Maduro ABŞ-a yenilsəydi, bu hadisələr baş verməyəcəkdi - Azər Həsrət

“Yəni bu demokratiya söhbəti deyil”.

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrətdir.

-Azər bəy, Venesualadakı hadisələrdən xəbərdarsınız. Baş verənləri dəstəkləyənlər içərisində ən çox ABŞ diqqət çəkir. Sizcə, ABŞ dəstəyi ilə doğrudan demokratiya istəyir?

-Venesuelada baş verən hadisələr ABŞ-ın canfəşanlığı sayəsində demokratiya mübarizəsi kimi göstərilsə də, əslində orda olan ABŞ-ın Venesuela dövlətini ram etmə kampaniyasıdır. Venesuelanın keçmiş prezidenti Uqo Çaves sağlığında ABŞ-la yola getməyən, onun çaldığını oynamayan müstəqil siyasət yürüdən prezident idi. Sonra xəstəliyə yenildi, xərçəngdən dünyasını dəyişdi. Onun yerinə gələn silahdaşı Maduro da həmin siyasəti davam etdirdi. ABŞ-ın boyunduruğu altına girməkdən imtina elədi. Əslində ABŞ Maduro ilə dil tapsaydı, Maduro ABŞ-a yenilsəydi, bu hadisələr baş verməyəcəkdi. Bu gün baş verənlər onun uzantısıdır. Özü də gördünüz ki, ABŞ inqilab etdiyi deyilən 35 yaşlı müxalif gəncin prezidentliyini qəbul etdi. Bu artıq açıq şəkildə göstərir ki, orda nə oyun gedir. Yəni bu demokratiya söhbəti deyil.

-Bəs Maduronu dəstəkləyənlər? Bildiyiniz kimi ABŞ-la müttəfiq olmasına baxmayaraq Türkiyə də Maduronu dəstəkləyən ölkələr arasındadır.

-Ərdoğan, Putin dəstəklədi. Yeri gəlmişkən? Çin də dəstəklədi. Çünki bu ölkələr ABŞ-la münaqişədə olan ölkələrdir. Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın strateji tərəfdaşıdır, amma özünün müstəqil siyasəti ilə dünyada çox fərqlənir. Təbii ki, ABŞ-ın özbaşına addımlarını Türkiyə dəstəkləyə bilməzdi. Ona görə də Türkiyə prezidenti Maduronu dəstəkləyib. Bu üç dövlət qlobal müstəvidə ABŞ-la qarşı-qarşıya duran dövlətlərdir. Ona görə də onlar burda həm ədaləti dəstəkləmiş oldular, həm də ABŞ-a göstərmək istədilər ki, bu müstəvi üzərindəki tək oyunçu sən deyilsən.

-Cənab prezidentin Davos səfəri çoxsaylı görüşlərlə nəticələndi. Xüsusilə görüşlər fonunda Paşinyanla qeyri-rəsmi söhbəti oldu. Fikrinizcə, bu söhbət hər iki ölkənin xarici işlər nazirlərinin etimad görüşlərini sürətləndirə və sülhə doğru gətirib çıxara bilərmi?

-Yanvarın 16-da hər iki ölkənin xarici işlər nazirlərinin görüşü baş tutub. Orda 4 saat çəkən görüşdən optimist notlarla çıxdılar. Belə bir açıqlama vermişdilər ki, xalqları sülhə hazırlamalıyıq. Onun ardınca Ermənistanda baş verən müəyyən prosesləri də izlədik. Ermənistanın ictimai televiziyası azərbaycanlılarla dostluqdan bəhs edən veriliş yayınladı. Özü də o veriliş faktiki olaraq tərəfsiz bir veriliş kimi təqdim edildi. Yəni orda Qarabağ münaqişəsi Azərbaycanın daxilindəki ərazi münaqişəsi kimi təqdim edildi. Halbuki bu? əvvəllər başqa yöndə təqdim olunurdu. Bu da Ermənistan ictimaiyyətində geniş müzakirə olundu. Hətta Paşinyana müxalif olan qüvvələr bunu Qarabağı Azərbaycana güzəştə getməyə hazırlaşması kimi dəyərləndirdi.

