"Tehran və Vaşinqton kompromisə getməyə məcburdur" – Kənan Novruzov

"Ümumiyyətlə, diplomatiyada və siyasətdə hər şey qarşılıqlıdır. Səmimiyyət diplomatiyanın qızıl qaydasıdır. Əgər tərəf səmimi deyil, obyektiv deyil və diktə dili ilə danışırsa, məhdud imkanlar daxilində nəticə əldə etmək çətin olur. Əgər ABŞ İran neftinə iddialıdırsa və bildiyiniz kimi bu məsələ ABŞ üçün birbaşa strateji prioritet sayılmır, deməli müəyyən güzəştlər də etməlidir. Bu güzəştlər nədən ibarət ola bilər? Məsələn, İranın nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi məsələsinə müəyyən mənada göz yumulması və ya İran hakimiyyətinin daha uzun müddət mövcudluğuna razılıq verilməsi kimi addımlar ola bilər. Lakin görünən odur ki, ABŞ əvvəlki mərhələdə istədiyinə nail ola bilmədi, yəni rejimi dəyişmək planı baş tutmadı. ABŞ İranla bağlı Venesuela ssenarisini təkrarlaya bilmədi və bu mənada “daş qayaya rast gəldi”. Digər tərəfdən, Donald Trampın “qızıl dövr” ifadəsi İranın yeni ali lideri Müctəba Xamenei ilə mümkün və ehtimal olunan razılaşmalara işarə kimi də qiymətləndirilə bilər. Rejim dəyişməsə də rəhbərlikdə dəyişiklik baş verib, ata gedib, oğul gəlib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla sülhün əldə olunacağı təqdirdə bu ölkədə genişmiqyaslı yenidənqurma prosesinin həyata keçirilə biləcəyini, bunun böyük iqtisadi imkanlar yaradacağını və müxtəlif müsbət inkişaflara yol aça biləcəyini bildirib. O, ABŞ-nin proseslərin düzgün istiqamətdə getdiyinə əmin olmaq üçün bölgədəki vəziyyəti yaxından izləyəcəyini də vurğulayıb. Tramp qarşıdakı dövrü Yaxın Şərq üçün “qızıl dövr” kimi xarakterizə edib. Bəzi analitiklərin qənaətinə görə, bu açıqlama ABŞ-nin İran neftinin ixracından iqtisadi fayda əldə etmək niyyətini ortaya qoya bilər. Eyni zamanda, Vaşinqtonun regionda Çin və Rusiyanın Tehrana təsir imkanlarını məhdudlaşdırmağa çalışdığı da ehtimal edilir.

Siyasi şərhçinin fikrincə, bu baxımdan Müctəba Xameneinin daha praqmatik yanaşma sərgiləməsi, müəyyən konstruktiv addımlar atması və razılaşmalara açıq olması ehtimalı istisna edilmir.

"Əgər Tramp bu məqamı nəzərdə tutubsa, deməli müəyyən razılaşmalar üçün zəmin yarana bilər. Hər halda proseslərin gedişini zaman göstərəcək. İndiki mərhələdə həm Tehran, həm Vaşinqton daha soyuqqanlı, məntiqli və konstruktiv davranmalıdır. Eyni zamanda burada üçüncü tərəflərin, o cümlədən İsrailin, Rusiyanın və hətta Çinin mümkün təxribat cəhdləri də nəzərə alınmalıdır. Bu cür təxribatlara yol verilməməlidir. Əgər ABŞ və İran arasında əldə olunmuş atəşkəs pozular və müharibə yenidən alovlanarsa, bu, daha kəskin və genişmiqyaslı bir mərhələyə keçə bilər və bunun ağır nəticələrini bütün dünya hiss edər. Nə ABŞ Rusiya deyil, nə də İran Ukrayna. Bu səbəbdən qarşıdurmanın nəticələri daha ciddi ola bilər. Ümid etmək qalır ki, proseslər bu istiqamətdə inkişaf etməyəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az