"Musavat.com": Prezidentin müxalifəti…

Bu müxalifətin "qabında" nə olduğunu biz də yaxşı bilirik

Yola saldığımız həftə siyasi baxımdan maraqlı hadisələrlə yadda qaldı. Onların arasında mediada çox yazılan da oldu, az diqqət ediləni də. Diqqət çəkən mövzulardan biri yenidən iqtidar-müxalifət münasibətləri mövzusudur. Televiziyalar bu mövzunu işlədi, yazılı media isə mövzu müxalifət olunca, ehtiyatlı davrandı. Çünki bu mövzunu oxuyan yoxdur. Ən tirajlı başlıqla versən də, maləsəf, tiraj gətirmir bu adamlar…

Prezident İlham Əliyevin Sumqayıtda AXC-Müsavat hakimiyyətində təmsil olunan, əsrin dördə birini (26 ilini) isə müxalifətdə keçirənlərə sərt tənqinin əsas motivini ümumiləşdirsək, mənzərə aydındır: bu adamlar vəzifələrinin öhdəsindən gələ bilməyiblər, ölkəni böhrana salıblar, hakimiyyəti biabırçı şəkildə tərk ediblər. Düzmü? Məncə, yüzdə-yüz doğru. Bunu təkcə prezident demir, o dövrü yaşayan, indi az qala lətifəyə çevrilən "gəlmişdilər, gördük" deyən hər kəs bilir. Cəmi bir il hakimiyyətdə olan adamların yenidən gündəm olması barədə də əlbəttə, müxtəlif rəylər olması mümkündür. "Niyə bir il hakimiyyətdə olanlar hələ də tənqid hədəfi olurlar" sualı da haqlı görünə bilər. Amma səbəbi uzaqda axtarmaq lazım deyil. Çünki bu "bir il hakimiyyətdə olanlar" yenə hakimiyyətə gəlmək istəyir, iqtidarın addımlarını təftiş və tənqid edirlər, "mənəm-mənəm" deyirlər. Yəni bu o adamlardır ki, vaxtilə millətin bunlara verdiyi hakimiyyəti əldən verib, ölkəni uçurum astasına gətiriblər, sonra Heydər Əliyevi israrla Bakıya çağırıblar, daha sonra ya ölkədən qaçıblar, ya həbsdə yatıblar, ya da heç nə olmamış kimi yaşamağa davam ediblər.

Prezidentin Sumqayıtdakı çıxışının ritorikası sərt idi. Amma prezidentin bu adamlar haqda mövqeyi hər zaman sərt olub, heç vaxt da dəyişməyib. Bəli, bunca zaman sonra da bu sərt mövqenin qalması qəribə də görünə bilər. Bunların niyə bu auditoriyada və indi deyilməsinin bizim bilmədiyimiz bəzi səbəbləri də ola bilər. Sumqayıt ölkənin üçüncü ən böyük şəhəridir, paytaxt Bakıya ən yaxın məsafədə yerləşir. Sumqayıt həm də sənaye şəhəri (işçi sinfinin çoxluq təşkil etdiyi) statusunu saxlayır, üstəlik həmişə də elektorat baxımından fəallığı ilə seçilib.

