- Köhnə - Region
- 23 May 2016 17:30
- 10 543
Sarkisyandan daha bir general haqda fərman - Ordudan təxris olundu
Ermənistan prezidenti Serj Sarkisyan ordu sıralarından daha bir rəisin işdən çıxarılması barədə fərman imzalayıb.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfəki fərmanla silahlı qüvvələrin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan vəzifəsindən azad olunub.
Xatırladaq ki, apreldəki 4 günlük müharibədən sonra bir sıra yüksək çinli məmurlar Ermənistanın ordu sıralarından çıxarılıb. Ermənistan Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan, rabitə və avtomatik idarəetmə sistemlərinin rəisi Komitas Muradyan vəzifədən azad edilən generallar arasındadırlar.
İşdən çıxarılmaların səbəbləri barədə rəsmi məlumat verilməyib. Lakin Ermənistan Milli Məclisinin müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyasının sədri Koryun Naqapetyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyində və Baş qərargahda işdən çıxarılmalar davam etdirilə bilər.
Onun sözlərinə görə, vəziyyətin dərin təhlili aparılıb və bunun əsasında Sarkisyan müvafiq qərar qəbul edib. Naqapetyan bildirib ki, Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin Baş qərargahında araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq digər vəzifəli şəxslər də məsuliyyətə cəlb edilə bilərlər.
Aydan AXUNDOVA