- Siyasi müzakirə
- 10 Mart 22:57
- 2 341
“Azərbaycan qonşularla sülh və qarşılıqlı hörmət prinsipi ilə siyasət yürüdür” – Azad Məsiyev
"Azərbaycan regionda qonşularla sülh və qarşılıqlı hörmət prinsipi əsasında münasibətlər qurmağa çalışır və bu siyasəti beynəlxalq hüquq çərçivəsində həyata keçirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə öz ərazisindən hər hansı üçüncü dövlətin İrana qarşı hərbi və ya digər əməliyyatlar aparmasına icazə verməyəcək. Bununla belə, Naxçıvan hava limanı istiqamətində dron hücumu ilə bağlı iddialar Azərbaycan–İran münasibətlərində gərginlik yaradıb və cəmiyyətdə ciddi narazılıq doğurub. Hadisələr iki ölkə arasında münasibətlərin pisləşməsində maraqlı olan üçüncü qüvvələrin fəaliyyətinin nəticəsi ola bilər.
Bu cür addımlar nə Azərbaycanın, nə də İranın dövlət maraqlarına uyğun gəlir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, 8-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, İlham Əliyevin İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin və bir sıra mülki şəxslərin həlakı ilə bağlı Tehranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verməsinə və humanitar yardım təşəbbüsünə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını qeyd edərək hadisənin araşdırılacağını vurğulayıb. Prezident İlham Əliyev isə İranda baş verən hadisələr nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı başsağlığını yenidən ifadə edib və Naxçıvan hadisəsinin hərtərəfli araşdırılmasının vacibliyini qeyd edib.
Siyasi şərhçi bildirib ki, İran daxilində xarici təsir şəbəkələrinin mövcudluğu ilə bağlı iddialar zaman-zaman gündəmə gətirilir və bu amilin regiondakı proseslərə təsir edə biləcəyi istisna olunmur.
"Eyni zamanda Azərbaycan və İran prezidentləri arasında formalaşan dialoq və qarşılıqlı təmaslar münasibətlərdə yaranan gərginliyin aradan qaldırılması baxımından mühüm rol oynayır. İran prezidentinin Azərbaycan prezidentinə zəng edərək hadisə ilə bağlı üzrxahlıq etməsi də münasibətlərin normallaşdırılması istiqamətində müsbət addım kimi qiymətləndirilir. İranda baş verən proseslər bütövlükdə Cənubi Qafqaz regionuna da təsir göstərə bilər. Böyük güclərin bölgədəki geosiyasi maraqları fonunda İran ətrafında baş verən hadisələr regional təhlükəsizlik və siyasi balans baxımından diqqətlə izlənilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az