"İran müharibədən qalib çıxmayıb" – Azər Həsrət

"Azərbaycanda bəzi kəsimlər artıq gecədən etibarən manipulyasiyaya başlayıblar. İddia edirlər ki, İran müharibədən qalib çıxıb və s. Halbuki, İran müharibədən qalib çıxmayıb, müharibə ümumiyyətlə bitməyib.Sadəcə olaraq iki həftəlik atəşkəs razılaşması mövcuddur. Bundan sonra həftənin beşinci günü Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında görüşün keçirilməsi gözlənilir. Bu istiqamətdə müəyyən razılıq əldə olunub. Həmin görüşdə də, təbii ki, müəyyən razılaşmaların əldə olunması istisna edilmir. Lakin hazırkı vəziyyət göstərir ki, İran növbəti mərhələdə ABŞ-a ciddi müqavimət göstərə biləcək vəziyyətdə deyil. Resursların tükənməsi, əhali arasında yaranmış qorxu və narahatlıq da bunu təsdiqləyir. Dövlət idarəetmə sistemi ciddi şəkildə zəifləyib, ali dini rəhbərlik isə faktiki olaraq ciddi təzyiq altındadır və küncə sıxışdırılıb. Belə bir şəraitdə İranın “qalib gəlib” kimi təqdim olunması doğru deyil. Əksinə, mövcud iki həftəlik atəşkəs İran üçün bir fürsət kimi qiymətləndirilə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin son həddə çatdığı bir mərhələdə ABŞ-nin təşəbbüsü ilə irəli sürülən iki həftəlik hərbi fasilə regionda müvəqqəti sabitlik yaradıb. İsrailin müəyyən şərtlər çərçivəsində bu təşəbbüsə razılıq verməsi, İranın isə qarşılıqlı addımlar atmağa hazır olduğunu bildirməsi tərəflər arasında diplomatik kanalların yenidən aktivləşməsi ehtimalını gücləndirib. Beynəlxalq ictimaiyyət bu qısa fasiləni yalnız taktiki sakitlik dövrü kimi deyil, həm də daha geniş və uzunmüddətli razılaşmalara aparan mümkün prosesin başlanğıcı kimi qiymətləndirərək diqqətlə izləyir.

Siyasi şərhçi qeyd edib ki, bu müddət ərzində İran vəziyyəti yenidən dəyərləndirərək ABŞ-la danışıqlar masasına otura və müəyyən razılaşmalar əldə edə bilər.

"Hazırkı mərhələdə müharibə perspektivi İran üçün xeyli zəifləyib və hərbi yolla məqsədlərinə çatması real görünmür. Ümumiyyətlə, İran öz strateji hədəflərinə bu formada nail ola bilməyəcək. Prosesi daha çox ABŞ yönləndirir. İran isə daha rasional davranaraq minimum itkilərlə prosesi yekunlaşdırmağa çalışa bilər. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın bir neçə saat əvvəl səsləndirdiyi açıqlamalarda İran rəhbərliyi ilə rejim dəyişikliyi istiqamətində işləyəcəkləri barədə mövqe yenidən vurğulanıb. Bu isə onun əvvəlki mövqeyindən geri çəkilmədiyini göstərir. O həmçinin Hörmüz boğazının normal fəaliyyətinin təmin olunması ilə bağlı əməkdaşlığa hazır olduqlarını da bildirib. Hörmüz boğazının fəaliyyəti məsələsi də yenə ABŞ-la əlaqələndirilir. Ona görə də hesab olunur ki, İran növbəti mərhələdə daha ehtiyatlı davranmalı, vəziyyəti düzgün qiymətləndirməli və əlavə eskalasiya risklərindən qaçaraq prosesi mümkün qədər siyasi müstəvidə yekunlaşdırmalıdır. Uranın zənginləşdirilməsi məsələsinə dair də Donald Tramp açıq şəkildə bildirib ki, yeraltı obyektlərdə yerləşən bütün materiallar ABŞ tərəfinə təhvil verilməlidir. Bu tələb yerinə yetirilməzsə, bölgədə yerləşən strateji bombardmançılar vasitəsilə güc tətbiqi ehtimalı da gündəmdə saxlanılır".

Rəfiqə Namazəliyeva,

AzNews.az