Bunun ardınca prezident İlham Əliyevin Paşinyanı Davosda qəbul etməsi, onların saat yarım görüşməsi müəyyən ümidlərin yaranmasına səbəb ola bilər. Saat yarım kef-hal soruşmaq üçün olan bir görüş deyil. Görünür, burda hansısa ayrıntılar üzərində geniş söhbət gedib. Və o söhbət zamanı yəqin ki, Ermənistana Azərbaycanın mövqeyi, daha dəqiq formada çatdırılıb. Yəni izah edilib ki, Ermənistanın və erməni xalqının xoşbəxt gələcəyi mütləq Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Çünki bu nəticə etibarilə həm Azərbaycan, həm də Türkiyənin Ermənistana münasibətini dəyişməsinə səbəb olacaq. Paşinyan az-çox bu məsələləri anlayan biridir. Onu 20 ildən çoxdur jurnalist olduğuna görə şəxsən müşahidə edirəm. Onun başına gətirilənlər, döyülməsi, tutulması proseslərini izləmişik. Düşünürəm ki, o, daha ağılla düşünə biləcək imkana malikdir. Əvvəlki Sarkisyan, Köçəryan klanlarından fərqli olaraq hər halda ermənilərin başına gələn bəlaları daha yaxşı anlayır. Ona görə ki, xalqın içindən çıxmış adamdır, xalqdan biridir. Bu baxımdan düşünürəm ki, müəyyən ümidlər üçün əsas var. Amma konkret nə hadisə baş verəcək, nə vaxt olacaq bunu demək çətindir. Çünki bu münaqişənin həlli sadəcə Azərbaycanla Ermənistandan asılı deyil. Üçüncü tərəflər də var. O üçüncü tərəflərin də sabah hansı sevdaya düşəcəyini demək mümkün deyil.

-Ərdoğan-Putin görüşü baş tutdu. Onların görüşü ilə bağlı nə deyə bilərsiniz. Sizcə Suriya ilə bağlı hansı nəticələr əldə olunacaq?

-Ümumiyyətlə Suriya münaqişəsinin vaxtında çözülməsi, hətta mən deyərdim ki, Bəşər Əsəsdin devrilməsi işin xeyrinə olardı. Yəni o münaqişə hardasa 8 ildir, “Ərəb baharı” başlayandan davam edir. Suriya dövləti və xalqı hər keçən gün milyonlarla, milyardlarla itkiyə məruz qalır. Demək olar ki, əhalinin yarısı ölkəni tərk edərək qaçqın vəziyyətində yaşayır. Əsasən 3 milyon yarımı Türkiyədədir, qalanı isə Avropa ölkələrində yerləşir. Yəni sözümün canı odur ki, Putinlə Ərdoğanın görüşməsində Suriya, Venesuela və digər məsələlər müzakirə edilib. Hansılar ki, bütün dünya ictimaiyyətini maraqlandırır.

-Ümumiyyətlə hər iki ölkənin Azərbaycanın müttəfiqi olduğunu nəzərə alsaq, ölkəmiz üçün bu görüşün faydası varmı?

-Bu görüşlərin Azərbaycana faydası var. Ona görə ki, Ərdoğan Azərbaycanın yaxın dostudur. Rusiya ilə münasibətlərimiz yaxşı səviyyədədir. Bu iki dövlət rəhbərinin bir araya gəlməsi istənilən halda Azərbaycanın problemlərinin həllinə yönəlir. O baxımdan düşünürəm ki, həm Suriyada ABŞ-ın çəkilməsindən sonrakı mərhələyə birgə hazırlıq haqqında, həm də Azərbaycanla ümumilikdə Cənubi Qafqazla bağlı strategiyanın müəyyənləşdirilməsində ortaq məxrəcə gəlirlər. Burda bizim xeyrimizə olan məqam ondan ibarətdir ki, Ermənistan Rusiya ilə münasibətlərdə bir qədər gərginlik yaşamaqdadır. Azərbaycan isə münasibətlərində heç bir gərginlik yaşamır. Bu tərəfdə də Türkiyə, Rusiya, Azərbaycan üçlüyü ortaq məxrəcə gələ biləcək məsələlər tapa bilərlər.

-Ölkə daxilinə qayıdaq. Müxalifətin son günlər aktivləşməsi nəzərə çarpır. Düzdür, hər bir demokratik cəmiyyətin öz müxalifəti olur.

