Lavrovun səfərində nəticə çıxarılacaq amillər çoxdur Lavrovun səfərində nəticə çıxarılacaq amillər çoxdur
  • Hadisə
  • 12 Noyabr 2019 15:23
  •  14 367

"Musavat.com": Lavrov Paşinyanın fikirlərini olduğu kimi təkrarladı

Lavrovun səfərində nəticə çıxarılacaq amillər çoxdur

“Lavorun sözləri, faktiki olaraq Paşinyanın fikirlərinin olduğu kimi təkrarlanmasıdır”.

Bu fikri politoloq Elçin Mirzəbəyli deyib.

O, bildirib ki, əslində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən, danışıqlar prosesində olan tənzimləmə mexanizmlərinə ziddir: “Lavrov əslində keçirdiyi mətbuat konfransında bir neçə dəfə özünü təkzib edib. “Dağlıq Qarabağ xalqı” adını istifadə etməklə Ermənistanın əks təqdirdə buna razılıq verməyəcəyini bildirib. Faktiki olaraq öz fikirlərini Ermənistanın da sözçüsü kimi sərgiləyib. Halbuki, bu, münaqişədə vasitəçi missiyasını həyata keçirən bir ölkənin xarici işlər nazirinin funksiyasına aid olan məsələ deyil. Digər tərəfdən daha sonra Helsinki yekun aktının prinsiplərini sadalayıb. Hansı ki, bu prinsiplər də danışıqlar prosesinin əsasını təşkil edir. Onların birincisi münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Daha sonrakı prinsiplər isə öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək mexanizmləridir. Ərazidə bütövlüyü çərçivəsində münaqişənin öz müqəddəratını təyinetmə mexanizmləri də daxil olmaqla həlli muxtariyyət modelidir. Bununla bağlı Azərbaycan öz mövqeyini açıqlayıb. Eyni zamanda oxşar prinsiplər dünyada da mövcuddur. Yəni Helsinki yekun aktının prinsipləri əsasında həll edilən bütün münaqişələrin həllində oxşar mexanizmlər tətbiq olunur. Bu baxımdan Lavrov faktiki olaraq məsələdə özünü təkzib edir”.

Politoloq bildirib ki, Lavrovun Ermənistana səfərinin mahiyyətinə də diqqət etmək lazımdır:

“Ermənistanda qələbənin guya 75 illiyinə həsr olunmuş sərgidə iştirak etmək üçün gəlib. Əslində Ermənistanın faşizmi təbliği məsələsi faktiki olaraq rus ictimaiyyətinin gündəminə gəldikdən sonra, ola bilər ki, ermənipərəst dairələri tərəfindən Ermənistanın könlünün alınmasına, onlarla bağlı Rusiya cəmiyyətində yaranmış təəssüratların müəyyən qədər silinməsinə xidmət edən amildir. İkinci diqqət edilən məsələlərdən biri də Lavrovun Türkiyə-Ermənistan münasibətlərinə Rusiyanın təsir göstərə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərdir. Dolayı yolla ifadə etmək istəyir ki, Rusiyanın dəstək vermədiyi heç bir proses yerinə yetməyəcək. Bu da maraqlı məqamlardan biridir. Başqa maraqlı məqamlardan biri də ABŞ-ın 49.1 milyon dollar ayırdığı və Ermənistanın 3 şəhərində inşa edilmiş biolaboratoriyalara rusiyalı mütəxəssislərin buraxılması ilə bağlı Ermənistanla Moskva arasında hansısa fikir ayrılığının çözülməsidir. Bu, o deməkdir ki, ABŞ-ın pulu və texniki dəstəyi hesabına inşa edilən laboratoriyalar, artıq Rusiyanın nəzarətinə keçir. Bütün bunların hamısı maraqlı yanaşmalardır. Məsələyə Vaşinqtonun münasibətinin necə olacağı isə maraqlıdır və bunun yaxınlarda görəcəyik. Bütövlükdə deyim ki, Lavrovun səfərində nəticə çıxarılacaq amillər çoxdur”.

Yerevanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə birfinqində deyib ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz: “Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq. Danışıqlar prosesinin tərkibini tərəflər özü müəyyən edib. Məsləhətləşmənin ilkin mərhələsində və hərbi əməliyyatların bitməsindən sonrakı danışıqlar prosesində Dağlıq Qarabağ müvafiq razılaşmaların və danışıqların tərəfi idi. Ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və məsələnin ancaq sülh yolu ilə nizamlanması prinsipləri tərəflər arasında müzakirə olunan sənədlərin bütün variantlarında əksini tapıb. Və istənilən halda yekun həll bütün bu prinsipləri nəzərə almalıdır. Bununla nə Yerevan, nə Bakı mübahisə edir. Amma sonrası diplomatiya sənətidir. İstənilən razılaşma, xüsusən də belə mürəkkəb məsələ ilə bağlı, kompromislərdir. Və biz həmsədrlər çalışırıq ki, kompromis dürüst olsun, maraqların real və ədalətli balansını əks etdirsin”. (Musavat.com)

AzNews.az