“Azərbaycan çoxvektorlu siyasət yürüdür” - Azad Məsiyev

“Bildiyiniz kimi, SSRİ dağıldıqdan sonra onun tərkibində fəaliyyət göstərən ayrı-ayrı respublikalar öz müstəqilliklərini elan etdilər. SSRİ-nin süqutundan sonra bu respublikalar Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq etmək məqsədilə belə bir platforma yaratdılar. Düzdür, MDB-nin iqtisadi platforması da mövcuddur və bu, Avrasiya İqtisadi Birliyidir. Hərbi platforma kimi isə KTMT — Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu iki təşkilatda iştirak etmir, lakin Müstəqil Dövlətlər Birliyinin üzvüdür. MDB, SSRİ dağıldıqdan sonra siyasi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış bir platformadır. Eyni zamanda Rusiya bu platformadan öz təhlükəsizliyini təmin etmək üçün maksimum dərəcədə istifadə edirdi. Yəni NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinin qarşısını almaq məqsədilə MDB platformasından faydalanırdı”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, MDB çərçivəsində keçirilən qeyri-rəsmi sammitlər postsovet məkanında siyasi əlaqələrin və regional gündəliyin müzakirəsi baxımından mühüm platforma hesab olunur. Lakin son illər təşkilat daxilində artan ziddiyyətlər, təhlükəsizlik mühitindəki kəskin dəyişikliklər və yeni regional formatların meydana çıxması MDB-nin real siyasi çəkisi və funksionallığı ilə bağlı ciddi suallar doğurur.

Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, başda ABŞ olmaqla NATO bloku Rusiya ilə əməkdaşlıq edən bəzi dövlətlərdə “rəngli inqilablar” həyata keçirərək özlərinə münasib hakimiyyətlərin formalaşmasına nail olub.

"Biz bunu Gürcüstanda və Ukraynada açıq şəkildə gördük. Bu proseslərdən sonra həmin dövlətlər MDB-dən uzaqlaşdırıldı və təşkilatla münasibətləri zəiflədi. Hazırda MDB öz funksiyasını yerinə yetirir və əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir. Bununla belə, bu təşkilata daxil olan dövlətlər eyni zamanda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarını genişləndirirlər. Çünki hər bir dövlət öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq müxtəlif platformalarda əməkdaşlıq etməyə çalışır. Məsələn, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak edir, eyni zamanda BRICS platformasında da aktiv mövqe tutur. Yəni Rusiya öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq MDB-dən əlavə digər beynəlxalq platformalarda da fəallıq nümayiş etdirir. Eyni zamanda Orta Asiya respublikaları Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi platforma yaradaraq əməkdaşlıqlarını genişləndirirlər. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda maraqlıdır. Ölkəmiz MDB-də iştirak etməklə yanaşı, Türk Dövlətləri Təşkilatı platformasında da fəal mövqe tutur və Orta Asiya respublikaları ilə ikitərəfli əlaqələri inkişaf etdirir. Bununla yanaşı, Belarusla Azərbaycan arasında da ikitərəfli əməkdaşlıq fəal şəkildə inkişaf edir. 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 43 maddədən ibarət Bəyannamə imzalanıb. Bu Bəyannamənin hər bir maddəsi iki dövlət arasında münasibətlərin inkişafına xidmət edir. Bütün bunlara baxmayaraq, Müstəqil Dövlətlər Birliyi bir siyasi klub və siyasi platforma kimi fəaliyyətini davam etdirir. Bu platforma SSRİ dağıldıqdan sonra onun tərkibində olan respublikaların siyasi əməkdaşlığını təmin etmək məqsədilə yaradılıb. Hüquqi baxımdan MDB-nin səlahiyyətləri məhdud olsa da, siyasi baxımdan bu platforma SSRİ-yə daxil olmuş dövlətlər arasında dialoq və əməkdaşlıq üçün mühüm mexanizmdir. Hesab edirəm ki, bu platforma hələlik öz funksiyasını itirməyib və fəaliyyətini davam etdirir. Hər il müxtəlif ölkələrdə MDB çərçivəsində toplantılar keçirilir və Azərbaycan bu platformada fəal iştirak edən dövlətlərdən biridir. Azərbaycan həm MDB-də, həm də digər beynəlxalq platformalarda öz dövlət və milli maraqlarını qorumaqla əməkdaşlığını genişləndirir. Çünki Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə çoxvektorlu siyasət həyata keçirir. Bu siyasət həm iqtisadi, həm də siyasi sahələri əhatə edir. Bu baxımdan Azərbaycan MDB ilə yanaşı Türk Dövlətləri Təşkilatında fəal iştirak edir, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda iştirakını davam etdirir. Hesab edirəm ki, MDB yaxın dövrdə öz funksiyasını itirməyəcək. Bəzi ekspertlər MDB-nin artıq tarixin arxivinə göndərilməli olduğunu iddia edirlər, lakin bu yanaşma real deyil. Çünki bu təşkilata daxil olan dövlətlər müntəzəm olaraq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq həyata keçirir və bu prosesin davam edəcəyi qənaətindəyəm".

Rəfiqə Namazəliyeva,

AzNews.az