Davudoğlu jurnalistlərlə vidalaşdı - FOTO

Türkiyənin istefa verən baş naziri Əhməd Davudoğlu hökumətə rəhbərlik etdiyi müddətdə onu izləyən mətbuat nümayəndələri ilə görüşüb.


Görüş Türkiyə Nazirlər Kabinetinin mətbuat mərkəzində baş tutub.

Jurnalistlərlə görüşdə Davudoğlunun həyat yoldaşı Sare Davudoğlu da iştirak edib. Əhməd Davudoğlu jurnalistlərlə vidalaşıb.

Əhməd Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib.

Əhməd Davudoğlu mayın 5-də istefa verdiyini açıqlayıb. O, 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını bildirib. Baş nazirin belə bir qərar verməsinə səbəb isə onun dövlət başçısı ilə arasında yaranmış anlaşılmazlıq olduğu deyilir. 20 aylıq baş nazir vəzifəsini icra edən Əhməd Davudoğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bir neçə dəfə fikir ayrılıqları olsa da onlar bunu çox vaxt büruzə verməməyə çalışıblar.

Ötən gün isə Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurasının baş nazir vəzifəsinə namizədlərlə bağlı keçirdiyi toplantısının nəticələri elan edilib. İclasdan sonra B.Yıldırımın AKP-nin sədrliyi postuna namizəd olduğu açıqlanıb.

O, bu posta namizəd olmaqdan böyük qürur hissi keçirdiyini deyib. "Hörmətli sədrimiz, baş nazirimiz Əhməd Davudoğluna bu günə qədər göstərdiyi xidmətlərinə görə təşəkkür edirəm".






Anspress.com