Amerikanın gələcək aylarda Türkiyəyə sanksiya tətbiqi təhlükəsi ortadan qaldırılmadı Amerikanın gələcək aylarda Türkiyəyə sanksiya tətbiqi təhlükəsi ortadan qaldırılmadı
  • Hadisə
  • 16 Noyabr 2019 10:37
  •  17 610

"Musavat.com": “Ərdoğanın səfəri zamanı ABŞ siyasi tarixində bir ilk yaşandı”

Amerikanın gələcək aylarda Türkiyəyə sanksiya tətbiqi təhlükəsi ortadan qaldırılmadı

Müsahibimiz siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Onunla Türkiyə və ABŞ prezidentlərinin son görüşü və Senatda “erməni soyqırımı” qanun layihəsininin bloklanmasını dəyərləndirdik.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri nə dərəcə zəruri idi, yəni səfərdən imtina etmək olardımı?

- Həqiqətən Ərdoğana Amerikaya səfər edib-etməmək qərarını vermək çətin idi. Çünki birincisi, ABŞ prezidenti türkiyəli həmkarını 13 noyabrda ölkəsinə dəvətdən sonra Ərdoğana aşağılayıcı məktub yazmışdı, ikincisi isə Konqresin Nümayəndələr Palatası qəfil və böyük səs çoxluğu ilə Türkiyə əleyhinə “erməni soyqırımı” qətnaməsini qəbul etmişdi. Buna baxmayaraq, Ərdoğan getməyə qərar verdi. Doğru qərar idi. Çünki Trampın dəvətinə rəğmən, Ərdoğan Amerikaya getməsəydi, bu iki ölkə arasındakı münasibətlərə daha ağır zərbə vuracaqdı. Digər tərəfdən, Ərdoğan Trampın dəvətini yerə salsaydı, bu, Ağ Ev sahibini Amerikadakı antitürk qüvvələr qarşısında gücsüz duruma salacaqdı. Nə də olmasa, Amerikadakı müxtəlif siyasətçi və mərkəzlərdən fərqli olaraq Trampın Türkiyəyə və Ərdoğana münasibəti müsbətdir.

- Ərdoğan və Tramp görüşdən istədiklərini ala bildilərmi?

- Prezidentlər əvvəlcə təkbətək sonra isə nümayəndə heyətləri ilə birgə görüşdülər. Bundan başqa, bəlkə də ABŞ siyasi tarixində bir ilk yaşandı: Tramp və Ərdoğan Ağ Evdə Respublikaçılar Partiyasının 5 tanınmış konqresmeni və senatoru ilə görüşdü və bu görüşün ilk dəqiqələri televiziyada yayımlandı. Respublikaçı qanunvericilər Ərdoğanın səfərindən məmnun qaldıqlarını söyləməklə yanaşı, Türkiyə prezidentinə sərt suallar da verdilər. Məsələn, senatorlardan biri sual etdi ki, Türkiyə niyə Suriyadakı amerikalıların müttəfiqi kürdlərlə savaşır, yaxşı olmazmı onlarla ittifaq qurasınız? Ərdoğan cavabında dedi ki, “kürdləri terrorçularla qarışdırmayın, bizim kürdlərlə problemimiz yoxdur”. Fikrini “mənim partiyamda 50 kürd millət vəkili var” sözləriylə davam edən Ərdoğan Suriyadakı silahlı kürdlərin terrorçu PKK-ya bağlı olduğunu və Türkiyə ərazisində də insanları qətl etdiklərini bildirdi. Ərdoğan sözlərinə onu da əlavə etdi ki, həbsdə olan terrorçubaşı Abdullah Öcalanın mənəvi oğlunun və YPG-nin rəhbərinin Vaşinqtona dəvət edilməsi onu üzüb. Bundan sonra jurnalistlər otağı tərk etdilər. Bəllidir ki, qapalı görüşdə Ərdoğanla amerikalı qanunvericilər arasında sərt dialoq davam edib. Çünki Ərdoğan geri dönərkən təyyarədə jurnalistlərə onu da dedi ki, senatorlara dərs verdi. Bunun mənası böyükdür.

- Prezidentlərin daha sonra mətbuat konfransında verdikləri cavablardan hansı qənaətə gəlmək olar?

- Birincisi, Vaşinqton üçün Türkiyənin Rusiyadan aldığı S-400 raketləri mövzusu əvvəlki tək aktualdır. Tramp Ərdoğanın bu raketlərdən imtinası halında Türkiyəyə həm “Patriot” raketərini, həm də “F-35" hərbi təyyarələrini satacağını vəd etdi. Ayrıca, Türkiyə ilə ticarət mübadiləsini indiki 20 milyard dollar səviyyəsindən 100 milyard dollar səviyyəsinə qaldıracağını vəd etdi. Niyə məhz 100 milyard dollar? Məsələ burasındadır ki, Ərdoğan Rusiya ilə ticarət mübadiləsini də indiki 35 milyard dolar səviyyəsindən 100 milyard dollar səviyyəsinə qaldırmaq istəyir. Amerika da eyni hədəfi qarşısına qoyub. Ancaq bu ikisi arasında önəmli fərq var. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə hər görüşündə ticarət mübadiləsini 100 milyard dollara çatdırmağı hədəflədiyini bildirir. Amerikanın nümunəsində bu sözləri Ağ Ev sahibi səsləndirib və maraqlıdır ki, Ərdoğanın ”Amerika ilə Türkiyə arasında ticarət mübadiləsini 100 milyard dollara çatdıraq" fikrinə reaksiya bildirmədi. Görünür, Ərdoğan indiki şərtlər daxilində Amerika ilə bunun mümkün olmadığını anlayır.

