Azərbaycanın yaratdığı yeni regional reallıq - ŞƏRH

Prezident İlham Əliyevin yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə etdiyi müraciət adi bayram təbrikindən daha çox, ötən ilin siyasi yekunu və qarşıdakı mərhələnin strateji çərçivəsi kimi qiymətləndirilməlidir. Çıxışda 2025-ci ilin “uğurlu il” kimi təqdim olunması daxili sabitliyin, təhlükəsizliyin və idarəetmədə davamlılığın qorunduğunu göstərən əsas mesajdır. Burada “xalq-iqtidar birliyi” anlayışı xüsusi vurğulanmaqla, ölkədə əldə edilən nəticələrin sosial konsensus üzərində formalaşdığı göstərilir və bu, dövlətin legitimliyinin əsas dayaqlarından biri kimi təqdim olunur.

Bu ümumi siyasi fon üzərində Prezidentin Zəfərin beşinci ildönümünə geniş yer ayırması təsadüfi deyil. Qarabağ müharibəsində əldə edilən Qələbə artıq təkcə tarixi hadisə deyil, Azərbaycanın dövlətçilik ideologiyasının mərkəzi elementinə çevrilib. Çıxışda Zəfərin “əbədi” xarakter daşıdığı vurğulanmaqla cəmiyyətə aydın mesaj verilir ki, müharibənin nəticələri dönməzdir və bu mövzu üzərindən hər hansı siyasi spekulyasiya perspektivsizdir. Burada Qələbə milli ləyaqətin, suverenliyin və tarixi ədalətin bərpası kimi təqdim olunur.

Məhz bu məntiqin davamı olaraq ordunun gücləndirilməsi məsələsi çıxışda xüsusi yer tutur. Prezident İlham Əliyev bir tərəfdən Azərbaycanın müharibə istəmədiyini bəyan edir, digər tərəfdən isə müasir dünyada güc faktorunun həlledici rol oynadığını açıq şəkildə ifadə edir. Beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə ordunun modernləşdirilməsi təhlükə deyil, dövlətin təhlükəsizliyini təmin edən əsas mexanizm kimi təqdim olunur. Bu yanaşma Azərbaycanın sülhə güc mövqeyindən baxdığını göstərir.

Bu hərbi-siyasi reallıq fonunda Minsk Qrupunun faktiki olaraq tarixə qovuşdurulması çıxışın ən sərt və prinsipial mesajlarından biri kimi qiymətləndirilir. Prezident burada açıq şəkildə nümayiş etdirir ki, Qarabağ məsələsinin həlli beynəlxalq vasitəçilərin deyil, Azərbaycanın siyasi iradəsinin və hərbi gücünün nəticəsidir. Münaqişənin beynəlxalq gündəlikdən silinməsi ilə Azərbaycan öz mövqeyini hüquqi və siyasi baxımdan möhkəmləndirib.

Bununla paralel olaraq sülh müqaviləsinin paraflanması məsələsi qalib dövlətin siyasi davranış modelini ortaya qoyur. Prezident İlham Əliyev Ermənistanla sülh təşəbbüsünü zəiflik kimi deyil, güclü tərəfin məsuliyyətli seçimi kimi təqdim edir. Sülhün ABŞ kimi qlobal aktorun iştirakı ilə təsdiqlənməsi isə Azərbaycanın yaratdığı yeni regional reallığın artıq beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.

Çıxışın növbəti hissəsində xarici siyasət məsələlərinə toxunulması bu mənzərəni tamamlayır. Azərbaycanın D-8 təşkilatına üzvlüyü və Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu status qazanması ölkənin regional çərçivədən çıxaraq daha geniş geosiyasi məkanda təsir imkanları əldə etdiyini göstərir. Bu addımlar Azərbaycanın türk və müsəlman dünyasında etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir.

Bütün bunların fonunda Prezidentin “bizə diktə edə bilməzlər” tezisi dövlətin suverenlik fəlsəfəsini aydın şəkildə ifadə edir. Politoloq hesab edir ki, bu ritorika emosional çağırışdan daha çox, real güc balansına söykənən siyasi mövqedir. Hərbi potensial, iqtisadi dayanıqlıq, enerji və nəqliyyat imkanları Azərbaycanın xarici təzyiqlərə qarşı immunitetini artıran əsas amillər kimi təqdim olunur.

İqtisadi göstəricilərin çıxışda xüsusi yer alması da təsadüfi deyil, valyuta ehtiyatlarının artması, xarici borcun minimal səviyyədə qalması və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri dövlətin iqtisadi müstəqilliyini və uzunmüddətli dayanıqlığını nümayiş etdirir. Bu, siyasi sabitliyin iqtisadi əsaslarla möhkəmləndirildiyini göstərən mühüm mesajdır.

Eyni zamanda “Böyük Qayıdış” proqramının icrası Zəfərin real sosial nəticələrini ortaya qoyur. İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası Qələbənin simvolik yox, konkret və davamlı nəticələr verdiyini sübut edir. Qarabağ artıq yalnız müharibə xatirəsi deyil, inkişaf və gələcək məkanı kimi təqdim olunur.

Düşnürəm ki, bu müraciət İlham Əliyevin siyasi xəttinin mahiyyətini aydın şəkildə ortaya qoyur: güc üzərində qurulan sülh, milli birlik üzərində qurulan dövlət və suverenlik üzərində qurulan xarici siyasət. Bu, həm ötən dövrün hesabatı, həm də qarşıdakı mərhələnin siyasi manifesti kimi dəyərləndirilə bilər.

İsmayıl Nadirxanlı
Siyasi-analitik
Mərkəz Tv-nin rəhbəri