- Siyasi müzakirə
- 11 Dekabr 20:30
- 2 805
Vəhdət Partiyası regionlarda dayaqlarını bərkidir
Vəhdət Partiyası silsilə regional konfranslarını davam etdirir. Şirvan Gənclər Evində 100-dən çox partiya üzvünün iştirakı ilə keçirilən toplantıda əsas diqqət təşkilatın bölgələrdə daha çevik və səmərəli fəaliyyətinin təmin edilməsinə yönəlib. Vəhdət Partiyasının regionlarda işinin gücləndirilməsi istiqamətində görülən işlər, təşkilati islahatlar, yerli strukturların yenilənməsi və ictimai fəallığın artırılması tədbirin əsas müzakirə mövzuları olub.
Konfransda çıxış edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi partiyanın əsas missiyası, fəaliyyət prinsipləri və qarşıya qoyduğu məqsədlər barədə geniş məlumat verib. Sədr vurğulayıb ki, Vəhdət Partiyası bütün regionlarda yenilənmə, güclənmə və cəmiyyətlə daha sıx əməkdaşlıq xəttini davam etdirir.
“Məqsədimiz yalnız təşkilatın sayını artırmaq deyil, həm də regionda hər bir vətəndaşla sıx əlaqələr qurmaq, ictimai problemlərin həllinə töhfə vermək və gənclərin siyasi-ictimai fəallığını yüksəltməkdir”. Sədr Adəm İsmayıl Bakuvi partiyanın hər bir üzvünün fikirlərinə, təkliflərinə və təşəbbüslərinə açıq olduqlarını, qarşılıqlı əməkdaşlıq və şəffaf idarəetmə prinsiplərinin təşkilatın fəaliyyətində əsas rol oynayacağını vurğulayıb. O, yeni formalaşacaq komandanın işinə böyük inam bəslədiyini bildirib və təşkilat üzvlərinə uğurlar arzulayıb.
Konfransda partiyanın regionlarda, o cümlədən Şirvan şəhəri və Hacıqabulda qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyət istiqamətləri geniş şəkildə müzakirə olunub, bir sıra önəmli qərarlar qəbul edilib. Şəhər üzrə partiya özəklərinin genişləndirilməsi vacib sayılıb. Eyni zamanda, partiyaya yeni üzvlərin cəlbi və gənclərlə iş xüsusi diqqət mərkəzində saxlanılacağı qeyd edilib. o cümlədən, sosial layihələrin genişləndirilməsi də prioritet olaraq saxlanılıb. Xüsusilə şəhid və qazi ailələrinin sosial dəstəyi, aztəminatlı ailələr üçün proqramlar, ekoloji təşəbbüslər və könüllülük fəaliyyətləri diqqət mərkəzində olacağı bir daha vurğulanıb.
Konfrans çərçivəsində Şirvan şəhər təşkilatının rəhbərliyinə seçkilər keçirilib, İlkin Nuraliyev yekdilliklə Şirvan şəhər təşkilatının sədri seçilib. Vəhdət Partiyasının regionlarda apardığı işlərin davamı olaraq Hacıqabulda rayon təşkilatının da bərpa konfransı keçirilib, Rövşən Heydərov rayon təşkilatının sədri seçilib.
Görüşün sonunda iştirakçılar partiyanın işində gənclərin iştirakı, sosial layihələrin inkişafı, partiyanın struktur islahatları və yerli problemlərin həlli barədə fəal müzakirələr aparıblar.