Musavat.com: Ermənistanda seçkilər Paşinyana və bölgəyə hansı gələcək vəd edir?

Qarabağı klanının ikinci liderinin “hələ oyunda varam” mesajı

Ermənistanda parlament seçkilərinə iki aydan az vaxt qalıb. 44 günlük müharibədə aldığı ağır məğlubiyyətə, ölkənin düşdüyü böhranlı sosial-iqtisadi situasiyaya rəğmən, baş nazir Nikol Paşinyanın iqtidarı seçkilərə ən hazırlıqlı tərəf kimi görünür. Təbii, burada hakimiyyətdə olmağın yaratdığı inzibati üstünlükləri də gözdən qaçırmaq olmaz.

Paşinyan seçki gəzintilərinə rəqiblərindən daha erkən başlayıb. Müxalifət isə görünür normal seçki prosesinə qoşulmaq yerinə, daha çox onu sabotaj xəttini götürüb. Baş nazirin Sünik bölgəsində, Mehri və Kacaran şəhərlərində bir qrup şəxs tərəfindən aqressiv formada etiraza məruz qalması bunun təzahürüdür. Bu olayların məqsədli şəkildə təşkil olunmadığına Ermənistanda ən sadəlövhlər də inanmır.

ABŞ hərəkətə keçdi –

Linn Treysi

Deyəsən ABŞ-ın bu ölkədəki səfiri Linn Treysinin də dünən Sünik vilayətinə gedərək qubernator Melikset Poqosyanla birlikdə Mehri şəhərinin meri Mxitar Zakaryan, Gorus meri Aruş Aruşanyan və Sisian meri Artur Sərkisyanla görüşməsi təsadüf olmayıb. Səfir müharibədən və pandemiyadan sonra bölgənin böyük ziyan çəkdiyini söyləyib və buraya Birləşmiş Ştatlar tərəfindən hər cür humanitar yardımın göstəriləcəyini vəd edib. ABŞ kimi qlobal gücün Ermənistandakı əsas təmsilçisinin baş nazirlə birlikdə seçki kampaniyasına qoşulması əslində rəsmi Vaşinqtonun prosesdə nə dərəcədə maraqlı olduğunu göstərir.

Müxalifətə gəlincə, Musavat.com xatırladır ki, onun önəmli qismi savaşdan sonra “Vətəni xilas naminə hərəkat” adı altında formal olaraq birləşib. Hərəkatın baş nazirliyə vahid namizədi də var. Bu - Ermənistanın keçmiş baş naziri, 75 yaşlı Vazgen Manukyandır. Vazgen Manukyan daha çox Nikol Paşinyanın zorla hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə aralıq bir lider olaraq düşünüldüyü üçün siyasi arenada müəyyən statusa malik olub. Onun qarşıdan gələn seçkilərə olan ikrah münasibəti də bundan xəbər verir. Demək olar, hər mitinqdə o, yalnız hakimiyyətin zorla dəyişdiriməsindən danışır. Bu gün onun jurnalistlərə verdiyi müsahibədəki cümlələrə diqqət edək: “Mən belə bir adamın (Paşinyanın – red.) Ermənistanda lider olacağını düşünməzdim. Bu cür rəhbər bizdə min illər boyu olmayıb. Satqını seçkilər dəyişdirmir, onu zorla, güclə devirirlər”.

Müxalifətin ən önəmli dayağı şübhəsiz ki, 2018-ci ilə qədər iqtidarda olmuş xunta rejimi və onun liderləridir. Lakin burada da mənzərənin aydın olduğunu söyləmək çətindir. Son proseslər onu göstərir ki, Nikol Paşinyan Serj Sərkisyan və Robert Köçəryan arasında yaşanan çatı dərinləşdirməyi bacarıb.

Xatırlayaq ki, hakimiyyətə gəldikdən sonra Paşinyan hökuməti öncə Robert Köçəryanı həbs etdirmiş və onu uzun müddət boyunca dəmir barmaqlıqlar arxasında saxlamışdı. Lakin bu ilin aprel ayının 6-da Köçəryan və keçmiş Qarabağ xuntasının bir sıra öndə gələn isimləri ilə bağlı cinayət təqibinə son verilib. Əvəzində isə Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan Kasasiya məhkəməsinin qərarı ilə həbs edilib. Qardaşoğlu Ermənistanın dövlət sirrini yaymaqda suçlanır.

Elə erməni analitiklər də bütün bunların Köçəryanın azad olunması fonunda baş verməsini maraqla qarşılayıblar. Belə çıxır ki, 2-ci və 3-cü prezidentlər yer dəyişdirib. Indi “qurban” rolunda Köçəryan deyil, Sərkisyan çıxış edir.

