“London uzun illərdir Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstək verir” - Oqtay Qasımov

“Böyük Britaniyanın son illərdə Cənubi Qafqazda daha fəal görünməsi təsadüfi deyil. Bu ölkənin xüsusən Azərbaycanla əlaqələrinin uzun müddətdir möhkəm olması həmin dinamikanın əsas səbəblərindən biridir. Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan dövlət olaraq qalır və BP-nin enerji sektorundakı mövcudluğu strateji önəm daşıyır. London uzun illərdir Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstək verir və bölgədə münaqişələrin yekunlaşmasını arzulayan aktorlardan biridir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Cənubi Qafqazda artan fəallığı təsadüfi deyil. 44 günlük müharibədən sonra Londanın həm Azərbaycan, həm də Ermənistanla əlaqələri gücləndirməsi, bölgədə siyasi və iqtisadi maraqlarının genişləndiyini göstərir. Bu aktivlik həm enerji layihələrinin təhlükəsizliyi, həm də Rusiyanın təsirinin azalması fonunda daha da əhəmiyyət qazanır.

Siyasi şərhçi bildirib ki, 44 günlük müharibədən sonra Britaniyanın həm Bakı, həm də İrəvanla əlaqələri genişləndirməyə yönəlmiş siyasəti daha aydın şəkildə nəzərə çarpır.

"Bu yanaşma təkcə biznes sahəsini deyil, hərbi-texniki əməkdaşlığı da özündə birləşdirir. Hər iki ölkəyə müxtəlif hərbi təchizatın təqdim edilməsi Böyük Britaniyanın regionda genişmiqyaslı maraqlarının olduğuna işarə edir. London eyni zamanda Mərkəzi Asiyanın yeraltı sərvətlərinə və Çin ilə Avropa arasında ticarət daşımalarının təhlükəsiz şəkildə davam etməsinə ciddi önəm verir. “Bir kəmər, bir yol” təşəbbüsü əslində Pekinlə London arasında yeni geoiqtisadi xəttin formalaşmasına şərait yaradır və Britaniya həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın sabitliyini öz maraqları baxımından vacib hesab edir. Bu sabitlik həm regiondakı mövqelərinin qorunması, həm də Mərkəzi Asiya ilə genişlənən əməkdaşlığın təhlükəsizliyinin təmin olunması üçün əsas amillərdəndir. Gələcəkdə Pekin–London marşrutu üzrə nəzərdə tutulan layihələrin və artan yüklərin müdafiəsi xüsusi əhəmiyyət qazanacaq. Bu fonda Britaniyanın bölgədə daha çox görünməsi Ukrayna–Rusiya müharibəsinin yaratdığı yeni şəraitlə də əlaqələndirilir. Londonun Rusiyaya qarşı sərt mövqeyi, təbii ki, Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmağa hesablanmış addım kimi qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az