- Siyasi müzakirə
- 29 Dekabr 22:51
- 1 045
“Moskva postsovet məkanını maraq zonası sayır” - Həşim Səhrablı
"Rusiya həmişə müxtəlif yollarla öz siqnallarını verirdi, öz mesajlarını çatdırırdı. Bu, yalnız Cənubi Qafqaz üçün deyil, ümumilikdə MDB və postsovet məkanı üçün keçərlidir. Moskva həmişə göstərirdi ki, bölgələrdən çıxmaq niyyətində deyil və asanlıqla tərk etməyəcək. Bunun nəticəsi olaraq da Moskvanın xarici siyasəti davamlı təxribatlar və pozucu addımlarla formalaşırdı. 20 Yanvar hadisəsi, SSRİ-ni qoruyub saxlamaq üçün törədilən qırğın, buna bir nümunədir. Qarabağın işğalı prosesi zamanı isə anti-Azərbaycan və erməni meyilli addımlar buna misaldır. Eyni zamanda, sonrakı proseslərdə Ermənistanın davamlı silahlandırılması və 44 günlük savaş dövründə Rusiya hər vəchlə öz qurduğu oyun və status-kvonu qorumağa çalışdı. Burada əsas məqsəd onun maraqlarına uyğun vəziyyəti saxlamaq idi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovun son açıqlaması birmənalı qarşılanmayıb. O bildirib ki, Rusiya 2026-cı ildə də “neokolonializm”ə qarşı mübarizəsini davam etdirəcək və rusdilli insanları, onların harada yaşamalarından asılı olmayaraq, müdafiə edəcək. Analitiklər hesab edirlər ki, bu açıqlama ilə Rusiya faktiki olaraq postsovet məkanının hələ də onun “xüsusi maraq zonası” olaraq qalmasını vurğulayır.
Siyasi şərhçi qeyd edib ki, bu gün də Rusiya eyni siyasəti davam etdirir.
"Ryabkovun son açıqlamaları da bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Onun bildirdiyi kimi, rusdilli insanları qoruyacağı, onların neonasizmə məruz qalacağı mesajı bir növbəti dalğanın başlanacağının siqnalıdır. Rusiya əvvəl də etnik rusları qoruyacağını bildirirdi, lakin rusların yaşadığı bölgələr sərhədləndikcə Moskva gördü ki, bu bəhanə artıq onun imperial maraqlarını tam şəkildə təmin etmir. Buna görə də yeni bir bəhanə və oyun ortaya atıldı: rusdilli insanları qorumaq. Bu bəhanə altında digər millətləri və ölkələri öz mənfur niyyətlərinə silah kimi istifadə etmək, onları öz siyasətinə tabe etmək məqsədi dayanır. Bu, açıq-aydın bir şovinizm və imperial xislətidir. Eyni zamanda, bu siyasət artıq rusların özünün fərqində olduğu bir reallıqdır. Onlar görürlər ki, imperiyanın təsir gücü azalır və bu, bütün imperiyalar üçün təbii bir prosesdir. Cənubi Qafqazda bu, açıq şəkildə müşahidə olunur. Mərkəzi Asiyada, xüsusilə Çinin və Qərb kapitalının artan təsiri ilə bölgədə balans dəyişib. Şərqi Avropada isə Rusiya uzun müddətdir uduzub. Ukraynaya müdaxilə və işğal Rusiyaya müəyyən quru parçalar qazandırsa da, orada hegemonluq uğrunda mübarizədə son açarlarını və təsir vasitələrini itirməsinə gətirib çıxardı. Hazırda Ryabkov və Kremlin digər nümayəndələri postsovet məkanında son oyunlarını və hədə-qorxularını reallaşdırır. Lakin bundan qorxmaq və çəkinmək lazım deyil. Rus əfsanəsi və rus nostaljiyası artıq tarixə qovuşur. Dünya artıq o dövrün dünyası deyil ki, imperiyalar vursun, dağıtsın, işğal etsin və ya hər hansı neqativ hadisə ilə ölkələri özünə tabe etsin. Buna baxmayaraq, ehtiyatı əldən vermək olmaz. Yeni ildə Rusiyanın postsovet məkanında azalan nüfuzunu bərpa etmək üçün müəyyən proqramlar, planlar və pozucu addımlar həyata keçirilməsi gözləniləndir. Bunun qarşısını almaq üçün bütün postsovet dövlətləri, ya fərdi, ya regional birlik, ya ümumi birlik şəklində müdafiə mexanizmlərini formalaşdırmalıdır. Əgər bu dövlətlər müstəqilliklərindən vaz keçməsələr, təslimiyyət ruhundan çıxış etməsələr və mübarizə ruhunu qoruyub saxlaya bilsələr, Rusiya artıq postsovet məkanında əvvəlki təsirini və nüfuzunu bərpa edə bilməyəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az