“MDB siyasi dialoq meydanı olaraq qalır” - Azad Məsiyev

"SSRİ dağıldıqdan sonra onun tərkibində olan respublikalar müstəqillik qazandılar. Bu yeni müstəqil dövlətlər siyasi əməkdaşlığı təşviq etmək məqsədilə Müstəqil Dövlətlər Birliyi (MDB) adlı platformanı yaratdılar. MDB-nin iqtisadi əməkdaşlığı Avrasiya İqtisadi Birliyi vasitəsilə həyata keçirilir, hərbi sahədə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rol oynayır. Azərbaycan bu iki qurumun üzvü olmasa da, MDB-yə daxil olmaqla regional siyasi əməkdaşlığa qoşulub. Rusiya MDB-ni öz təhlükəsizliyini təmin etmək və NATO-nun sərhədlərinə yaxınlaşmasının qarşısını almaq üçün strateji alət kimi istifadə edir. Gürcüstan və Ukrayna misalı göstərir ki, bu platforma vasitəsilə Rusiya öz maraqlarını həyata keçirmiş, lakin həmin ölkələrin MDB ilə əlaqələri sonradan zəifləyib. Hazırda MDB üzvləri əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməkdə davam edir və bu platforma siyasi dialoq üçün vacib sahə olaraq qalır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, postsovet məkanında siyasi məsələlərin və regional gündəmin müzakirəsi baxımından MDB çərçivəsində keçirilən qeyri-rəsmi görüşlər hələ də önəmli vasitə hesab edilir. Lakin təşkilat daxilindəki fikir ayrılıqları, təhlükəsizlik şəraitindəki kəskin dəyişikliklər və regionda ortaya çıxan yeni əməkdaşlıq modelləri MDB-nin faktiki təsir gücü və rolunu şübhə altına qoyur.

Siyasi şərhçi bildirib ki, MDB-yə üzv dövlətlər öz milli və strateji maraqlarını nəzərə alaraq digər beynəlxalq platformalarda da fəal iştirak edirlər

"Məsələn, Rusiya həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRICS-də öz mövqeyini gücləndirir. Bu, onu göstərir ki, Rusiya yalnız MDB-yə bağlı qalmır, müxtəlif beynəlxalq platformalarda öz iqtisadi və siyasi maraqlarını müdafiə edir. Orta Asiya dövlətləri isə Azərbaycanla birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirirlər. Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə aktivdir, MDB və Türk Dövlətləri Təşkilatı platformalarında mövqeyini qoruyur. Eyni zamanda, Azərbaycan Orta Asiya respublikaları ilə əlaqələrini inkişaf etdirir və Belarusla ikitərəfli əməkdaşlıq fəaliyyətini gücləndirir. 2022-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 43 maddədən ibarət Müttəfiqlik və Qarşılıqlı Fəaliyyət Bəyannaməsi imzalanıb, bu sənəd iki dövlətin münasibətlərini daha da möhkəmləndirir. MDB siyasi platforma kimi fəaliyyətini davam etdirir. Hüquqi səlahiyyətləri məhdud olsa da, platforma SSRİ dövründəki respublikalar arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün mühüm rol oynayır. Hər il müxtəlif ölkələrdə MDB çərçivəsində görüşlər keçirilir və Azərbaycan bu proseslərdə fəal iştirak edir. Azərbaycan çoxvektorlu siyasət yürüdərək həm şimal, həm cənub, həm qərb, həm də şərq istiqamətində balanslaşdırılmış əməkdaşlıq aparır. Ölkəmiz MDB və digər beynəlxalq platformalarda həm siyasi, həm də iqtisadi maraqlarını qoruyur. Azərbaycan həm MDB-də, həm Türk Dövlətləri Təşkilatında, həm də Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi iştirak edir. Bu yanaşma göstərir ki, MDB yaxın gələcəkdə də öz funksiyasını itirməyəcək. Bəzi ekspertlərin iddialarına baxmayaraq, bu platforma üzv dövlətlərin həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq mexanizmləri sayəsində hələ də aktualdır və gələcəkdə də fəaliyyətini davam etdirəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az