- Siyasi müzakirə
- 10 Dekabr 23:54
- 1 698
“Zelenskinin hakimiyyətdən getməsi artıq realdır” - Kənan Novruzov
“Rusiya–Ukrayna müharibəsi bu gün faktiki olaraq həllini tapmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ən pis seçimlər arasında qalıb. ABŞ-nin təklif etdiyi sülh planı Kiyevi fakt qarşısında qoymur deməkdir. Kiyev sülh planının ilkin versiyasından çıxıb, ona müəyyən dəyişikliklər edilib. Bununla belə, Ukraynanın bu plana razı olması faktiki olaraq kapitulyasiya deməkdir. Zelenski plana razı olsa, xalqın sərt reaksiyası ilə üzləşə bilər. Çünki cəmiyyət sual verəcək: bu qədər müharibə, qan-qada nəyə lazım idi? Razı olmazsa, ABŞ dəstəyini dayandıracaq və Ukrayna daha ağır vəziyyətə düşəcək. Bəzən deyirik ki, Zelenski təcrübəsiz siyasətçidir — bu fikirlə müəyyən qədər razıyam. Amma o, vəziyyəti başa düşməyəcək qədər təcrübəsiz deyil. O baxımdan Zelenski seçim qarşısında qalıb. Təbii ki, o deyə bilməzdi ki, bu plana hazır deyiləm. Onun “xalqımın rəyinə hörmət edirəm, xalqıma inanıram” deməsi normal və diplomatik cavabdır. Trampın bu təklifi indiki məqamda səsləndirməsi isə Ukrayna hakimiyyətinə təzyiqdir. Çünki Tramp hələlik Kiyevi sülhə razı salmaq istəmir, baxmayaraq ki, özü bunu çox arzulayır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsində kritik dönəm başlayıb. ABŞ liderinin “sülh planı”nı irəli sürməsindən sonra vəziyyət daha da mürəkkəbləşib. Belə ki, Ukraynanın müəyyən ərazilərindən əl çəkməsi və Prezident Volodimir Zelenskinin seçkilərə getməsi məsələləri gündəmə gəlib. Hətta ABŞ lideri Donald Tramp şəxsən Zelenskini seçkilərə getməyə çağırıb. ABŞ liderinin çağırışına cavab verən Zelenski isə bildirib ki, “mən həmişə seçkilərə hazıram.” Qeyd etmək lazımdır ki, Zelenski hələ də “sülh planı” ilə tanış olmayıb, bu da Trampı məyus edib. Zelenskinin seçkiyə gedib-getməyəcəyi, namizədlikdən çəkilib-çəkilməyəcəyi və bu qərarın gələcək proseslərə necə təsir edəcəyi hələ də suallar doğurur.
Siyasi şərhçi bildirib ki, ABŞ həm Rusiyayla münasibətləri daha çox gərginləşdirmək istəmir, həm də Rusiyayla iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
"ABŞ müharibə bitəndən sonra diqqətini Çin və Yaxın Şərqə yönəltmək istəyir və eyni zamanda Ukraynaya investisiya qoymaq üçün tələsir. Amma Ukrayna buna razı ola bilmir. Belə vəziyyətdə ABŞ artıq Zelenskinin əlindən nəzarəti ala bilər. Ondan əvvəl, Zelenskiyə ən yaxın şəxs hesab olunan Prezident Administrasiyasının rəhbəri Andrey Yermak korrupsiya qalmaqalına görə vəzifədən uzaqlaşdırıldı. Bu, Zelenskiyə verilən mesaj ola bilər: əgər düzgün nəticə çıxarmasan, səni də hakimiyyətdən uzaqlaşdıra bilərik. Düşünürəm ki, yaxın vaxtlarda Ukraynada prezident seçkilərinin keçirilməsi istisna deyil. Ola bilsin ki, Ukraynanın və bu müharibənin taleyi artıq Zelenski üçün müəyyənləşib. O düşünür ki, hakimiyyətdən qəhrəman kimi getsin, yoxsa xain kimi. Çalışır ki, mümkün qədər qəhrəman kimi ayrılsın. Zelenskinin hakimiyyətdən getməsi realdır. Onun yerinə kim gəlməsindən asılı olmayaraq, ABŞ-nin şərtlərinə rahatlıqla qol çəkə biləcək və “mövcud bataqlıqdan çıxış yolu tapdım” deyəcək. Bütün məsuliyyəti də Zelenskinin üzərinə yıxacaq. Müharibənin daha da genişlənməsi ehtimalı yüksəkdir. Avropa müharibənin bitməsini istəmir. Birincisi, Avropa bu gün Rusiyadan ucuz enerji alır və müharibə bitsə, bu imkan olmayacaq. İkincisi, Avropa narahatdır ki, müharibə bitəndən sonra Rusiya hansısa Avropa ölkəsinə təzyiq göstərə bilər. Müharibə bitsə, Rusiya psixoloji üstünlük qazanacaq. Bundan əlavə, müharibə Rusiyaya çox baha başa gəlib. Sosial-iqtisadi vəziyyət pisləşib və xalq hakimiyyətdən narazıdır. Heç bir xalqa aclıq, bahalaşma fonunda torpaq lazım deyil, özü də başqasının torpağı. Müharibə davam etdiyi üçün xalq Putin hakimiyyətinə qarşı açıq etiraz edə bilmir. Müharibə bitsə, xalq Putinin üstünə gedəcək və post-Putin dövrünə doğru hərəkət başlayacaq. Buna görə Rusiya, İsrail nümunəsində olduğu kimi, hakimiyyətini qorumaq məqsədilə yeni müharibəyə başlaya bilər. Avropa bundan ehtiyat edir və artıq Rusiyanın mümkün təxribatlarına hazırlaşır. Ən sakit ölkələr hesab olunan Finlandiya və İsveç belə Rusiyayla müharibəyə hazırlaşır. Bu vəziyyətdə müharibənin bitməsi ehtimalı az, genişlənməsi isə daha real görünür. Zelenskinin hakimiyyəti isə artıq son mərhələyə qədəm qoyub”.
Rəfiqə Namazəliyeva,
AzNews.az