-Azərbaycan ifadə azadlığına konstitusion təminat verən ölkələr sırasında olaraq hər bir vətəndaşın, hər bir siyasi qüvvənin öz etirazını dinc yolla, qanunlar çərçivəsində ifadə etməsinə şərait yaradır. Yəqin ki, xatırlayırsınız, yanvarın 19-da Milli Şura adı altında birləşmiş qurumun təmsilçiləri sakit bir şəkildə Məhsul stadionunda mitinq keçirməyə icazə aldılar. Amma sonrakı mərhələdə onlar qanun çərçivəsində hərəkət etmədilər. Mitinq başa çatdıqdan sonra ordakı insanların küçələrə çıxaraq şüarlarla qışqırması, ətrafdakı insanları narahat etməsi hətta metroya enərək orda belə qarışıqlıq yaratmağa cəhd etməsi təbiidir ki, Bakı şəhərinin davamlı və düzənli sabitliyinin pozulmasına təkan verə bilərdi. Bakı Şəhər İcra Hakimiyyəti onlara bu haqda xəbərdarlıq etdi. Hətta vəziyyət o həddə çatdı ki, Bakı Şəhər İcra Hakimiyyəti daha sərt addımlar atmaq üçün hərəkətə keçməli oldu. Bu da səbəbsiz deyildi. 20 yanvar şəhidlərinin anım günündə belə ortalığı qarışdırmağa cəhd göstərdilər. Özü də bunu sosial media üzərindən canlı yayımla etdilər. İnsanların emosiaları ilə oynamağa cəhd göstərdilər. Bizim polislərimiz isə Fransa polislərindən fərqli olaraq zorakılığa əl atmadı. Dinc üsullarla onların bu hərəkətlərinin qarşısını aldı. Amma bir daha bəlli oldu ki, bu adamların dinc aksiyalar keçirmək vərdişləri yoxdur. Yəni onlara hansısa formada mütləq məhdudiyyətlər tətbiq edilməlidir. İndiki mərhələdə Bakı Şəhər İcra Hakimiyyəti bu qənaətə gəlib ki, onların mitinq müraciətinə rədd cavabı verilsin. Bu adamlar da öz üzərlərində işləsinlər, dinc aksiyalar keçirmə vərdişlərini bərpa etsinlər. Belə olacağı təqdirdə onlara yenə icazə veriləcək. Bütün bunlar da niyə edilir? Coğrafi olaraq çox təhlükəli regionda yerləşirik. Sabitlik yoxdur. İran dünya ilə üz-üzə qalıb, sanksiyalar, ölkədə problemlər var. Bu tərəfdən Ermənistan inqilab yaşayıb, təzəlikcə sabitləşməyə cəhd göstərib. O tərəfdə Gürcüstan öz böyük qonşusu Rusiya ilə nə vaxt həll ediləcəyi bəlli olmayan münaqişə içindədir. Yaxın coğrafiyamızda “Ərəb baharı” baş verib və davam etməkdədir. Belə bir coğrafiyada davamlı sabitliyi qorumaq elə də asan məsələ deyil. Ona görə də Azərbaycan dövləti mümkün olan hər şeyi edir ki, bu ölkədə sabitliyi poza biləcək işartılar beşiyindəcə boğulsun.Ona görə ki, insanlarımız sabitliyə öyrəşiblər. Sakit həyatımızı kiminsə pozmasını istəmirik. Təəssüflər olsun ki, müxalifət adını iddia edən Milli Şura adlı qurumun təmsilçiləri bu faktorları nəzərə almırlar. Şayiə yayırlar, insanların emosialarına təsir edən köhnə görüntülər paylaşırlar. Suriyada, İraqda baş vermiş hadisələri gətirib Azərbaycanda baş vermiş kimi təqdim edərək insanlara göstərirlər ki, “bax görürsünüz, dövlət vətəndaşa qarşı bunları etdi”. Emosiyalar üzərində belə bir siyasət qururlar. Nəticədə isə bütün bunlar sabitliyin pozulmasına gətirib çıxara bilər. Biz də vətəndaş olaraq bu sabitliyin pozulmasını istəmirik. Azərbaycan dövləti sabitliyi pozmaq istəyənlərə qanunlar çərçivəsində addımlar ataraq yerini göstərir.

Pərvanə Ağazadə

AzNews.az