə müqayisədə bu gün tərəflər arasında vəziyyət daha normal, sabit və stabildir. Ermənistanda bəzi qrupların davranışlarını və müəyyən məqamlarda səsləndirilən təxribat xarakterli bəyanatları nəzərə almasaq, ümumi mənzərə Azərbaycan–Ermənistan münasibətlərinin stabilliyini göstərir. Amma əlbəttə ki, bu vəziyyət bizi tam qane etmir. Yəni, sərhədlərin tezliklə müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması, Ermənistan Konstitusiyasında və digər əsas sənədlərdə Azərbaycan ərazilərinə dair iddiaların ləğv edilməsi, Zəngəzur dəhlizinin açılması kimi məsələlər həyata keçirilməlidir. Bu istiqamətdə Ermənistanın fəaliyyəti bizi tam qane edirmi? Xeyr. Ermənistan tərəfdən lənglik müşahidə olunur. Amma bunu “gərginlik” kimi qələmə vermək düzgün deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, Cənubi Qafqazda son aylarda baş verən proseslər regionun gələcək siyasi arxitekturasını müəyyən edən əsas amillərdən birinə çevrilib. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xəttlərinin açılması və təhlükəsizlik məsələləri həm regional güclərin, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Siyasi şərhçi qeyd edib ki, real vəziyyətdə heç bir gərginlik mövcud deyil.
"Hətta bu gün tərəflər arasında yüksək səviyyəli təmaslar da baş verir. Məsələn, Ermənistanın yüksək rütbəli nümayəndələrinin Qəbələdə Azərbaycan rəsmiləri ilə görüşü artıq reallıqdır. “3+3” formatında növbəti görüşün Bakıda keçirilməsi və Ermənistan xarici işlər nazirinin bu görüşdə iştirakı məsələsi də gündəmdədir. Bütün bunlar müsbət və pozitiv proseslərdir. Amma eyni zamanda Amerika, Avropa İttifaqı və Rusiyanın bu proseslərə həddindən artıq müdaxilə etməsini doğru saymıram. Azərbaycan və Ermənistan öz məsələlərini özləri həll etməli, iki ölkə arasında keçirilən ikitərəfli görüşlər vasitəsilə problemlər yoluna qoyulmalıdır. Kənar ölkələrin və müəyyən qrupların bu münasibətlərə müdaxiləsi yolverilməzdir. Bu müdaxilələr mümkün qədər minimuma endirilməli, hətta tamamilə aradan qaldırılmalıdır. Tərəflər öz aralarında apardıqları danışıqlarla bütün məsələləri həll edə bilərlər və etməlidirlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az