Türkiyəli təhlilçidən Ankaradakı terrorla bağlı - Açıqlama

“Türkiyə terror təşkilatı kimi gördüyü Suriyanın şimalındakı PYD ilə bağlı Qərb ölkələrinə çox sərt mesajlar verdi. Prezident Ərdoğan bugünkü çıxışında ABŞ-a və PYD-ni dəstəkləyən digər ölkələrə sərt mesajlar verəndən bir neçə saat sonra terror aksiyası baş verdi. Baş nazir Davutoğlu da PYD ilə əməkdaşlıq edən ölkələrə eyni dərəcədə sərt mesajlar vermişdi”.


AzNews.az xəbər verir ki, bunu bu gün axşam Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aksiyasından sonra APA-ya açıqlama verən terror və təhlükəsizlik məsələləri üzrə təhlilçi Məhmət Fərəc deyib.

M. Fərəc bildirib ki, Milli Kəşfiyyat Təşkilatı 14 PYD terrorçusunun sərhəddən Türkiyəyə girməsi barədə Baş Qərargaha xəbərdarlıq edib: "İşin bir də bu tərəfi var. Türkiyənin PYD-ni top atəşinə tutmasına cavab olaraq da Ankaradakı terror aksiyasının həyata keçirildiyini düşünmək olar. Yəni hazırda hər şey PYD-yə işarə etsə də, dəqiq nəsə demək tezdir".

Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Qərargahından verilən açıqlamada fevralın 17-də saat 18.32-də Ankaranın Çankaya rayonunun İnönü bulvarındakı qovşağın işıqforunda Baş Qərargahın əməkdaşlarını aparan avtobusa terror hücumu olduğu bildirilib. Ankara Valiliyindən verilən son açıqlamada terror aksiyasında 18 nəfərin həyatını itirdiyi, 45 nəfərin isə yaralandığı bildirilib.