- Siyasi müzakirə
- 21:26
- 1 058
"Atəşkəs müvəqqəti fasilədir, davamlılığı sual altındadır" – Əli Mustafayev
"Hazırda imzalanmış atəşkəsin nə dərəcədə etibarlı olduğu hələ də qeyri-müəyyən olaraq qalır. Görünən odur ki, tərəflər arasında vasitəçilər üzərindən müəyyən razılıq əldə edilib. Rəsmi açıqlamalarda atəşkəsin müvəqqəti xarakter daşıdığı, 12 gün və ya iki həftəlik müddəti əhatə etdiyi bildirilir. Lakin əvvəlki təcrübə göstərir ki, İsrail və İran arasında əldə olunan razılaşmalardan sonra belə atışmaların davam etdiyi hallar olub. Bu baxımdan, hazırkı atəşkəsin davamlı olub-olmayacağı açıq sual olaraq qalır. Digər mühüm məsələ isə atəşkəs müddəti başa çatdıqdan sonra baş verəcək proseslərdir. Atəşkəs uzadılacaqmı, tərəflər danışıqlara üstünlük verəcəklərmi, yoxsa hərbi əməliyyatlar yenidən başlayacaq – bunu indidən dəqiq proqnozlaşdırmaq çətindir. Çünki vəziyyət birbaşa olaraq tərəflərin siyasi iradəsindən və mövcud şərtlərdən asılıdır. Aydındır ki, 38 gün davam edən müharibə hər iki tərəfə ciddi zərər vurub. Resurslar həm qarşılıqlı zərbələr nəticəsində tükənib, həm də intensiv istifadə səbəbilə azalıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda atəşkəs təşəbbüsünə tərəflərin yanaşması və bu addımın real təsirləri analitik müstəvidə geniş müzakirə olunur. Xüsusilə diplomatik bəyanatların məzmunu atəşkəsin mahiyyəti və məqsədləri ilə bağlı müxtəlif interpretasiyalara yol açır. Birləşmiş Millətlər Təşkilatında İranın daimi nümayəndəsi Əmir Səid İrəvani çıxışında ABŞ-nin atəşkəsə marağını daha çox taktiki zərurətlə əlaqələndirib. Onun fikrincə, bu fasilə Vaşinqtona qüvvələrini yenidən qruplaşdırmaq və növbəti mərhələyə hazırlıq imkanı verir. Diplomat BMT Təhlükəsizlik Şurasındakı çıxışında vurğulayıb ki, mövcud şəraitdə atəşkəs daha çox operativ pauza xarakteri daşıyır və bu, davam edən qarşıdurmanın dayandırılmasından çox, onun növbəti mərhələsinə keçid üçün zəmin yaradır.
Siyasi şərhçi bildirib ki, bu baxımdan tərəflərin hərbi və iqtisadi potensiallarını bərpa etməsi, yenidən toparlanması üçün müəyyən fasiləyə ehtiyac var.
"Eyni zamanda, atəşkəsin uzadılması və danışıqların başlanması ehtimalı da istisna edilmir. Lakin burada əsas maneə tərəflərin sərt və kompromissiz mövqeləridir. Həm ABŞ, həm də İran tərəfindən irəli sürülən şərtlər kifayət qədər kəskindir və bu şərtlər əsasında ortaq məxrəcə gəlmək asan görünmür. Buna baxmayaraq, hər hansı razılaşmanın əldə olunması üçün qarşılıqlı güzəştlər qaçılmazdır. Siyasi fiqurların mövqeləri də prosesə təsir göstərir. ABŞ-da Donald Trampın komandasında fərqli yanaşmalar mövcuddur. İranda isə parlament sədri Məhəmməd Baqir Qalibaf kimi, SEPAH-la əlaqələri olan və siyasi təcrübəyə malik şəxslər qərarların formalaşmasında mühüm rol oynayır. Bu amillər danışıqların xarakterinə birbaşa təsir edə bilər. Regional güclər Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı münaqişənin genişlənməsində maraqlı deyil və bölgənin daha böyük qarşıdurmaya sürüklənməsinin qarşısını almağa çalışırlar. Bununla yanaşı, müharibənin davamında maraqlı olan qüvvələrin də mövcudluğu istisna deyil. Hansı tərəfin təsir imkanlarının üstün olacağı isə növbəti mərhələnin taleyini müəyyən edəcək. BMT müstəvisində də məsələ müzakirə olunsa da, hələlik konkret nəticə əldə olunmayıb. İran-İsrail-ABŞ qarşıdurması, o cümlədən Hörmüz boğazı kimi strateji məsələlər gündəmdə olsa da, tərəflər arasında ortaq qərar qəbul etmək mümkün olmayıb. Ümumilikdə, münaqişənin dayanması və atəşkəsin əldə olunması müsbət hal kimi qiymətləndirilir. Əgər bu proses uzunmüddətli xarakter alarsa, regionda sabitliyin bərpası baxımından ən optimal ssenari hesab oluna bilər. Bununla yanaşı, atəşkəsin tərəflərə yenidən güc toplamaq üçün fasilə verməsi və gələcəkdə müharibənin yenidən alovlanması ehtimalı da nəzərdən qaçırılmamalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az