Nəzərə almaq lazımdır ki, prezident Əliyev əsasən, sosial şəbəkədə "boy göstərən" müxalifət liderləri haqda bizim heç vaxt bilə bilmədiyimiz dəqiq məlumatlar alır. Bu müxalifətin "qabında" nə olduğunu biz də yaxşı bilirik. Dəyişilməyən bu adamların yalnız bir-iki nəfəri istisna olmaqla nə real gücdürlər, nə də milli qüvvə. Bəzilərinin varlığı belə Azərbaycana ziyanlıdır. İllərdir qapalı dairədə qalıblar, nə özləri dəyişib, nə siyasətə baxışları. Bəziləri bunları milli qüvvələr hesab edir, onların hədəfə alınmasını hakimiyyətin özü üçün uğurlu taktika hesab etmirlər. Ölkədə siyasi qüvvələr arasında münasibətlərin sivil çərçivədə olmasının vacibliyini vurğulayırlar. Bu məsələdə iqtidarın üzərinə daha çox məsuliyyət düşdüyü aydındır. Amma bu müxalifət dediklərimiz guya iqtidara doğru nə addım atıb? Əksinə, hakimiyyətin ən təqdirəlayiq qərarlarını belə, bir cümləlik bəyanatla dəstəkləməyiblər. "Bizim mitinqlərdən çəkindilər" deyib, özlərinə xal qazanmağa, bütün müsbət tendensiyaları tormozlamağa çalışıblar. Bu müxalifətin milli qüvvələr olmasını təmin edən azərbaycandilli auditoriyaya xitab etmələri və yaxud milli-mənəvi dəyərlərə üstünlük vermələridirsə, bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bunlar olsa-olsa, Azərbaycanın futbol üzrə milli komandasıdır. Hansı ki onlara da milli deyirlər, milli olan isə ancaq bayrağımızdır.

Milli qüvvələrin lideri hesab olunan Elçibəyin mirasını-AXCP-ni bunlar parça-parça edib sahiblənmədilərmi? 2013-də ən milli hesab etdiklərimiz gedib Rusiyanın pasportunu cibində daşıyan Rüstəm İbrahimbəyova dəstək vermədilərmi? Əli İnsanov kimi bir qisasçı ilə masa qurmaqdırmı milli qüvvə olmaq? Bunlar necə millidirlər ki, ölkənin adamlarını burdan qaçırıblar, mühacir alveri kimi bir biabırçılığa imza qoyublar. Necə milli qüvvədirlər ki, bu milləti təslimçilikdə suçlayırlar, ayağına getməyə-getməyə onların təpəsinə çıxmaq istəyirlər. Hələ onu demirəm ki, öz övladlarını xarici ölkələrdə yerləşdirib burda yetim-yesirin uşaqlarını aksiyalara çıxarıb əziyyətə salırlar. Aralarında nifaq düşəndə bütün dəyərləri ayaq altına atırlar. Heç biri işləmir, ay kişilər. Bizə dövlətin verdiyi bir evə görə jurnalistlərə müftəxor kimi baxırlar, amma bir həftə işləməsək, borca girərik. Bu adamlar illərdir maaş cədvəlinə qol çəkmirlər axı… Amma maşallah, keyfləri yerində. Rusiya müxalifətinin liderləri heç olmasa, xarici jurnal-qəzetlərə məqalə yazırlar, nə bilim, xarici fondlarda ayda bir dəfə mühazirə oxuyurlar. Bunları isə daha xaricdə də ciddiyə almırlar. Bizim müxalifətin bəziləri hələ də "cırtdan və divin nağılı" zamanında qalıblar. Biri vardı, biri yoxdu…

Yeri gəldi, biri vardı, müxalifət lideri olmağa iddialı idi, həbsdə də çoxlu kitab oxumuşdu deyirdi. Nə oldu? Çıxdı, çırtıqla oxuyan Üzeyirə qoşulub "oxudu".
Bu millətin potensialı indiki müxalifətdən çox-çox səviyyəli liderlər yetişdirmək gücündədir. Amma yanına gələn gəncləri də kindar, cindar edə bilirlər, özlərinə oxşadırlar. Ona görə ildən-ilə elektoratları əriyir. İllər öncə kimlər gəlmirdi bu düşərgəyə? İndi hamı yan qaçır, müxalifətçiliyini sosial şəbəkədə edir, həm də bu müxalifətə şəbədə qoşa-qoşa…
Bunların çəkilməsi lazım. Həm də birdəfəlik. Əməkdar olmalı, gedib kitab-xatirə yazmaları lazım… Bəlkə gələcəkdə kimsə oxudu.

Nazim SABİROĞLU,

Musavat.com