Ekspertlər son dövrlərdə köhnə sistem daxilində “ali baş komandan”ın, başqa sözlə “sistem administratoru”nun kim olacağı ilə bağlı mübarizənin qızışdığını söyləyirlər. Əslində burada Nikol Paşinyan üçün itiriləcək bir şey yoxdur. Əvvəlki rejimin qalıqları və tərəfdarları “inqilabi hökumət” tərəfindən kimin daha çox incidildiyinə baxırlar. Belə olan halda ortaya bir “qurban” deyil, iki “qurban” çıxmış olur ki, bu da müxalifət düşərgəsində olan parçalanmanı sürətləndirir. Erməni ekspert Akop Badalyanın söylədiyi kimi, indi keçmiş sistemin ünsürləri ya Serj Sərkisyanla səngərdə qalmalı, ya da Robert Köçəryanla birlikdə “səngərdən çıxıb” mübarizə aparmalıdır.
Sərkisyan isə “oyundankənar fiqur” olaraq görünmək istəyindən uzadır. Ermənistan mətbuatı onun bu ilin aprel ayının 12-də Rusiya səfiri Sergey Kopirkinlə görüşməsi faktına diqqət yönəldiblər. Görüş barədə məlumat Ermənistan Respublika Partiyasının mətbuat katibi Armen Aşotyan tərəfindən yayılıb. Xəbərdə keçmiş prezidentin rus diplomatı ilə söhbətində daxili siyasi məsələləri də müzakirə etdiyi göstərilib. Sərkisyan cəbhəsi onun bu görüşə partiya lideri olaraq qatılması faktını çox qabardır. Bütün bunlar Qarabağı klanının ikinci liderinin “hələ oyunda varam” mesajı verdiyini göstərir.

Armen Aşotyan Nikol Paşinyanı "qorxaq" adlandırdı

Armen Aşotyan

Elə həmin gün Armen Aşotyanın facebook səhifəsində yazıdğı cümlələr də diqqətçəkicidir: “Hakimiyyət Serj Sərkisyan və Robert Köçəryan arasındakı əməkdaşlığı pozmaq istəyir. Bəzən o, buna nail olur...”. “Şəxsən mənim üçün seçkilər yalançı bir gündəm kəsb edir. Çünki seçki hazırkı böhranı həll etməyəcək. Nikol Paşinyan yenə də oyunu dəyişdirməyə müvəffəq olub. Hazırda oyunun qaydalarını diktə edən də odur və təəssüf ki, müxalifət buna qarşı heç bir şey edə bilmir”. “ERP-siz (Respublikaçılar Partiyası – red.) Ermənistanın siyasi gələcəyi ilə bağlı heç bir qərar qəbul oluna bilməz”.

Əgər proses bu istiqamətdə davam edərsə, yəni həqiqi seçki prosesi öz axarı ilə getsə, sabotajlar nəzarət altına alına bilinsə, Nikol Paşinyanın hərbi çevriliş prosesindən qalib çıxdığı kimi, seçkini də ən azından rəqiblərindən xeyli öndə qazanacağını düşünmək olar. Çünki Ermənistanda əhalinin Qarabağ klanına nifrəti azalmayıb.

Hər bir halda əvvəlki rejimin qalıqları bu prosesdə müəyyən güc və parlamentdə yer qazanacaqlar. Buna rəğmən koalisiya hökuməti olsa belə, Nikol Paşinyanın manevr imkanları bitməyəcək.

Keçmiş Qarabağ klanı daxilində gedən bu parçalanma Azərbaycan üçün də önəm kəsb edir. Xatırladaq ki, cəmi 1 il əvvəl biz “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi”ndən danışırdıq. Çünki “Dağlıq Qarabağ” termini təkcə bölgəni deyil, həm də Ermənistanda güc sahibi olan, 20 il fasiləsiz hakimiyyətə qalan bir xuntanı ehtiva edirdi. Savaşdan sonra Qarabağın hüquqi mənsubiyyəti məsələsi artıq beynəlxalq aləmdə kimsədə şübhə oyatmır. İndi ortada revanşist, aqressiv klan qalıb. Bu klanın yenidən hakimiyyətə gəlməsi bölgədə dövlətlər arasında normal münasibətlərin qurulmasına əngəl törədə bilər. Hər bir halda Azərbaycan bütün ehtimalları göz önünə alaraq ən diqqətli bir şəkildə prosesi izləməli və müvafiq addımlar atmalıdır...

Musavat.com