- Türkiyə Vaşinqtonun istəyi ilə S-400 raketlərini Rusiyaya geri qaytara bilərmi?

- Ərdoğanın Rusiyanın S-400 raketlərindən imtinası faktiki mümkün deyil. Çünki həmin raketlərin pulu ödənib və həmin raketlər artıq Türkiyədə yerləşdirilib, sadəcə tam hərbi vəziyyətə gələn ilin aprelində gətiriləcək. Bundan sonra bu raketləri necə Rusiyaya geri qaytarmaq olar? Buna baxmayaraq, Türkiyə və Amerika hərbçiləri bu problemli məsələdə ortaq məxrəc üzərində işləyəcəklər. Bu, elə bir həll formulu olmalıdır ki, S-400-lərlə bağlı həm Türkiyəni, həm də Amerikanı razı salsın. Çətin olacaq. Bütün hallarda Tramp Ərdoğana dedi ki, S-400 məsələsi həllini tapmasa, o, Amerikadakı anti-türk qüvvələrin Türkiyəyə qarşı növbəti sanksiyalarının qarşısını ala bilməyəcək. Yeri gəlmişkən, Ərdoğanla görüşdə iştirak edən respublikaçı senatorlar eyni gündə “erməni soyqırımı” qətnaməsinin Senatda müzakirəsinin qarşısını aldılar. Yəni bununla Tramp və onun respublikaçı tərəfdarları Ərdoğana geri addım atmaq üçün şans tanıdıqlarına işarə etdilər. İkincisi, Ərdoğan terrorçu FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə iadə edilməsi zərurətini mətbuat konfransında bir daha səsləndirdi. Tramp jurnalistlər qarşısında bu mövzuya toxunmadı. Amerika çətin ki, Güləni Türkiyəyə iadə etsin. Bu, Trampın imkanı xaricindədir. Səbəbi sadədir. Amerika kəşfiyyatı özünküləri başqa dövlətlərə təslim etmir. Üçüncüsü, Ərdoğan Amerikanın Suriyada PKK uzantıları ilə deyil, Türkiyə ilə əməkdaşlığı genişləndirməsini təklif etdi. Məsələn, Ərdoğan Trampa təklif etdi ki, gəlin Suriyanın Türkiyə ordusunun nəzarət etdiyi bölgəni birlikdə quraq və milyonlarla suriyalının geri qayıtmasını təmin edək. Bu təklifə də reaksiya olmadı. Belə görünür ki, Amerika Suriyada PKK uzantıları ilə əməkdaşlığıa davam edəcək və Tramp YPG rəhbərliyini terrorçu saymır.

Beləliklə, Ərdoğanla Tramp arasındakı görüşdən real nəticənin əldə olunduğunu söyləmək çətindir. Türkiyə S-400 raketlərindən imtina etməyəcək, Amerika Fətullah Güləni iadə etməyəcək və PKK uzantılarıyla əlaqələrini davam edəcək. Belə olan halda iki ölkə arasında hansı yaxınlaşmadan danışmaq olar? Buna baxmayaraq, iki ölkə bir-birlərinin ayaqlarını basdalamamağa çalışacaqlar.

Ancaq Amerikanın gələcək aylarda Türkiyəyə sanksiya tətbiqi təhlükəsi ortadan qaldırılmadı. Bu, Türkiyəni qorxutmur. Türkiyəni Amerikanın ona hərbi təyyarələr satmaması qərarı da qorxutmayacaq. Türkiyənin alternativ olaraq hərbi təyyarələri Rusiyadan da almaq imkanı var. Belə olarsa, Amerika Türkiyəni özü üçün daha çox itirəcək. Bu yerdə onu da xatırlayaq ki, Ərdoğan Trampın ona yazdığı aşağılayıcı məktubu Ağ Ev sahibinə qaytardı.

- Ərdoğanın səfəri bitər-bitməz ABŞ Senatında “erməni soyqırımı” qanun layihəsi bloklandı. Bu təsadüf idimi?

- Amerikalı senatorlar “erməni soyqırımı” müzakirələrinə başlamadan bir az Türkiyəyə minnət qoyurlar. Yəni demək istəyirlər ki, “biz bir şərtlə erməni məsələsini müzakirə etməyəcəyik ki, sən də bizə tərəf addım at”. Bu yanaşma bir az şantaja da bənzəyir. Amerika Senatı ilk növbədə öz ölkəsinin maraqlarını nəzərə alaraq erməni lobbisinin əlində alətə çevrilməməlidir. Ancaq mənim qənaətim belədir ki, nə vaxtsa Senat Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsini təsdiq etsə və hansısa prezident buna imzasını atsa, bundan Amerikanın özü uduzacaq. Bu vaxta qədər “soyqırım” qətnamələrini qəbul edən parlamentlər nəyə nail olublar ki? Türkiyə doğru bildiyi yolla gedir və bu kimi “qətnamələrin” Türkiyənin siyasətinə zərrə qədər də təsiri yoxdur. (Musavat.com)

AzNews.az