"Qrenlandiya paylaşımı təsadüfi deyil" – Aytən Qurbanova

"Ağ Evin aparat rəhbərinin müavininin həyat yoldaşı Keti Millerin sosial şəbəkədə Amerika bayrağının rənglərində təqdim olunan Qrenlandiya xəritəsini “tezliklə” qeydi ilə paylaşması təsadüfi hadisə və ya sırf şəxsi mövqenin ifadəsi kimi qiymətləndirilə bilməz. Müasir beynəlxalq münasibətlər sistemində bu cür simvolik mesajlar, xüsusilə də ABŞ kimi qlobal güc mərkəzinin siyasi elitasına yaxın şəxslər tərəfindən verildikdə, ciddi strateji məna kəsb edir və diqqətlə təhlil olunmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Qrenlandiya Arktika regionunun ən mühüm geosiyasi məkanlarından biridir. Region həm zəngin təbii resurslara, həm də hərbi-strateji baxımdan əhəmiyyətli mövqeyə malikdir. ABŞ-nin Arktikaya marağı yeni deyil və bu istiqamət rəsmi Vaşinqtonun milli təhlükəsizlik strategiyasında da öz əksini tapır. Bu kontekstdə sözügedən paylaşım ABŞ-nin Arktika ilə bağlı uzunmüddətli planlarının qeyri-rəsmi siqnalı kimi dəyərləndirilə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Ağ Evin aparat rəhbərinin müavininin həyat yoldaşı Keti Miller sosial şəbəkədə Amerika bayrağının rənglərində təqdim olunan Qrenlandiya xəritəsini paylaşaraq “tezliklə” qeydi əlavə edib. Sözügedən paylaşım ABŞ–Danimarka münasibətləri və mümkün geosiyasi planlarla bağlı suallar yaradıb.

Siyasi şərhçi bildirib ki, siyasi elita ilə əlaqəli şəxslər vasitəsilə ötürülən bu cür mesajlar əksər hallarda beynəlxalq ictimaiyyətin və tərəfdaş dövlətlərin mümkün reaksiyasını yoxlamağa yönəlmiş “yumşaq diplomatiya” aləti kimi istifadə olunur.

"Bu baxımdan, paylaşım ABŞ-nin Qrenlandiya və bütövlükdə Arktika siyasətində daha fəal mövqe tutmaq niyyətinin informativ göstəricisi sayıla bilər. Məsələnin digər mühüm tərəfi ABŞ–Danimarka münasibətləri ilə bağlıdır. Qrenlandiya Danimarkanın muxtar ərazisi olduğundan, onun gələcəyi ilə bağlı istənilən jest və ya mesaj rəsmi Kopenhagen üçün son dərəcə həssas xarakter daşıyır. Bu tip simvolik addımlar müttəfiqlər arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərə, eyni zamanda Avropa dövlətlərinin Arktika məsələsində daha ehtiyatlı mövqe tutmasına səbəb ola bilər. Bununla yanaşı, paylaşım Arktika regionunda ABŞ, Rusiya və Çin arasında artan rəqabət fonunda informasiya müharibəsinin tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Sosial media üzərindən verilən bu cür mesajlar regional güc balansına təsir göstərmək məqsədi daşıyan psixoloji və siyasi alətlərə çevrilir. Nəticə etibarilə, Keti Millerin paylaşımı ABŞ-nin rəsmi mövqeyini birbaşa ifadə etməsə də, Arktika bölgəsində gedən strateji proseslər fonunda ciddi siyasi məna daşıyır. Bu hadisə bir daha göstərir ki, müasir beynəlxalq münasibətlərdə sosial media artıq sadəcə kommunikasiya vasitəsi deyil, eyni zamanda geosiyasi mesajların ötürüldüyü mühüm platformadır".

Rəfiqə Namazəliyeva,

AzNews.az