“Yeni ali dini lider mövcud siyasi xətti qorumağa çalışacaq” – Ülviyyə Zülfiqar

"İranda Ekspertlər Şurasının yeni ali dini lider seçməsi ölkənin siyasi sistemində mühüm mərhələ hesab olunur. Bu postda baş verən dəyişikliklər ölkənin daxili və xarici siyasət kursuna əhəmiyyətli təsir göstərə bilər. Qısa müddətdə radikal dəyişikliklərin baş verməsi ehtimalı nisbətən aşağı qiymətləndirilir. Adətən belə hallarda yeni lider mövcud siyasi xəttin əsas konturlarını qorumağa çalışır. Yeni ali dini liderin fəaliyyətinin hansı istiqamətdə formalaşacağı bir neçə amildən asılı olacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Xatırladaq ki, İranın Ekspertlər Şurası ölkənin yeni ali dini liderini seçib. Bu qərar İranın siyasi və dini idarəetmə sistemində mühüm hadisə kimi qiymətləndirilir. Yeni liderin müəyyənləşdirilməsi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Hesab olunur ki, bu seçim İranın daxili siyasi kursuna, regiondakı strateji roluna və qlobal güclərlə münasibətlərinə əhəmiyyətli təsir göstərə bilər. Ekspertlər Şurasının bu qərarı, xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Yeni ali dini liderin yürüdəcəyi siyasi xətt və idarəetmə üslubu rəsmi Tehranın gələcək xarici siyasət prioritetlərinin formalaşmasında mühüm rol oynayacaq. Bu səbəbdən hakimiyyətin ən yüksək səviyyəsində baş verən dəyişiklik həm region dövlətləri, həm də beynəlxalq aktorlar tərəfindən diqqətlə təhlil olunur.

Siyasi şərhçi qeyd edib ki, bura ölkə daxilindəki siyasi qüvvələr balansı, iqtisadi vəziyyət, həmçinin regionda davam edən geosiyasi proseslər daxildir.

"Hər hansı dəyişikliklərin daha çox taktiki xarakter daşıması və sistemin əsas prinsiplərinə toxunmaması gözlənilir. ABŞ və İsrailin yeni ali dini liderə münasibətinə gəldikdə isə, burada əsas faktor İranın ümumi regional siyasəti və təhlükəsizlik strategiyasıdır. Əgər mövcud siyasi xətt davam etdirilərsə, rəsmi Vaşinqton və Təl-Əvivin mövqeyində ciddi dəyişikliklərin baş verməsi ehtimalı yüksək görünmür".

Rəfiqə Namazəliyeva,

AzNews.az